Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2025 13:13

“Kürəkçay” müqaviləsinin ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirildi

Azərbaycan Hərb Tarixi Muzeyində “Kürəkçay” müqaviləsinin 220-ci ildönümünə həsr olunmuş "Kürəkçay” müqaviləsi erməni əsassızlığının iddialarının sübutu kimi" adlı “dəyirmi masa” keçirildi.
Tədbirdə Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsinin hərbi qulluqçuları, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun alimləri, İnşaat və Memarlıq Kollecinin tələbələri və digər qonaqlar iştirak etdilər.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra muzeyin rəisi ehtiyatda olan polkovnik Elşad Pənahov açılış nitqi söyləyərək, 1805-ci il mayın 14-də general Sisianov və İbrahimxəlil xanın Gəncə yaxınlığındakı Kürəkçayın sahilində imzaladığı “Kürəkçay” müqaviləsinin XIX əsr Azərbaycan tarixində yeri və əhəmiyyəti, mövcud tərəfləri haqqında danışdı. Polkovnik əsaslı mənbələrlə zəngin çıxışında müqavilənin şərtlərinə əsasən xan, onun varislərinin və xanlığın bütün əhalisinin çar Rusiyası təbəəliyinə qəbul edilməsini vurğuladı, eyni zamanda, bu tarixi sənədin imzalandığı vaxt Qarabağda ermənilərin nəinki söz sahibi olmadığını, hətta onların həmin ərazidə mövcudluğunun belə xatırlanmadığını diqqətə çatdırdı. “Kürəkçay” müqaviləsinin yetərincə və obyektiv tədqiq edilməməsi uydurma erməni tədqiqatlarının yaranmasına səbəb olmuşdur. Onlar Rusiyanın Qarabağ xanı ilə bağladığı müqavilədə məliklərin rolunu şişirdərək, guya hansısa böyük qüvvəyə malik olan erməni məliklərinin müqavilənin bağlanmasında rolundan və iştirakından danışırlar. Hansı ki, bu məliklər alban məlikləri idi və bunların da bu müqavilənin bağlanmasında iştirak etmələri heç bir rəsmi sənəd, faktla təsdiq edilmir. Müqavilənin bundan əvvəlki şərhlərində Qarabağ xanının könüllü rəyinin çar Rusiyası tərəfindən nəzərə alınaraq könüllülük əsasında rəsmiləşdirilməsi kimi qeyd edilirdi. Xanın yaranmış hərbi-siyasi şərait nəticəsində belə bir müqaviləyə imza atmaq məcburiyyətində qalması Azərbaycan tarixinə yeni bir fakt kimi məlum olmuşdur".
Daha sonra “dəyirmi masa”da AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun alimləri "Kürəkçay” müqaviləsinin bağlanması tarixindən və "Kürəkçay müqaviləsinin əsas məğzi” adlı məruzələrlə çıxış edib, mövzu ilə bağlı sualları ətraflı cavablandırıb, müzakirələr aparıblar.
“Dəyirmi masa”da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il yanvarın 28-də nəqliyyat məsələlərinə həsr edilmiş müşavirədə Qarabağ xanı İbrahimxəlil xanın qətlə yetirilməsini çar hakimiyyətinin cinayəti olaraq qeyd etdiyi xüsusi olaraq vurğulandı. Qeyd olundu ki, həmin müşavirədə dövlət başçısı bildirdi: "Kürəkçay” müqaviləsində erməni xalqı haqqında bir kəlmə də yoxdur".
Tədbirin sonunda iştirakçılara “Kürəkçay” müqaviləsinin bağlanmasından bəhs edən sənədli film nümayiş olundu.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"