Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2025 19:13

Şəhidlik - vətənpərvərlik və fədakarlıq zirvəsi

Zaman ötür, mövsümlər dəyişir, günlər ayları, aylar illəri, illər qərinələri və əsrləri əvəz edərək tarixə dönür.  Tarix keçmişin izi olaraq yaddaşa həkk olunur. Zaman ötür. Onu nə saxlamaq, nə geri qaytarmaq, nə də qabaqlamaq olur və vaxt keçdikcə xatirəyə dönüşür.
İnsanlar da zaman məfhumu kimi xatirələşir. Xatirələri tarixləşdirən insanlar da var. Şəhidlər.
Azərbaycan tarix boyu şəhidlərimizin qanı və canı bahasına, həmçinin qəhrəman qardaş və bacılarımızın fədakarlığı sayəsində öz varlığını qoruyub saxlaya bilib. Belə ki, 20 Yanvar faciəsi, Qarabağ müharibələri  - bütün bu hadisələr Azərbaycan övladı üçün şəhidliyin nə qədər ali bir məqam olduğunu bütün dünyaya bir daha göstərmiş oldu.
Şəhidlik bəşər tarixində ən uca, ən müqəddəs ünvandır. Şəhidlər xalqının azadlığı, Vətəninin bütövlüyü, bayrağının ucalığı uğrunda öz canını qurban verən müqəddəs bir varlıqdır. Onlar təkcə tarixi qanı ilə yazanlar deyil, gələcəyi öz fədakarlığı ilə quranlardır.
Vətən sevgisinin ən ali məqamı, vətənpərvərlik nümunəsidir - şəhidlik. Bu ünvana yüksələnlərin əksəriyyəti ömrünün qısa olmasına baxmayaraq, əsrlər boyu yaşayacaq əbədiyyət sakinləridirlər. Ömrü qısa, lakin şərəfli olan minlərlə şəhidimiz qədirbilən xalqımız tərəfindən heç zaman unudulmur, onların ruhları daim yüksək ehtiramla yaşadılır. Xalqımızın qürur mənbəyi olan şəhidlərimizlə Azərbaycan xalqı və ələlxüsus da, gənc nəsillər fəxr edirlər.
Şəhidlərimiz cismən yanımızda olmasa da, ürəklərdə daim yaşayır, ölkəmizin müxtəlif nöqtələrində onların müqayisəolunmaz vətənpərvərliyi və fədakarlığı əbədiləşdirilir. Gənclərimizin təhsil aldığı məktəblər şəhidlərimizin adı ilə bağlıdır, müxtəlif şəhərlərimizin küçələri onların adını daşıyır, o cümlədən şəhidlərimizin şərəfinə memorial komplekslər salınır, xatirə lövhələri qoyulur. Sadalananlar xalqın, dövlətin öz qəhrəmanına verdiyi dəyərin ən bariz nümunəsidir. Bu xalq yüz illər boyu şəhidlər vermiş, yaralanmış, amma sınmamış xalqdır. Xalqı və Vətəni qoruyanlar onu sevən övladlardır. Tarixən yerləşdiyimiz coğrafi ərazinin münbit, lakin çətin olmasına baxmayaraq, öz varlığını qoruyub saxlaması məhz qəhrəman oğullar sayəsində mümkün olub.  Öz ata-babalarından onlara əmanət edilən, müqəddəs varlıq olan Vətəni qorumaq üçün hər an irəli atılmağa hazır olan yüzlərlə Polad, Mübariz, Şükür və adı çəkilməyən qəhrəman övladımız yetişir. Öz sələflərinin adını və şanını layiqincə yaşatmaq üçün yaşayan gəncliyimiz bu gün üzərinə düşən məsuliyyəti dərindən dərk edir və Vətən hüdudlarını göz bəbəyi kimi qoruyur. Qoruyur ki, üçrəngli şanlı bayrağımız aid olduğu yüksəklikdə dalğalansın. Dalğalansın ki, Vətən var olsun. Gələcək nəslin qəhrəmanlıq nümunəsi olan şəhidlərimizin adları bu gün xalqın qəlbində yaşayır və gələcəyin memarları olan gənclərimiz o adları ləyaqətlə yaşadırlar.
Uzun həsrətdən sonra doğma torpaqlarımıza qovuşduq, ərazi bütövlüyümüz şəhidlərimiz və qəhrəman övladlarımızın fədakarlığı, vətənpərvərliyi sayəsində təmin olundu. Dövlət, xalq və ordu birliyi məfhumlarının vəhdətindən yaranan dəmir yumruq düşmənin başını əzdi. Qəhrəmanlarımız Zəfər tariximizi yaza-yaza tarixə qovuşdular. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar, gələcək nəsil üçün nümunə olacaq ömür, həyat və qəhrəmanlıq yolunu yadigar qoydular. 30 ilə yaxın həsrətində olduğumuz Qarabağımızı azad edərək ərazi bütövlüyümüz, suverenliyimiz və müstəqilliyimiz uğrunda şəhid olan bütün əzizlərimizin ruhlarını şad etdilər.

 

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"