Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2025 13:12

Əsgər valideyni - adların ən alisi

Valideyn olmaq bəşər tarixində yaşamış hər bir fərd üçün sadəcə övlad sahibi olmaq deyil, yeni bir həyatın məsuliyyətini üzərinə götürmək, bu məsuliyyətin müqəddəsliyini iliyinə qədər hiss etməkdir. Belə ki, bəşəriyyətin yeganə şüurlu varlığı olan insanoğlu üçün ən yaddaqalan an onun ilk dəfə ata və ana statusu ilə taclanmasıdır. Belə olan təqdirdə də, bir övladın ilk dəfə “ata” və “ana” sözlərini dilində səsləndirməsi, dünyada kişi və qadın məfhumundan başqa heç bir titulu olmayan iki fərdin bir anda yaradılışın ən böyük ünvanlarından birinə sahib olması ilə nəticələnir.
Valideyn olmaq övladının ilk kəlməsini duymaq, ilk addımını görməklə yanaşı, onun ilk dəfə məktəbə getməsini, Vətənə xidmətə yollanmasını və nəhayət, onun da sənin kimi valideyn olmasını görməkdir. Sadalananlardan belə qənaətə gəlmək mümkündür ki, valideyn - ata və ana ifadələri dünyanın ən dərin mənalı sözlərindən biri olmaqla yanaşı, ən vacib vəzifələrdən də biridir. Bu vəzifənin ən məsuliyyətli və qürurverici dönəmi isə valideynin əsgər anası və əsgər atası adını alacağı gündən sonra başlayır. Buradan isə bir fikir ortaya çıxır - əsgər valideyni adı bir valideyn üçün bu adların ən alisidir.

"N" hərbi hissəsində möhtəşəm qələbəlik var

Yaz səhəridir. Günəş öz şüaları ilə ətrafa ilıq sığalını çəkir, səhərin sükutunu oyadırdı. Düşən şüalar həm ümid işığı, həm də öz övladlarını görmək, onların andiçmə mərasimində iştirak etmək istəyən valideynlərin də ürəklərini isidən işıq idi. Bir övlad kimi təmiz, bir ana kimi mərhəmətli idi bu günəşin şüaları. Bu yaz günü "N" hərbi hissəsində ölkəmizin müxtəlif bölgələrindən öz övladlarını görməyə gələn çoxsaylı valideynlərin ömürlərinin ən gözəl və yaddaqalan günü olacaqdı. Valideynlərin gözlərindəki sevinc, övladların üzlərindəki məğrurluq bu günün hər iki tərəf üçün müqəddəsliyinin göstəricisi idi. Ata və analarla yanaşı, bacı, qardaş, baba, nənələr də öz əzizlərini görmək, xəyalını qurduqları günü yaşamaq üçün burada idilər. Andiçmə tədbirində insanların çoxu bir-birini tanımasa da, onları birləşdirən dəyər birdir - övladlarının Vətən müdafiəsi yolunda ilk qədəmlərini atması. Hər bir valideyn öz övladını axtarır və yüzlərlə əsgər balanın arasında öz balasını tanımağa çalışır, hər əsgəri övladı olaraq özününkü bilir. Bir sözlə, "N" hərbi hissəsinin sıra meydanında hər bir əsgərin və onun valideyninin həyatındakı əlamətdar gün olan andiçmə mərasimi keçirilir.

“Vətən sənə, sən Allaha əmanət, canım oğlum”

