Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Aprel 2025 14:17

“Mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq icra olunur”

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri istər müharibədən əvvəlki dövrdə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də ondan sonrakı uğurlu əməliyyatlarda üzərinə düşən tapşırıqları yüksək səviyyədə yerinə yetirib, hal-hazırda da bu vəzifənin öhdəsindən layiqincə gəlir. Döyüş əməliyyatları zamanı keçid açma, mühəndis maneələrinin dəf olunması, mina, kustar üsullarla hazırlanmış partlayıcı qurğu və döyüş sursatlarının zərərsizləşdirilməsi, təminat yollarının salınması və digər fəaliyyətlərin müvəffəqiyyətlə icra edilməsində, bir sözlə, qələbəmizin təmin olunmasında digər qoşun növləri kimi, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin də misilsiz xidmətləri olub. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının fəaliyyəti ilə bağlı ətraflı məlumat əldə etmək məqsədilə Mühəndis Qoşunları Baş İdarəsinin nümayəndəsi polkovnik-leytenant Anar Fətullayev ilə həmsöhbət olduq.
- Cənab polkovnik-leytenant, əvvəlcə Vətən müharibəsi haqqında danışaq. Müharibənin ilk günləri bölmələrimizin irəliləməsi üçün keçidlərin açılması, o cümlədən "Ohanyan səddi"nin yarılması zəruri idi.
- Keçidlərin açılmasında, eləcə də "Ohanyan səddi"nin yarılmasında Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin rolu əvəzedilməzdir. Belə bir ifadə var: mühəndis-istehkamçının ayağı dəyməyən yerdə qələbə ola bilməz. Bu səddin yarılması da məhz Böyük Qələbənin başlanğıcı oldu. Şəxsi heyətimiz qarşıya qoyulan döyüş tapşırıqlarını mühəndis-istehkam bölmələrinin müasir texnika və avadanlıqlarından istifadə edərək müvəffəqiyyətlə yerinə yetirdi. Belə ki, qoşunlarımızın hərəkəti üçün Mühəndis Qoşunlarında istifadə olunan İMR-3M markalı texnikalar, eyni zamanda, keçid açma vasitələri geniş tətbiq olunmuşdu. Bölmələrimizin peşəkar fəaliyyəti nəticəsində düşmənin keçilməz saydığı "Ohanyan səddi" qısa zaman ərzində tamamilə darmadağın edildi.
- Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatması mühəndis-istehkam bölmələrinin qarşısına yeni tapşırıqlar qoydu. Öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın ata-baba ocaqlarına qayıtması, onların həyati təhlükəsinin aradan qaldırılması üçün işğaldan azad olunmuş ərazilərimiz mina və partlamamış döyüş sursatlarından tam təmizlənməlidir. Bu istiqamətdə hansı işlər aparılır?
- Vətən müharibəsindən sonra ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üçün həm xüsusi, həm də istehkam bölmələri yaradıldı. Bundan başqa, Mühəndis Qoşunları ilə yanaşı, aidiyyəti digər dövlət qurumları da bu işə cəlb olundular. Bu, çox məsuliyyətli, xüsusi diqqət tələb edən bir iş olduğu üçün planlı şəkildə davam etdirilir. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə 2020-2024-cü illər ərzində 46000 hektar ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. Təmizlənən ərazilərdə 36907 ədəd partlamamış döyüş sursatı, 10672 ədəd piyada əleyhinə və 3333 ədəd tank əleyhinə mina aşkarlanaraq məhv edilib. 2025-ci ilin birinci rübü ərzində isə 1177 hektar ərazi təmizlənib. Təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə mütəmadi olaraq yollar qar örtüyündən təmizlənir, yeni təminat yolları mühəndis-istehkam bölmələri tərəfindən çəkilir. Ümumilikdə, hal-hazırda işğaldan azad olunmuş ərazilərin təmizlənməsi prosesi prioritet olaraq birinci növbədə əhalinin məskunlaşacağı və infrastrukturun qurulacağı ərazilərdə aparılır. Bunun üçün Nazirlər Kabineti tərəfindən təyin olunmuş ardıcıllığa əsasən, digər qurumları ilə yanaşı, mühəndis-istehkam bölmələri həmin ərazilərin mina və döyüş sursatlarından təmizlənməsi fəaliyyəti ilə məşğul olurlar.
- Məlumdur ki, Ermənistan tərəfi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra da bölgəni minalarla çirkləndirməyə davam etdi. Onlar tərəfindən ərazilərin minalanmasında standartlara əməl olunmadığı da bəllidir. Bu vəziyyətdə Mühəndis Qoşunlarının hissə və bölmələri hansı çətinliklərlə rastlaşırlar?
