Hərbi xidmətin ilk günləri bir qədər sakit, bəzən sözsüz keçir. Hələ bir-birini yaxından tanımayan gənc əsgərlər arasında ilk ünsiyyətlər qurulur, ilk suallar verilir, ilk cavablar alınır. İlk öyrənilənlər ad-soyad olur, hərbi xidmətə çağırıldığı rayon olur. Bir də sabahısı günün ilk salam-əleyki. Beləcə, əsgərlər arasında ilkin münasibətlər yaranır.
Əsgər Ayxan Zeynalov hərbi xidmətə Şəmkir rayonundan çağırılıb. O da hərbi xidmətin ilk gününün səssizliyini təklikdə yaşayıb. Səhərisi gün hələ adını bilmədiyi əsgərlə salamlaşıb. Səmimi salamlaşma səmimi tanışlıq yaradıb: Fəridlə Ayxan bir-birini tanıyıb. İlk günlər Ayxan Fəridə Şəmkirdən danışıb, Fərid Ayxana İsmayıllıdan. İlk vaxtlar bilməyiblər ki, səmimi tanışlıq dostluğun başlanğıcı olacaq; iki əsgər bir dostluğu sədaqətlə yaşadacaq...
Asudə vaxtlarda söhbətləşirlər. Ayxan Şəmkirdə sərbəst güləşlə məşğul olub. Fərid onun yarışlara necə hazırlaşdığını soruşub, yarışlarını soruşub. Öyrənib ki, Ayxan əvvəlcə kəndlərində, sonra Altay Cəmillinin rəhbərliyi ilə Şəmkir Olimpiya Kompleksində məşq edib. İdmanın təkcə fiziki imkanları yüksəltmədiyini, həm də iradi keyfiyyələri möhkəmləndirdiyini də orada qətiləşdirib. Fərid onu da öyrənib ki, Ayxan 2023-cü ildə öz çəki dərəcəsində respublika birinciliyində ikinci yeri tutub.
Fərid mütaliəyə maraqlı olub. Oxuduqları düşüncələrini yaşının xüsusiyyətləri baxımından formalaşdırıb. İnsan xarakteri haqqında da düşüncələri belə gözəlləşib. Çağırışçı yaşına çatanda o da əmin olub ki, insanın həyat fəlsəfəsi dostluq duyğuları ilə genişlənir. Orta məktəbdə sinif yoldaşları ilə münasibətləri bu düşüncələr əsasında sədaqət işığına dönmüşdü. "Məni hərbi xidmətə sinif yoldaşlarım, əslində, dostlarım yola saldılar. Əminliklə dedilər ki, sənin əsgərlikdə də dostun olacaq. Ona da sədaqətli dost ol. Biz arzu edirik ki, dostumuz belə sevilsin...", - dedilər. Ayxanla dostluq edirik. Bu dostluğun bizimlə nəfəs alacağına ikimiz də inanırıq...", - Fərid belə dedi və ehtiramla Ayxana baxdı...
Kapitan Teymur Süleymanov bu əsgərlərin ikisinin də nümunəvi xidmət etdiyini bildirdi. Onu da dedi ki, yüksək mənəvi dəyərləri yaşatmağı bacaran əsgər Hərbi Nizamnamələrin tələblərini də məsuliyyətlə yerinə yetirir, komandirlərin tapşırıqlarını da.
Söhbət zamanı könül xoşluğu verən bir mətləb öyrəndik. Öyrəndik ki, Fəridin söhbətlərindən sonra Ayxan mütaliəyə maraq göstərir, bu marağın gələcəkdə sevgi olacağına inanırıq. Fərid Ayxandan xahiş edib ki, ona sərbəst güləşin incəliklərini aşılasın, öyrətsin, müəyyən mənada məşqçisi olsun. Hərbi xidmətdə başlayan əsgər dostluğu iki niyyətin gerçəkləşməsində vəsilə olacaq. Həm də heç zaman xəyala gəlməyən niyyətlər hərbi xidmətdə gerçəkləşəcək. Hərbi xidmətdə başlayan əsgər dostluğunun qüdrəti budur!
Bölmənin şəxsi heyəti Ayxanla Fəridin dostluğunun möhkəmliyinə inanır, bu dostluğu ürək dostluğu adlandırır. İkinci Qarabağ müharibəsi də təsdiqlədi ki, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan ordunun şəxsi heyətinin qarşılıqlı münasibətləri ehtirama, bu baxımdan dostluğa əsaslanırsa, belə ordu daha möhtəşəm olur.
Dostluq da güc, qüvvət, qüdrət deməkdir. Azərbaycan Ordusu belə ordudur...
Əsgər dostluğunu ürək dostluğu adlandıranların da ürək dostları var...
Əsgərlər əsgər dostluğunu tərxis edildikdən sonra da sədaqətlə yaşadacaqlar. Azərbaycan Ordusunda əsgər dostluğu səmimiyyətlə yaranır, səmimiyyətlə yaşadılır...
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"