Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2025 19:13

Tərxis edildikdən sonra quruculuq işlərinin əsgəri olacağam

Orta məktəbdə oxuyanda arzularımızla yaşayırdıq. Bizə elə gəlirdi ki, arzularımız bizim həyat yolumuzu nişan verir. O yola çatmaq üçün daha yaxşı oxumağa çalışırdıq. Hərə öz istəyini gerçəkləşdirmək istəyirdi...
Mən orta məktəbi Sumqayıt şəhərində bitirmişəm. Yeniyetmə kimi düşüncələrim inşaata, inşaatla bir sırada memarlığa bağlı olub. İstəyimə çatmaq üçün dəqiq elmləri daha məsuliyyətlə öyrənirdim. Qonşumuzun məsləhəti ilə ali təhsil almaq üçün Ukraynanın Kiyev şəhərini seçdim. Kiyev Memarlıq və İnşaat Universitetinə daxil oldum. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında antiterror əməliyyatına başlayanda Kiyevdə təhsil alan azərbaycanlı tələbələrlə Bakıya qayıtmaq istədik. Dekanlıq təhsilimizi dondurmaq istəyimizi əsaslandırmağımız üçün sənəd istədi. Sənəd təqdim edə bilmədik. Səhərisi gün əməliyyat uğurla başa çatmışdı. Azərbaycan Ordusu qalib gəlmişdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdu. Onda müəllimlərimizin əksəriyyəti bizim sevincimizə şərik oldu, professorlardan biri, "Belə qələbələr təkcə bir millətin, bir dövlətin qələbəsi deyil, bəşərilik qələbəsidir. Azərbaycan bunu bacardı...", - demişdi. Azərbaycanın apardığı əməliyyatın iştirakçısı olmaq istəyimiz Kiyevdə Azərbaycanımıza ehtiramı daha da artırdı...
Əsgərəm, mən də əsgər yoldaşlarım kimi nizamnamələrin tələblərinə ciddi əməl edirəm, komandirlərimin əmrlərini, tapşırıqlarını məsuliyyətlə və vaxtında yerinə yetirməyə çalışıram. Hərbi xidmətimizin başlanğıcından bizə gərəkli hərbi biliklər aşılanıb, təlimlərdə iştirak etmişik, bunlar bizim də döyüş hazırlığımızı artırıb. Biz daha güclü əsgər olacağıq, daha məsuliyyətlə xidmət edəcəyik.
Hərbi xidmətimiz başa çatanda biz də tərxis olunacağıq. Mən tərxis edildikdən sonra da əsgər olmağı qərara almışam - işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin əsgəri olacağam, mühəndis kimi, memar kimi...
Azərbaycan Ordusu torpaqlarımızın bütövlüyünü və suverenliyimizi tam bərpa etdi. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərini də uğurla başa çatdıracaq. Azərbaycan gəncliyi də bu prosesin iştirakçısı olacaq. Onların sırasında qurub-yaradan əsgər məsuliyyəti ilə mən də olacağam!..

 

Əsgər Nihad ƏHMƏDOV "N" hərbi hissəsi