Şəmkirdə anadan olmuşam, orta təhsilimi də orada almışam, hərbi xidmətə də doğulub boya-başa çatdığım rayondan yollanmışam. Mən də digər əsgər yoldaşlarım kimi xidmətə müəyyən hazırlıqlarla gəlmişdim. Bunlar hərbi xidmətə hazırlıq idi. İndi hərbi xidmətdəyəm. Mən də Hərbi And içmişəm, mən də nümunəvi əsgərlər kimi xidmət etməyə çalışıram. Hərbi xidmətə başlayanda biz də hərbi biliklər öyrəndik, hərbi vərdişlər aşıladılar, təlimlərdə müəyyən döyüş hazırlığına malik olduq. İstənilən döyüş əmrini yerinə yetirməyə hazırıq.
Hərbi xidmət bizim nümunəvi hərbçi kimi formalaşmağımızda da olduqca əhəmiyyətli oldu. Biz də xidmət müddətində qarşılıqlı münasibətlərin əsgərin xarakterini formalaşdırdığını öyrəndik. Əmin olduq ki, Azərbaycan əsgəri xeyirxahlığı, dürüstlüyü, səmimi yoldaşlığı ilə güclüdür, güclü bir ordunun əsgəri kimi daha da güclü olacaq. Əsgər yoldaşlarımın hamısı xidmətlə bağlı çətinliyi olana kömək edir, məsləhətə ehtiyacı olana məsləhət verir, bildiyini öyrətməyi öyrənmək istəyəndən əsirgəmir. Buna əsgər dostluğu da demək mümkündür...
Əsgər yoldaşım Əziz Əjdərov Bakı şəhərində anadan olub. Hərbi xidmətin ilk günlərindən qarşılıqlı münasibətlərimiz yarandı. Xarakterlərimiz də, maraqlarımız da bir-birinə uyğun gəlir. Hərb tariximiz onun da maraq dünyasıdı, mənim də, ədəbiyyatımıza onun da böyük marağı var, mənim də.
Əziz hərbi xidmətin ilk günlərində sıra hərəkətlərini yerinə yetirməyə bir qədər çətinlik çəkən əsgər yoldaşlarımıza kömək edirdi, asudə vaxtlarda onlarla birlikdə bu hərəkətləri dönə-dönə təkrarlayırdı. Bunun nəticəsi olaraq əsgərlərimiz sıra hazırlığı məşğələlərində fərqlənməyə başladılar. Ona komandirlərimizdən əvvəl əsgər yoldaşlarımız təşəkkür elədi. Əziz bir dəfə dedi ki, əsgər yoldaşlarımın bu təşəkkürlərini həyatımda ən gərəkli təşəkkür hesab edirəm, tərxis edildikdən sonra da belə hesab edəcəm...
Əziz hərbi bilikləri həvəslə öyrənib, təlimlərdə də fəallıq göstərir. Asudə vaxtlarımızda söhbətlərimiz zamanı müəyyən suallar da yaranır və hamı bildiyini deyir, deyilənləri ümumiləşdirir və doğru cavabı müəyyənləşdiririk. Belə söhbətlərdə Əziz daha fəal olur. Onun fəallığı digər əsgərlərin fəallığı ilə birləşir və asudə vaxtlarımızda belə söhbətlər bizə konkret mövzu ətrafında biliklərimizi sistemləşdirən dərs olur. Biz buna Əzizin təşəbbüsü ilə nail olmuşuq...
Əsgər yoldaşımız Əziz Əjdərov nümunəvi əsgərdir...
Əsgər Mahmud PAŞAYEV "N" hərbi hissəsi