Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Aprel 2025 19:32

Vətəni mənəvi borc kimi sevənlərdən biri

Sumqayıt şəhərində anadan olub, burada orta təhsil alıb, burada idmanla məşğul olub. O da digər şagird yoldaşları kimi uşaqlıq arzularının, sonra yeniyetməlik istəyinin, sonra gənclik niyyətinin xəyalları ilə yaşayıb. Bu xəyalların hamısının başlanğıcında təhsil almaq dayanırdı. İdmanı sevirdi, bütün növlərinə marağı vardı. "İdman sağlamlıqdır, çeviklikdir, cəldlikdir, idman atletik bədən quruluşudur. Mən idmançı olmayacam, idmançılar formalaşdıracam, məktəbliləri hərbi xidmətə hazırlayacam. Müəllim olacam...", - Cəfər yoldaşlarına belə deyirdi. Bu istəklə Azərbaycan Dövlət İdman Akademiyasında “Fiziki tərbiyə və çağırışa qədər hazırlıq müəllimi” ixtisası üzrə təhsil aldı.
Hərbi xidmətə çağırıldı. Çağırış yaşına çatanları orta məktəbdə hərbi xidmətə hazırlayan müəllim olacaqdı, indi özü bu hazırlıqdan keçib hərbi xidmətə gəlmişdi. Hərbi xidmətin ilk günü onun da yaddaşına yazıldı. Çağırış yaşlarında o da ruhən əsgərləşmişdi, əsgər olacaqdı...
Hərbi xidmətə gələnə kimi Cəfər də digər gənc əsgərlər kimi çağırışa qədər hazırlıq müəllimlərindən ilkin hərbi biliklər öyrənmişdi, hərbi vərdişlər mənimsəmişdi. İkinci Qarabağ müharibəsi başlayanda tələbə idi. O da tələbə yoldaşları ilə döyüşə getmək istəyirdi. Müharibənin hər gününü televiziyadan, informasiyalardan izləmişdilər. Onlar da ordumuzun qalib gələcəyinə, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırdılar. Ordu hissələrimiz qələbələr qazanırdı, xalq son güllənin atılacağı günü gözləyirdi.
Tələbələr döyüşən ordumuza bir məktub ünvanlamışdı. İnam vardı məktubda, xalqın səsi vardı, xalqın sevgisi ifadə olunmuşdu. Səhəri gün dan yerinin işığı illərin intizarını çiliklədi, həsrətlilərin istəyinin ahənrübasına döndü, xalq o işığı Xarı bülbül bildi, İsa bulağının çağırışı bildi, Qarqar çayının daş oynadan coşqusu bildi: Şuşa işğaldan azad edilib! Onda Cəfərin də qoşa qolları tələbə yoldaşlarının kürəyində çarpazlaşmışdı, o da demişdi ki, döyüşə aparmadılar, Vətənə əsgər olacağıq, qalib əsgərlərin davamçısı olacağıq!..
İndi o istəyin başlanğıcındadı...
"Orta məktəbdə sıranı öyrənmişdik, avtomatı söküb-yığa bilirdik, müəyyən hərbi biliklərimiz də vardı. Hərbi xidmətə gələndən sonra hərbi hissənin döyüş tapşırıqlarına uyğun ixtisaslara təyin olunduq. İndi hər birimiz hərbi vəzifələrimizi mükəmməl mənimsəmişik. Biz də Hərbi Nizamnamələrin tələblərinə, Hərbi Anda sədaqətlə xidmət edirik, komandirlərimizin, zabitlərin əmr və göstərişlərini məsuliyyətlə yerinə yetiririk...", - əsgər Cəfər Səbziyev belə dedi.
Hərbi xidmət həm də xarakter formalaşdırır - əsgəri mətinləşdirir, qətiyyətləşdirir, hünərləşdirir. Hərbi xidmət həm də qarşılıqlı münasibətləri səmimiləşdirir. Bölmənin əsgərlərinin hamısı belə düşünür. Bu düşüncələr, belə düşüncələr mənəvi kamillikdir, hərbi xidmətə, deməli, Vətənə sevgidir.
Hamı Vətəni ruhunun ünvanı olaraq mənəvi borc kimi sevir, əsgərlər həm ruhunun ünvanı kimi, həm mənəvi borc kimi, həm də hərbi vəzifə borcu kimi sevirlər. Əsgər Cəfər Səbziyev belə əsgərlərdən biridir...
 
Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"