Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Aprel 2025 19:33

Əsgərlərin asudə vaxtının səmərəli təşkili

Azərbaycan Ordusunda əsgərlərin asudə vaxtının səmərəli təşkili mühüm əhəmiyyət kəsb edir. Asudə vaxtın düzgün təşkili əsgərlərin mənəvi-psixoloji hazırlığının yüksək olmasını təmin edir, onların xidmətə olan bağlılıqlarını daha da artırır.
Əsgərlərin asudə vaxtında müxtəlif mədəni-kütləvi tədbirlər, idman yarışları, kitab oxumaq saatları, film nümayişləri və maarifləndirici söhbətlər təşkil olunur. Hərbi hissələrdə yaradılan kitabxanalar, idman zalları və istirahət guşələri onların intellektual və fiziki inkişafına xidmət edir.
Hərbi hissələrdə günün nizam qaydalarına uyğun olaraq, əsgərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb. Bu müddət şəxsi heyətin yalnız istirahəti üçün deyil, eyni zamanda, onların intellektual və mənəvi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Əsgərlərin dünyagörüşünü və vətənpərvərlik hisslərini gücləndirmək üçün hərbi hissələrdə məqsədyönlü tədbirlər həyata keçirilir.
Şəxsi heyət asudə vaxtlarında qəzet, jurnal və bədii əsərlər oxuyur, vətənpərvərlik mövzusunda filmlər izləyir, stolüstü oyunlarla oynayırlar.
"N" hərbi hissəsində ideoloji otaqda əsgərlər kapitan Etibar Cəbrayılovun nəzarəti altında asudə vaxtlarını səmərəli keçirirdilər. Burada onlar dama, şahmat oynayır, intellektual biliklərini artırmaq üçün birgə mütaliə aparırlar. Əsgərlər Kənan Əliyev və Kamran Qasımovun dama oyununda göstərdikləri mübarizə həm yoldaşlıq münasibətlərini möhkəmləndirir, həm də onlarda məntiqi düşüncə qabiliyyətini inkişaf etdirir.
Əsgərlər "Azərbaycan Ordusu" qəzetini və müxtəlif kitabları maraqla oxuyur, ölkəmizdə və dünyada baş verən hadisələr barədə məlumatlanırdılar. Bu kimi fəaliyyətlər əsgərlərin asudə vaxtını yalnız istirahət kimi deyil, həm də şəxsi inkişafın mühüm mərhələsi kimi  dəyərləndirmələrinə şərait yaradır.
Əsgər Firidun Ağayev yaradılan imkanlardan razılıq hissi ilə danışaraq qeyd etdi: "Komandirlərimiz bizə hərbi bilikləri aşılamaqla kifayətlənmir, eyni zamanda, qayğı və diqqətlərini də əsirgəmirlər. Biz də bu etimadı doğrultmaq üçün xidmətimizi vicdanla yerinə yetiririk".
Əsgər Emil Əmirli də yaradılan şəraitin müsbət təsirindən söz açdı: "Yuxarı komandanlığa minnətdarıq ki, bizə belə şərait yaradılıb. Asudə vaxtımız mənalı keçir. Bədii kitablar oxuyur, aktual xəbərlərlə tanış olur, stolüstü oyunlarla məşğul oluruq. Qəzet vasitəsilə ölkə və dünya gündəmini izləmək imkanımız olur. Asudə vaxtı belə səmərəli keçirmək dünyagörüşümüzü artırır, ruh yüksəkliyi aşılayır".  
Əsgər Bayramov İsmayıl da öz vətənpərvər duyğularını ifadə etdi: "Hərbi xidmət məni qorxmaz, mərd və cəsur bir döyüşçü kimi yetişdirir. Komandirlərimizin səyi ilə atəş, döyüş və fiziki hazırlıqlardan bilik və bacarıqlarımızı artırırıq. Tariximizə dair biliklərimiz genişlənir, Vətənə olan bağlılığımız daha da möhkəmlənir".
Bütün bunlar göstərir ki, asudə vaxtın düzgün təşkili əsgərlərin yalnız bu gününə deyil, sabahkı həyatlarına da müsbət təsir göstərir. Vaxtın dəyərini öyrənən gənclər gələcəkdə də həyatlarını planlı və məqsədyönlü şəkildə qurmaq bacarığına yiyələnirlər. Hərbi xidmət dövründə qazanılan bu vərdişlər onların cəmiyyətə faydalı, vətənpərvər, intizamlı və məsuliyyətli fərdlər kimi formalaşmasına xidmət edir.

Əli ABIYEV

"Azərbaycan Ordusu"