Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2025 14:18

Yaradılan şərait onları idmanla məşğul olmağa daha da həvəsləndirir

Azərbaycan Ordusunun şəxsi heyətinin gündəlik fəaliyyətindən danışanda onların fiziki hazırlıq saatlarını da qeyd etməliyik. Günün nizam qaydalarına uyğun olaraq keçirilən fiziki hazırlıq məşğələləri hərbi qulluqçuların həm döyüş qabiliyyətinin yüksəldilməsinə, həm də sağlamlıqlarının möhkəmləndirilməsinə istiqamətlənmiş fəaliyyət prosesidir. Hərbi qulluqçu nə qədər fiziki hazırlıqla məşğul olarsa, bir o qədər fiziki cəhətdən möhkəm, güclü və sağlam olar, ona verilmiş döyüş tapşırığını daha çevik, asan və cəld yerinə yetirər.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, gənclərin ordumuza layiqli, bacarıqlı əsgərlər kimi formalaşmasında döyüş hazırlığı ilə yanaşı, fiziki hazırlıq məşğələlərinin də rolu böyükdür. Buna görə də ordumuzun bölmələrində müasir idman avadanlıqları ilə təchiz olunan trenajor zalları, idman şəhərcikləri vardır. Bundan başqa, hərbi qulluqçular arasında keçirilən müxtəlif idman yarışları da Azərbaycan Ordusunda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində saxlanılmasının bariz nümunəsidir.
"N" hərbi hissəsində günün nizam qaydalarına uyğun olaraq keçirilən döyüş, ictimai-siyasi, taktiki və atəş hazırlıqları dərsləri ilə yanaşı, fiziki hazırlıq məşğələsinin də yüksək səviyyədə təşkil olunduğunun şahidi oldum. İdman şəhərciyində əsgərlər cavabdeh zabitin rəhbərliyi ilə təyin olunmuş formada düzüldülər. Onlar isinmə və gərilmə hərəkətləri yerinə yetirildikdən sonra turnikdə, paralel qollarda və digər alətlərdə idman hərəkətlərini böyük həvəs və çevikliklə icra edirdilər. Bu mənzərə hər kəsdə əminlik yaradır ki, şəxsi heyətin fiziki hazırlığı yüksək səviyyədidir.
Şamaxı rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılan əsgər Fərid Məmmədov qeyd etdi ki, idman saatlarında fiziki hazırlığını daha da artırmağa səy göstərir. "Yüksək döyüş hazırlığı digər hərbi biliklərlə yanaşı, fiziki güc, çeviklik və iradə tələb edir. Bu keyfiyyətlərə isə mütəmadi olaraq idmanla məşğul olduqda yiyələnmək olar. Əbəs yerə deyilməyib ki, idman sağlamlıqdır. İdman hərəkətlərini etdikdən sonra insan həm gümrahlaşır, əhval-ruhiyyəsi yüksəlir, həm də pis vərdişlərdən uzaq olur. Hərbi qulluqçu olaraq isə idman bizim üçün daha vacibdir. Çünki istənilən döyüş tapşırığını hər an yerinə yetirməyə hazır olmalıyıq. Bunun üçün də fiziki göstəricilərimizi artırmalı, sağlam və güclü olmalıyıq. Komandanlıq tərəfindən hərbi hissəmizdə idmanla məşğul olmağımız üçün hər cür şərait yaradılıb. Bu da fiziki hazırlıq məşğələsinin yüksək səviyyədə təşkil olunmasına zəmin yaradır, bizi idmana daha da həvəsləndirir".
Tərtər rayonundan ordu sıralarına çağırılan Fərid Atazadənin idman hərəkətlərini yerinə yetirən zaman yüksək bacarıq nümayiş etdirməyi diqqətimizi çəkdi. Söhbət əsnasında öyrəndik ki, o, hərbi xidmətə gəlməzdən əvvəl də idmanla məşğul olub. "İdmanla məşğul olmaq fiziki gücümüzü və özgüvənimizi artırır. Sıra hazırlığını, bizə təhkim olunan silahlardan istifadə etməyi öyrənməklə yanaşı, fiziki vərdişlərimizi də artırmalıyıq ki, öyrəndiklərimizi döyüş meydanında cəld və zamanında tətbiq edə bilək. Çünki döyüş zamanı verilən tapşırıq ilə anidən bir mövqedən digər bir mövqeyə öz yerini tez bir zamanda dəyişmək, özünə yeni mövqe tutmaq və digər fəaliyyətləri yerinə yetirmək cəldlik və yüksək fiziki güc tələb edir. Bunu icra etmək üçün də hər gün idmanla məşğul olur, hazırlığımızı daha da artırmaq üçün həvəslə məşq edirik", - əsgər Fərid Atazadə bildirdi.
İsmayıl Bayramov isə əslən Şəki rayonundandır. İsmayıl idmana olan sevgisinin futbolla başladığını vurğuladı. "Hələ uşaq yaşlarımdan bu idman növünə marağım olub. Həm oynamağı, həm də izləməyi sevirdim. Burada bizim üçün hər şey düşünülüb və yüksək səviyyədə təşkil olunub. Komandirlərimiz bizə yüksək diqqət göstərir, qayğılarımızla yaxından maraqlanırlar. Belə şərait də mənəvi-psixoloji hazırlığımıza müsbət təsir edir. Yüksək əhval-ruhiyyədə xidmət edir, bacarıqlı əsgərlər kimi formalaşırıq. Bütün əsgər yoldaşlarım adından deyirəm ki, biz qalib Azərbaycan Ordusunun sıralarında xidmət etdiyimiz üçün fəxr edirik", - əsgər dedi.
Əsgərlər Əliabbas Aslanov, Cavanşir Abdullayev və başqaları da idmana olan həvəslərindən, bölmənin heyəti arasında olan sağlam mühitdən, hərbi hissədə mövcud olan yüksək şəraitdən ağızdolusu danışdılar. Hərbi hissədə gördüklərimiz ordumuzun bütün bölmələrində əsgərlərimizin gündəlik fəaliyyətlərinin günün nizam qaydalarına uyğun olaraq səmərəli təşkil olunduğunun bariz nümunəsi və sübutudur.

Elçin İMANOV

"Azərbaycan Ordusu"