Bəzən bu suala cavab vermək çox sadə olur - "Vətən doğulduğun yerdir", deyirik. Amma, əslində, Vətən təkcə coğrafi məkan deyil. O, yaddaşımızda yaşadığımız bir hiss, içimizdə daşıdığımız kimliyimizdir. Vətən bəzən bir ana nəfəsi, bəzən bir uşağın ilk kəlməsidir. Vətən bəzən insanı şəhidlik məqamına ucaltmaq, bəzən də ayaq basdığın torpağı iliklərinə qədər hiss etməkdir. Düşünəndə ki, bu torpaqda nə qədər şəhid uyuyur, o zaman Vətənin müqəddəsliyini daha da dərindən dərk edirik. Vətən bizim çıxdığımız ilk yol, son dayanacaqdır. Vətən silinməz tariximiz, əbədi hekayəmizdir...
Bu hekayəni yazanlardan biri də 1983-cü il aprelin 29-da Biləsuvar rayonunda anadan olan şəhid Namiq Abış oğlu Mailovdur. Namiqin hələ uşaqlığından bəri qəlbi Vətən eşqi ilə döyünürdü. Doğrudan da, Vətən sevgisi insanlarda hələ körpəlik dövründən formalaşdırılır. Mənfur ermənilərin doğma torpaqlarımızı işğal etməsi, soydaşlarımıza qarşı törətdikləri vəhşiliklər onda düşmənə nifrət hissini günü-gündən artırırdı. Həmişə istəyirdi ki, o torpaqlar azad edilərək geri qayıtsın, o yurd-yerlərimizin işğaldan xilasında onun da payı olsun. Belə də oldu...
1999-cu ildə tam orta məktəbi bitirən Namiq 2001-ci ildə Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmətə başlamışdı. Hərbi xidmətdə olduğu zaman verilən tapşırıqları layiqincə yerinə yetirmişdi. Amalı bir idi - Vətəni qorumaq.
O, ömrünü hərbə həsr etmişdi. 2003-cü ildə həqiqi hərbi xidməti uğurla başa vuran Namiq “Tank komandiri” və "Ehtiyat zabit hazırlığı" kurslarını uğurla bitirərək xidmətini davam etdirdi. Daşıdığı hərbi formasına hörmət edən Namiq gizir hərbi rütbəsindən baş leytenant hərbi rütbəsinə qədər yüksəldi. Xidmət etdiyi dövrlərdə müxtəlif vəzifələrdə çalışdı - tank komandiri, tank bölüyünün baş çavuşu, tank taqım komandiri, tank bölük komandiri... Yaşasaydı, daha böyük vəzifələrə qalxacaqdı...
44 günlük Vətən müharibəsi zamanı döyüşə yollanan Namiq elə müharibənin ilk şəhidlərindən oldu. Müharibənin ilk günü Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını icra edərkən şəhidlik məqamına ucaldı.
Hələ sağlığında ikən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi", "Qüsursuz xidmətə görə 3-cü dərəcəli", "Azərbaycan Ordusunun 100 illiyi", "Qüsursuz xidmətə görə 2-ci dərəcəli" medalları ilə təltif olunmuşdu. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqları layiqincə yerinə yetirdiyinə görə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.
Bu gün Namiq Mailov kimi ana Vətənimizin ərazi bütövlüyü və bölünməzliyi naminə canını fəda edən, şəhidlik zirvəsinə ucalan igid oğullarımız bizim qəlbimizdə yaşayır və daim yaşayacaq.
Biz onların ölməz ruhları qarşısında baş əyirik!
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"