Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2025 14:18

Vətənə sevgisindən güc aldı, şəhidlik zirvəsinə ucaldı

Vətən… Adı gələndə sözlər susar, tarix danışar. Hər daşında, hər qarışında bir iz, uğur, qələbə, müqəddəslik var. Vətən insanın qanad açıb pərvazlandığı ruhudur, hüzurudur, varlığıdır. Vətən bizim yolumuzdur, yurdumuzdur, yuvamızdır...
Vətən sevgisindən danışanda yaradıcılığının baş qəhrəmanı Azərbaycan olan böyük şairimiz, Vətən mövzusunda yazdığı şeirləri dillər əzbəri olan Məmməd Arazın

Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim
 - misrasını xatırlayıram. Bəzən bu torpaq bizi bağrına basar, bəzən də sınağa çəkər. Amma bir həqiqət heç zaman dəyişməz. Biz Vətən üçün doğulmuşuq. Vətən bizə oğul desə, bu fəxrin, bu ağır məsuliyyətin qarşısında qətiyyətlə xidmət edərik. Vətənin qayasında bir mamır kimi bitmək üçün bir ömrü ona qurban verərik. O mamır hər daşda bir tarix saxlayar, hər sükutda bir fəryad yaşadar. Bu tarix şücaətlə, qanla, canla, ağrıyla, göz yaşıyla, igidlikdən doğan şanlı Zəfərlə yazıldı...
...Vətəni qorumaq onu sevmək, ayaq basdığın torpağa ikiəlli sarılmaqdır. Bu sevginin ən ümdə zirvəsi, müqəddəsliyi Vətənin müdafiəsində dayanmaq, ərazi bütövlüyümüzü inamla qorumaqdır. Dağları aşan qətiyyətli addımlar, gecəni səngərdə qarşılayan gözlər, səssizliyə sədaqət andı içən ruhlar  bu torpağın nəfəsi, bu xalqın qürur yeridir. Xalqımızın güvənc yeri, müstəqilliyimizin qarantıdır Vətən müdafiəçiləri.
Vətənin hər bir igid oğlu bu Vətənin özü olur, nəfəsi olur. Qarlı zirvələrdə silah tutan əllər, səngərlərdə səssiz qalan dualar, sipər olan igidlər bu torpağın ən dəyərli miraslarıdırlar. Və bu mirasın ən müqəddəs səhifəsini  əbədi yazanlar şəhidlərimizdir. Bu şəhidlərimizdən biri də, həmyerlisi Məmməd Arazın dediyi kimi, Vətən qayasına mamır olan Elşən Əziz oğlu Məmmədovdur.
Elşən 21 aprel 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. Uşaqlığından hərbə olan marağı onu hərbi təhsil almağa sövq edib. O, 2016-cı ildə Heydər Əliyev adına Hərbi Liseyi bitirib. Liseydə oxuduğu illərdə silah tutmaqla yanaşı, mədəni, əxlaqi dəyərləri öyrənib, fiziki hazırlığını artırmağın yollarını bilib. Vətənə xidmətə olan həvəsi bununla kifayətlənməyib, 2020-ci ildə indiki Heydər Əliyev adına Hərbi İnstitutunu və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas hazırlığı kursu"nu bitirib.
Azərbaycan Respublikasının müdafiə nazirinin müvafiq əmri ilə Elşən Məmmədova "leytenant" hərbi rütbəsi verilib... O, 44 günlük Vətən müharibəsinin ilk günündən Xocavənd və Füzuli rayonlarının yaşayış məntəqələrinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Komandirlik etdiyi bölmə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələ bilib. 2020-ci il oktyabrın 21-də Elşən Füzuli rayonu istiqamətində hərbi əməliyyatlar zamanı xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. Böyük Zəfəri əldə etdiyimiz 44 günlük müharibədə iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Məmmədov Elşən Əziz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Bu gün Vətənin igid oğulları kimi, şəhid Elşən Məmmədovun da adı hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayır. Həmin igidlərin sayəsində bu gün işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın şanlı üçrəngli bayrağı əzəmətlə dalğalanır. O torpaqlara, dədə-baba yurdlarımıza fəxrlə ayaq basa bilirik. Biz dəyərli şəhidlərimizin qarşısında baş əyirik.

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"