- Bəli, Ermənistan silahlı birləşmələri tərəfindən qurulmuş mina sahələri qeyri-standart olaraq hazırlanmış, eyni zamanda, bu sahələrin xəritələri bu günə qədər Azərbaycan tərəfinə təhvil verilməmişdir. Təhvil verilmiş xəritələrdə isə 25%-nin düzgün olduğunun şahidi oluruq. Bu da ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsində böyük çətinliklər yaradır. Ancaq əlimizdə olan mövcud vasitələr - xüsusilə, MEMATT markalı mexaniki minatəmizləmə texnikalarından istifadə edərək bu ərazilərin mühəndis kəşfiyyatını aparır, aşkar olunan mina sahələrinin təmizlənməsini həyata keçiririk.
- Ermənistan silahlı birləşmələri ərazilərimizi minalayarkən mülki əhalini də hədəfə alırdı. İstər müharibə dönəmində, istərsə də ondan sonrakı dövrdə evlərin, məzarlıqların, su hövzələrinin müxtəlif partlayıcı qurğularla çirklənməsi barədə kifayət qədər görüntülər yayıldı. Azad olunmuş ərazilərdə mülki şəxslərin həmin təhlükələrdən qorunması üçün hansı addımlar atılır?
- Bunun üçün Mühəndis Qoşunlarında Vətən müharibəsindən sonra mina və əldəqayırma partlayıcı maddələrlə mübarizə bölmələri yaradılıb. Bu bölmələrimizin şəxsi heyəti müxtəlif kurslar keçdikdən sonra ərazilərdə qeyd etdiyiniz mina və kustar üsullarla hazırlanmış partladıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası ilə məşğul olurlar.
- Mühəndis-istehkam bölmələrinin təhlükəsizliyi və ərazilərin daha tez təmizlənməsi üçün istifadə olunan üsullar barəsində fikirlərinizi bilmək istərdik.
- Ümumiyyətlə, minatəmizləmə fəaliyyəti mürəkkəb və çətin bir prosesdir. Mühəndis Qoşunlarının hissə və bölmələri bunun üçün tam hazırlanıb. Ərazilərimizin bir qismi həddindən çox çirklənib. Burada həm mina sahələrindən, həm də partlamamış döyüş sursatlarından söhbət gedir. Minatəmizləmə zamanı müxtəlif vasitələrdən istifadə edirik. Qeyd etdiyim kimi, qardaş Türkiyədən alınan MEMATT mexaniki minatəmizləmə maşınından istifadə olunur. Eyni zamanda, təmizləmə işlərinə minaaxtaran itlər də cəlb olunub. Bildirmək istəyirəm ki, istifadə etdiyimiz avadanlıqlarımız da tam müasirləşdirilib.
- 2023-cü ilin antiterror əməliyyatından sonra ərazilərimizə baxış zamanı Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrindən xeyli sayda döyüş sursatlarının qaldığı aşkar olundu. Həmin sursatların zərərsizləşdirilməsi hansı qaydada həyata keçirilir?
- Mühəndis Qoşunlarının bölmələri tərəfindən Qarabağ iqtisadi rayonunda aşkar olunan çoxlu sayda döyüş sursatlarının təlim mərkəzlərində təhlükəsizlik qaydalarına ciddi riayət etməklə məhv edilməsi prosesi həyata keçirilir. Ermənistan istehsalı olan, xüsusilə piyada əleyhinə minalar, müxtəlif tipli kustar üsullarla hazırlanmış partlayıcı atımlar, partlatma vasitələri mərhələli şəkildə Mühəndis Qoşunlarının bölmələri tərəfindən həm partlayış, həm də yandırma üsulları ilə zərərsizləşdirilir.
- Müharibədən sonrakı dövr üçün Mühəndis Qoşunlarının hissə və bölmələrinin həyata keçirdiyi fəaliyyətlər nədən ibarətdir?
- Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olunaraq, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Zəruri olan istiqamətlərdə 1000 kilometrdən artıq yol çəkilərək qoşunlarımızın istifadəsinə verilib. Həmin yolların istər qış, istərsə də digər mövsümlərdə daim işlək vəziyyətdə saxlanılması üçün mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq icra olunur. Bu, Mühəndis Qoşunlarının hissə və bölmələrinin əsas tapşırıqlarından biridir. Bundan başqa, tərtiblənmə yerlərində bölmələrimizin fortifikasiya işləri və mühəndis təminatı tapşırıqlarının icrası uğurlu şəkildə həyata keçirilir.
- Cənab polkovnik-leytenant, Mühəndis Qoşunlarının hissə və bölmələri haqqında geniş məlumat verdiyiniz üçün sizə təşəkkür edir, tarixi yurd-yerlərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, eləcə də digər mühəndis təminatı üzrə tapşırıqların yerinə yetirilməsi kimi çətin, məsuliyyətli, bir o qədər də şərəfli xidmətinizdə sizə uğurlar arzulayırıq.
- Çox sağ olun.

Müsahibəni apardı: Tamilla HÜSEYNLİ

"Azərbaycan Ordusu"