AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Cari ilin fəaliyyət planına əsasən, Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində tam artilleriya generalı Əlağa Şıxlinskinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbir iştirakçıları general Əlağa Şıxlinskinin məzarını ziyarət edib, üzərinə tər qərənfillər düzərək xatirəsinə hörmət və ehtiram nümayiş etdiriblər.
Çıxış edənlər general Əlağa Şıxlinskinin həyat və fəaliyyətindən geniş söhbət açıb, onun xalqımız qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıblar.
Qeyd olunub ki, dünya hərb elminə tarixi nailiyyətlər qazandırmış görkəmli həmyerlimiz general Əlağa Şıxlinski "Artilleriyanın Allahı" sayılırdı. Adı Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə həkk edilən görkəmli hərb xadimi Əlağa Şıxlinski Birinci Dünya müharibəsi cəbhələrində, Port-Arturun müdafiəsində misilsiz qəhrəmanlıq nümunələri göstərərək, düşmən həmlələrinin dönə-dönə dəf olunmasında top artilleriyasını idarə etməklə qələbələr qazandırmışdı. 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Koprusunun komandiri təyin edilən tam artilleriya generalı Əlağa Şıxlinskinin ilk milli ordu hissələrinin formalaşmasında xidmətləri misilsizdir. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun yaradılmasında və formalaşmasında, Bakının erməni-bolşevik işğalçı qüvvələrindən azad edilməsində görkəmli general zəngin hərbi təcrübəsini tətbiq edərək, döyüş salnaməsi yaradıb, milli ordu quruculuğuna əvəzsiz töhfələr bəxş edib. Hərb elminin mahir bilicisi olan Əlağa Şıxlinski ömrünün son illərində "Xatirələrim" adlı hərbi memuarını xalqımıza ədəbi yadigar qoyub.
"Azərbaycan Ordusu"