Vətən təkcə ayaq basdığımız torpaq deyil, kimliyimiz, ruhumuz, tarixi keçmişimiz və gələcəyimizdir. Torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən hər bir şəhidin döyüş yolu qanla yazılmış qəhrəmanlıq dastanıdır. Ölkəmizin müstəqilliyi və azadlığı uğrunda döyüşən, torpaqlarımızı gözbəbəyi kimi qoruyan hər bir əsgər, hər bir zabit bu millətin qürur rəmzidir.
Bu gün dünyada Azərbaycan Ordusu hərbi gücü, mənəvi qüdrəti, eləcə də xalqımızın birliyi ilə tanınır. Ordumuzun qüdrəti onun sıralarında xidmət edən cəsur, peşəkar və vətənpərvər hərbi qulluqçularının sayəsində daha da güclənir. Onların sırasında elələri də vardır ki, həyatlarını ön cəbhədə, səngərlərdə, sözün əsl mənasında, odun-alovun içində keçirərək şanlı tarix yazırlar. Bu tarixi qanları ilə yazan qəhrəman oğullarımızdan biri də şəhid kapitan Aqil Niyaz oğlu Məlikovdur. O, öz ömür yolunu peşəkar zabit kimi Vətənə xidmətə həsr edib. Şəhidimiz torpaqlarımızın azadlığı, müdafiəsi və bütövlüyü uğrunda canını düşünmədən fəda edənlərdən biridir.
Aqil Məlikov 1986-cı il aprelin 6-da Quba rayonunun Alpan kəndində dünyaya gəlib. Uşaqlıq illərindən hərb sahəsinə olan marağı onu indiki Heydər Əliyev adına Hərbi İnstituta yönləndirib. 2009-cu ildə hərbi təhsil ocağını müvəffəqiyyətlə başa vuraraq ordu sıralarında zabit kimi xidmətə başlayıb.
İçdiyi Hərbi Anda sadiq olan Aqil Azərbaycan Ordusunun hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət yolu keçib. Xidmət etdiyi bölmələrdə nizam-intizamı, peşəkarlığı və yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilib.
Kapitan Aqil Məlikov təkcə Azərbaycan Ordusunda keçirilən təlimlərdə deyil, digər beynəlxalq təlimlərdə də ölkəmizi layiqincə təmsil edib. Xidmətini "N" hərbi hissəsində davam etdirən Aqil burada tabor komandirinin müavini vəzifəsinə qədər yüksəlib.
Peşəkarlığını təkcə sülh dövründə deyil, müharibə şəraitində də sübut edən kapitan Məlikov 2016-cı ilin Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində də ön sıralarda olub. Qəhrəman şəhidimiz işğal altında olan torpaqlarımızın Ermənistan silahlı birləşmələrinin işğalından azad olunması, tarixi ədalətin bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olaraq ən ali məqama ucalıb.
Kapitan Aqil Məlikovun hərbi xidmət dövründə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalları və "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Bu gün şəhidimizin vətənpərvərlik ruhunu yaşadan övladları Xədicə və Süleyman onun bizə əmanətləridir. Kapitan Aqil Məlikovun həyat və döyüş yolu zabitlik şərəfinin, igidliyin və fədakarlığın canlı nümunəsidir. Onun əziz xatirəsi ailəsinin, döyüş yoldaşlarının və bütün qədirbilən xalqımızın yaddaşında əbədi olaraq yaşayacaqdır.
Şəlalə DÜNYAMALIYEVA "Azərbaycan Ordusu"