Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Camal Həsənov peşəkar sürücülərdəndir. 15 ildən artıqdır ki, o, ordu sıralarında sürücü vəzifəsində xidmət edir. Zabit Nurməmməd Hacıyev dedi ki, çavuş C.Həsənov sürücü kimi üzərinə düşən bütün tapşırıqları vaxtında, dəqiq yerinə yetirməklə komandirlərin rəğbətini və hörmətini qazanıb.
Camal həm də İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, müharibə vaxtı idarə etdiyi avtomobillə döyüş bölgəsinə sursat, ərzaq və digər təminatları vaxtında çatdırıb. Onun müəyyən edilmiş vaxtda təyin olunmuş məntəqədə olması şəxsi heyətin döyüş qabiliyyətinin artmasına səbəb olub.
Çavuş C.Həsənov Lənkəran rayonunun Liman şəhərində anadan olub. Avtomobili idarə etməyə həvəsi onda hələ kiçik yaşlardan meydana gəlib. Hərbi xidmətə gəlməmişdən əvvəl bir müddət avtomobil təmir sexində usta yanında şagird çalışıb. Sürücülük peşəsinin ilkin sirlərini də orada mənimsəyib. Hərbi xidmət dövründə isə təcrübəli sürücü-mexaniklərdən bu peşənin incəliklərini öyrəndiyini dedi.
Sürücü ilə avtomobil parkında görüşdüm. Camal ona təhkim edilmiş avtomobilə texniki qulluq göstərirdi. O, dedi ki, müntəzəm olaraq həm idarə etdiyi avtomobilə, həm də onun xidmət etdiyi bölmədə olan digər texnikaların sazlığına məsuliyyət daşıyır. O, tabeliyində olan sürücülərə də texnikalarla bağlı gərəkli təlimatlar verir, istifadədə olan avtomobilləri texniki cəhətdən daim işlək vəziyyətdə saxlamağın vacibliyini onların diqqətinə çatdırır.
Çavuş C.Həsənov bu gün də sürücü kimi xidmətini məsuliyyətlə yerinə yetirir.
Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"