AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
18 may 1992-ci il. Həmin tarixdəki Sədərək hadisələrindən 33 il keçir. Lakin tarix olduğu kimi qalır, unudulmur...
Ölkənin başını qara buludlar alanda ilk zərbə görən bölgələrdən biri Ermənistanla sərhəddə yerləşən Sədərək oldu. Hələ qanlı Yanvar hadisələrindən iki gün əvvəl 1990-cı il yanvarın 18-i Sədərəyə hücum edən düşmən mühüm strateji əhəmiyyətə malik olan Kərki kəndini işğala məruz qoyur. Naxçıvana giriş qapısı kimi Sədərək mühüm əhəmiyyət daşıyırdı və hədəfdə bütövlüklə Sədərək səddini yarmaq, Naxçıvanı işğal etmək idi. Beləcə, Sədərək ağır sınaqla üz-üzə qalır. Düşmən Sədərəyi ağır artilleriya atəşinə tutmağa başlayır. Eşidilən atəş səsləri sədərəkliləri səfərbər edir. Naxçıvanın müxtəlif bölgələrindən - Şərurdan, Ordubaddan, Culfadan, Babəkdən, Naxçıvan şəhərindən gələnlər sinələrini düşmənin önündə sipər edirlər. Yanvarın 19-da Sədərək ilk şəhidlərini verir: Məhərrəm Seyidov, Mirhəşim Seyidov, Məmməd Məmmədov, Etibar Əhmədov, İdris Məmmədov, Abbasəli Nəzərəliyev, balaca Malik və Elvin qardaşları.
Düşmənin məkrli planı, güclü texnika ilə qəfil hücumu və bu qəfil hücuma hazırlıqlı olmayan sədərəklilər. Sədərək Naxçıvanın müdafiə qalasına çevrilir. 1990-cı il iyulun 22-də Naxçıvana gələn Ulu Öndər Heydər Əliyev iyulun 28-də Sədərək kəndinə gəlir. Sədərəkdə baş verən hadisələrdən, azğın ermənilərin Sədərək üzərinə hücumlarından danışaraq oranın əhalisini daha dözümlü, daha əzmkar olmağa, düşmən qarşısında daha mətanətlə dayanmağa səsləyir.
Bu yurd yeri 1990-93-cü illərdə 14 dəfə ermənilərin güclü hücumuna məruz qalıb. Sədərəyə 300-ə yaxın top mərmisi atılıb, 500-ə yaxın ev, məktəb, ictimai-inzibati binalar, sosial obyektlər dağıdılıb.
Sədərəkdə qanlı döyüşlər 1992-ci ilin mayına təsadüf edir. 18 may tarixində strateji baxımdan mühüm coğrafi mövqedə yerləşən Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. Ermənilərin digər planına əsasən həmin gün Sədərək səddi də yarılmalı idi. Digər tərəfdən məqsəd Naxçıvanı Türkiyə ilə birləşdirəcək strateji məntəqəni nəzarətə götürmək idi.
Erməni təcavüzkarları bütün qüvvələrini cəmləşdirib üç istiqamətdən - Əjdəkan dağı, Beşbarmaq-Ucubiz və Mil dağı-Qaraburun istiqamətlərindən hücuma keçir. Düşmənin ağır hücum əməliyyatları nəticəsində Sədərək 32 şəhid verir. Yaralıların sayı isə bundan da çox. Mildə şəhid olanlardan bir neçəsinin cəsədini götürmək mümkün olmur. Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində 10 gün sonra şəhidlərimiz döyüşdükləri səngərdən götürülərək torpağa tapşırılır. Dahi lider Heydər Əliyev həmin ağır günlərdə Sədərəyin müdafiəsində yaralananların taleyinə bir an belə biganə qalmır, onların müalicəsi ilə maraqlanır, ağır yaralıların qardaş Türkiyənin müxtəlif şəhər xəstəxanalarına göndərilməsi üçün ciddi tapşırıqlar verir. Beləliklə, öz yurdunda mərd-mərdanə dayanan sədərəklilərin və onların köməyinə yetən Vətən oğullarının şücaəti sayəsində düşmənin Sədərək planı yerlə-yeksan olur. Bununla belə baş verən hadisələri, düşmənin riyakar hücumunu dünyaya çatdırmaq üçün müvafiq tədbirlər həyata keçirilir.
O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Ulu Öndər Heydər Əliyevin ciddi siyasi və diplomatik fəaliyyəti nəticəsində vəziyyət stabilləşdirildi, erməni təcavüzünə qarşı ciddi diplomatik savaş açıldı, dünya mediasının diqqətini Naxçıvana yönəltməklə, bölgəmizə qarşı məkrli planların qarşısı alındı. Bir çox dövlət və beynəlxalq təşkilatlar Naxçıvana hücumları pislədi. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin çağırışı ilə Almaniyanın "ARD" kanalı Naxçıvana gələrək, döyüşləri və real vəziyyəti işıqlandıran videoreportaj hazırladı. 1992-ci il mayın 28-i tarixə əlamətdar hadisə kimi düşür. Türkiyənin baş naziri Süleyman Dəmirəlin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin iştirakı ilə Naxçıvanı Türkiyə ilə birləşdirən "Ümid" körpüsü açılır. Beləcə, ermənilərin Naxçıvanı işğal ümidləri puça çıxır.
1993-cü ilə qədər davam edən döyüşlərdə naxçıvanlılar Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək Sədərəyi mərdliklə qorumağa müvəffəq olurlar. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən.
Artıq o hadisələrin üzərindən illər keçib. 44 günlük Vətən müharibəsi ermənilərin nəinki Naxçıvan, ümumən Qarabağ xəyallarının üstündən birdəfəlik xətt çəkib. Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Bu gün dünyada öz siyasi çəkisi, söz sahibi olan ölkəmizin daha da parlaq gələcəyi üçün mühüm layihələr gerçəkləşdirilir. Məcburi köçkünlər öz yurduna, yuvasına qayıdır. Qarabağ, Şərqi Zəngəzur nəhəng tikinti meydançasına çevrilib.
Baş verən hadisələr, qanlı faciələr artıq tarixə qovuşub. Lakin biz o tarixi heç vaxt unutmuruq. Zəfər yolunda cığır açan şəhidlərimiz isə hər zaman ehtiramla anılacaq.
Ruhiyyə RƏSULOVA
"Şərq qapısı" qəzetinin
məsul katib