Andiçmə mərasimi hər bir əsgər üçün şərəf borcunun, sədaqət prinsipinin göstəricisi, hər bir valideyn üçün isə başucalıq və qürur mərasimidir.  Qarışıq emosiaların əhatəsində bir ailə diqqətimi çəkir. Ananın övladına "Vətən sənə, sən Allaha əmanət, canım oğlum" fikri məni ağuşuna aldı. Əsgər övladı Zamiqi görmək üçün Siyəzən rayonunun Məşrif kəndindən gələn əsgər anası Sevda xanım və əsgər atası Zabit Məhərrəmovlar övladlarından doymurdular sanki. Zabit kişi bizimlə söhbətə başladı. "Qalib orduda xidmət etmək, hər bir Vətən övladı üçün böyük iftixardır. Vətəni göz bəbəyi kimi qorumaq gərəkdir. Bu müqəddəs vəzifənin öhdəsindən hər kəs layiqincə gəlməyi bacarmalıdır. Əsgər övladımla fəxr edirəm. Əsgər atası adını daşıdığım üçün qürur duyuram. Övladıma hər zaman bir nəsihətim olub - Vətəni qorumaq ən şərəfli vəzifədir, bu vəzifəni ləyaqətlə yerinə yetir".
Daha sonra Sevda ananın da fikrini öyrəndik. "Oğul böyütmək Vətənə əsgər böyütməkdir. Bu iş hər bir valideyn üçün həssas, amma qürur duyulasıdır. Məmləkətimiz hər zaman öz igid oğulları ilə tanınıb və öz sələflərinin qəhrəmanlıq və vətənpərvərlik yolunu bu gün mətin addımlarla irəliləyənlər sırasında mənim oğlum da var. Çünki bu gün oğlum Zamiq Vətəni göz bəbəyi kimi qorumağın, onun bütövlüyü üçün canını və qanını əsirgəməyəcəyinin andını içdi. Bu gün sevinirəm ki, Vətən müdafiəçiləri sırasında mənim övladım da var və Zamiqimin timsalında bütün əsgərlərimizi özümə övlad bilirəm, çünki mən əsgər anasıyam".

“Səni Vətən üçün böyütmüşəm, çalış ona layiq ol”

"Uzun illərdir həsrətində olduğum günü bu gün yaşayıram - övladım qalib ordunun formasında Hərbi Andı qəbul edir", - Tovuzun Dondar Quşçu kəndindən əsgər övladı Öməri ziyarətə gələn Sevda Abdıyeva bizimlə söhbətə başladı. "Bu gün gördüklərim mənim üçün ən gözəl və undulmaz xatirələrdəndir. Oğlum Ömər bu gün Vətənə, xalqa layiqli bir əsgər kimi xidmət edəcəyinə söz verdi. Hisslərimi sözlə ifadə etmək mənim üçün çox çətindir, təkcə onu deyə bilərəm ki, bu gün mən bütün əsgərləri öz övladımdan ayırmıram, onları da öz doğmam bilirəm, hər birinə bu müqəddəs yolda müvəffəqiyyət arzulayıram. Əsgər oğlum Ömər də daxil olmaqla, bütün əsgər balaların üzərinə bu gündən müqəddəs vəzifə düşür - Vətəni layiqincə qorumaq üçün əlindən gələni əsirgəməmək. Bir valideyn olaraq Azərbaycan əsgərinə bu müqəddəs yolda uğurlar arzu edirəm".
Əsgər atası Elçin Abdıyev oğlu Ömərin böyüyüb boya-başa çatdığı kəndin uzun illər düşmənlə təmas xəttində yerləşməsindən danışdı və onun əsgər olacağı günü çoxdan arzuladığını qeyd etdi. "Oğlum Ömər uşaq yaşlarından güllə səsləri, mərmi sədaları altında böyüyüb. Düşmən uzun illər təmas xəttində təxribatlar törədərək, bizim inancımızı sarsıtmağa çalışdı, lakin onlar dərk etmirdilər ki, qəhrəman Azərbaycan əsgərinin "Dəmir yumruğu" bir gün işə düşəcək və bu yumruq separatçı qüvvələrin başını əzəcək. Uşaq yaşlarından oğlum Ömərə bir fikri aşılamışam - Vətəni yaşatmaq üçün də hər zaman əlindən gələni etməyə borclusan. Ömərə hələ körpə çağından aşıladığım bir fikir var idi - səni Vətən üçün böyütmüşəm, çalış ona layiq ol - bu fikri bir az əvvəl yenə də təkrarladım. Vətəni sevmək, valideyni sevmək, onları qorumaq gərək. Fəxr edirəm ki, bu gün övladım Vətən müdafiəçisi olaraq, ömrünün ən müqəddəs və ümdə vəzifəsini icra edir. Ömərimə və bütün əsgər balalarımıza bu müqəddəs işdə sarsılmaz iradə, güclü bilik, bacarıq və möhkəm güc arzu edirəm. Allah Azərbaycan əsgərini qorusun!" - deyən əsgər atası Elçin Abdıyevlə sağollaşdıq.

