Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2025 19:13

Dövlət komitəsinin nümayəndələri “N” hərbi hissəsində olublar

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan birgə plana əsasən, milli-mənəvi dəyərlərimizin təbliği və hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.
2025-ci il üçün birgə tədbirlər planına əsasən, aprelin 21-də komitənin nümayəndələri "N" hərbi hissəsində hərbi qulluqçularla görüşüb, onlarla maarifləndirici söhbətlər aparıblar.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbir çərçivəsində gənclərin tərbiyəsində islam dininin rolu, milli birliyin möhkəmlənməsində dini həmrəyliyin rolu, hərbi kollektivlərdə qarşılıqlı münasibətlər, yüksək davranış qaydaları, sağlam əhval-ruhiyyənin yaranmasında və formalaşmasında mənəvi dəyərlərin rolu, şəxsi heyətin tolerantlıq ruhunda tərbiyəsi, eləcə də digər mövzularda söhbətlər aparılıb, Azərbaycan Ordusunda bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxış edənlər hərbi xidmət zamanı mənəvi hazırlığın, davranış mədəniyyətinin və sağlam psixoloji mühitin əhəmiyyətinə toxunublar. Zərərli vərdişlərin insan sağlamlığına və hərbi intizam mühitinə vurduğu zərərlərdən danışılıb, bu istiqamətdə dövlət səviyyəsində həyata keçirilən tədbirlər ətraflı izah edilib. Qeyd olunub ki, ordu daxilində sağlam əxlaqi mühitin formalaşması təkcə intizamı deyil, həm də ümumi döyüş hazırlığını möhkəmləndirir.
Görüşdə, həmçinin dini radikalizmə qarşı maarifləndirici tədbirlərin mühüm rolunun olduğu xüsusi vurğulanıb. Bildirilib ki, hərbi kollektivlərdə dini biliklərin düzgün təbliği, İslam dininin əsl mahiyyətinin izah olunması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, qeyd edilib ki, dini maarifləndirmə yolu ilə gənc hərbi qulluqçuların düzgün mənəvi dünyagörüşünün formalaşması onların həm vətənpərvərlik hissini, həm də məsuliyyət duyğusunu artırır.
Tədbir sonda sual-cavab formatında davam etdirilib və hərbi qulluqçuları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

"Azərbaycan Ordusu"