Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2025 19:13

Hərbi intizam, fiziki güc, taktika və döyüş qabiliyyəti

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2025-ci il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkil edilən növbəti təlim toplanışı "N" hərbi hissəsində uğurla davam etdirilir. Tədbirin əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlilərin döyüş qabiliyyətinin, fiziki və taktiki hazırlığının artırılması, nəzəri və praktiki bilik və bacarıqlarının yüksəldilməsi, onların müasir döyüş şəraitinə uyğun vərdişləri mənimsəməsidir.
Toplanışa cəlb olunan hərbi vəzifəlilər ilkin mərhələdə şəxsiyyətləri üzrə qeydiyyatdan və tibbi müayinələrdən keçir, hərbi geyim, fərdi qoruyucu vasitələr, eləcə də digər təminat növləri ilə təmin olunurlar. Bu, onların fiziki və mənəvi cəhətdən toplanışa tam hazır vəziyyətdə qoşulmalarına şərait yaradır.
Şübhəsiz ki, nizami ordu olmasa, heç bir döyüş hazırlığından danışmaq olmaz. Ona görə də ordu quruculuğunda daim diqqətdə saxlanılan məqamlardan biri də şəxsi heyətin yüksək hərbi intizama sahib olmasıdır. Hərbi intizam isə sıradan başlayır. Şəxsi heyətin döyüş hazırlığından, gündəlik fəaliyyətindən danışdıqda sıra hazırlığı məşğələlərini mütləq qeyd etməliyik. Toplanış çərçivəsində keçirilən sıra hazırlığı məşğələləri xüsusi əhəmiyyət kəsb edir. Hərbi xidmətin ayrılmaz hissəsi olan sıra hazırlığı şəxsi heyətin nizam-intizamlı, dəqiq və koordinasiyalı fəaliyyət göstərməsi üçün əsas baza rolunu oynayır. Burada hərbi vəzifəlilərə sıra düzülüşləri, yerində və hərəkətdə olan komandaların icrası, fərdi və qrup şəklində fəaliyyətlər, təzim etmə qaydaları, nizamnamə əsaslı davranış vərdişləri tədris olunur. Sıra hazırlığı məşğələlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsinin tələblərinə uyğun olaraq dərslər keçirilir, sırada silahsız və silahla sıra hərəkətlərini və yerişini, əsgəri salamlaşma qaydalarını, hərbi qulluqçuların düzülüşdən qabaq və sırada vəzifə borclarını, sıra hazırlığına olan tələbləri, yuxarı rəislərə yaxınlaşma, həmçinin digər elementlər öyrədilir. Bunlarla yanaşı, sıra hazırlığı həm də şəxsi heyətə yüksək intizam aşılayır.
"Atəş hazırlığı məşğələsi də döyüş hazırlığının mühüm tərkib hissəsidir. Bu mövzunun metodikasına nəzər salsaq görərik ki, nəzəri bilik və bacarıqların praktiki uğurla icrası mütləq və zəruridir. Belə ki, atış tapşırıqlarının dəqiq yerinə yetirilməsi üçün şəxsi heyət mütləq qaydada silah və döyüş sursatını, onun imkanlarını və tətbiqi qaydalarını bilməlidir. Məşğələlər zamanı şəxsi heyətə düzgün nişanalma, atış qaydaları, normativlərin yerinə yetirilmə ardıcıllığı, çalışma şərtləri və ən əsası təhlükəsizlik qaydaları bir daha öyrədilir. Həmçinin şəxsi heyətə müşahidə edərək hədəfləri aşkar etmə, onlara qədər olan məsafəni müəyyənləşdirmə, həm fərdi, həm də bölmə tərkibində sərrast atış texnikası təkrar elətdirilir. Toplanış zamanı da hərbi vəzifəlilər müxtəlif silah növləri ilə praktiki məşğələlərdə iştirak edirlər. Təlimlər zamanı əsas diqqət nişangah seçimi, silahın düzgün tutulması, atəş zamanı nəfəs və barmaq nəzarətinə yönəldilir. Eyni zamanda, döyüş şəraitinə uyğun taktiki hərəkətlər - sığınacaqdan istifadə, mövqe dəyişmə, qrup halında irəliləmə - intensiv şəkildə tədris olunur.
Hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Məhz buna görə də müasir ordumuzda fiziki hazırlıq döyüş hazırlığının ayrılmaz tərkib hissəsidir. Şübhəsiz ki, döyüş şəraitində hərbi qulluqçuların fiziki hazırlığı həyati əhəmiyyət daşıyır. Bu baxımdan, təlim toplanışında fiziki hazırlıq məşğələləri sistemli və mərhələli şəkildə aparılır. Qaçış, turnikdə dartınma, maneələr zolağından keçmə kimi tapşırıqlar vasitəsilə hərbi vəzifəlilərin çevikliyi, dözümlülüyü və gücü inkişaf etdirilir, eyni zamanda, bu məşğələlər hərbi intizamın möhkəmləndirilməsinə də mühüm töhfə verir.
Toplanış müddətində hərbi vəzifəlilərlə psixoloji hazırlıq və təhlükəsizlik qaydalarına dair maarifləndirici söhbətlər də aparılır. Mütəxəssislər tərəfindən keçirilən interaktiv seminarlar vasitəsilə şəxsi heyətə təhlükəsizlik standartları, döyüş etikası və komanda ruhunun önəmi izah olunur.
Bu cür təlim toplanışları yalnız ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin praktiki döyüş qabiliyyətinin artırılması baxımından deyil, ümumilikdə ordumuzun müdafiə gücünün qorunması və mütəmadi olaraq yenilənməsi üçün də mühüm əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, bu tipli tədbirlər nəticəsində həm fərdi bacarıqlar, həm də kollektiv fəaliyyət imkanları əhəmiyyətli dərəcədə yüksəlir.

 

Eltun MƏMMƏDOV "Azərbaycan Ordusu"