Övladımın timsalında bütün əsgər balalarımla fəxr edirəm!

Növbəti müsahibimiz işğaldan azad olunan Zəngilanın Ördəkli kəndindən olan Ağayevlər ailəsidir. Əvvəlcə əsgər Amil Ağayevin atası Qurban kişinin fikirlərini qələmə alırıq. "Oğlumu bu gün qalib Azərbaycan əsgəri olaraq gördüyüm üçün qürurluyam. Burada iştirak edən valideynlərin keçirdiyi hisslər, demək olar ki, eynidir. Çünki övladını Azərbaycan əsgəri olaraq görmək, hər bir valideyn üçün qürurvericidir. Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad edib. Bunu qəhrəman oğullarımıza borcluyuq".
Əsgər Amil Ağayevin anası Minarə xanım həyatının ən xoşbəxt günlərindən birini yaşadığını qeyd edərək söhbətə başladı. "Bu gün övladımı ilk dəfə hərbi formada gördüm. Sevinirəm ki, bu gün yüzlərlə ana ilə yanaşı, mənə də əsgər anası adını daşımaq qismət oldu. Bu gün Azərbaycan əsgəri cəsur, vətənpərvər, qədirbilən övlad olaraq xalqının firavanlığını təmin edir. Bir ananın övladı olaraq, minlərlə, hətta milyonlarla anaya övlad, bacıya qardaş, ataya dayaq olurlar. Budur mərdlik, budur fədakarlıq - budur Azərbaycan əsgəri. Övladımın timsalında bütün əsgər balalarımla fəxr edirəm! İlahi onların yarı və yardımçısı olsun. Qədəmləri sayalı olsun", - deyən əsgər anası fikrini tamamladı.

Ətrafda misli görülməmiş sevinc, qürur və sevgi vəhdəti yaşanır

Müsahibim olan əsgər valideynləri ilə söhbətdən könül xoşluğu yaşayıram. Gözəl ailələrlə həmsöhbət olmaq, valideynlərin dəyərli fikirlərini qələmə almaq mənim üçün könül xoşluğu olur. Ötən vaxt mərasim iştirakçılarının həyatındakı ən dəyərli vaxtlardan biri idi. Heç kəs bu anın bitməsini istəmirdi, elə mən də. Çünki ətrafdakı möhtəşəm sevinc, qürur və sevginin vəhdətindən yaranan müqayisəolunmaz bir xoşbəxtlik tablosu var idi. Ordu həyatına ilk qədəmlərini qoyan gənc əsgərlərimizin xalqa, Vətənə sədaqətlə, ləyaqətlə xidmət edəcəklərinə, valideynlərinə hər zaman başucalığı gətirəcəklərinə inamımız çox yüksəkdir. Çünki övlad ailənin güzgüsüdür. Və burada həmsöhbət olduğumuz müsahiblərin fikirlərindən gəldiyim qənaət budur ki, Vətənimiz etibarlı əllərdədir, çünki onu vətənpərvər valideynlərin övladları olan gənc nəsil müdafiə edir. Biz də öz növbəmizdə burada Hərbi Andı qəbul etmiş gənc əsgərlərimizə və onlarla birlikdə bu şərəfli yolda addımlayan Vətən müdafiəçilərimizə mübariz, mərd və iradəli olmağı arzu edirik!
Bakı şəhərindən olan əsgər İlkin Elşad oğlu Sadıqovun səsləndirdiyi misra ilə bu məqaləni bitirmək istərdim:

Adım şərəfdi, yolum haqq yolu,
Silahım vicdanım, ürəyim dolu.
Bir ömür boyu sönməz bir çıraq kimi
And içirəm - Vətən üçün yaşayıram,
Vətən üçün ölürəm!

Fuad CƏFƏROV

"Azərbaycan Ordusu"