Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2025 19:13

İkiqat məsuliyyət

Hərbi hissədə tibb məntəqəsində tibb xidməti zabitləri ilə bərabər, mülki həkimlərin də çalışması yenilik deyil. Hərbi hissələrdə mülki şəxslər müxtəlif sahələrdə çalışdıqları kimi, hər zaman tibb sahəsində də çalışıblar. Polkovnik-leytenant Elşən Hüseynovla tibb məntəqəsində olduq.
Hərbi hissənin tibb məntəqəsi nəzərdə tutulmuş tibbi avadanlıqlarla təchiz olunmuşdu. Əsgərlərin müalicəsi və müayinəsi üçün hər bir şəraiti olan yeni tikilmiş məntəqədə təmizlik, səliqə-sahman hökm sürürdü. Zabit Elşən Hüseynov qeyd etdi ki, məntəqədə çalışan həkimlər və tibb işçiləri müraciət edən hərbi qulluqçuları qəbul edir, onların səhhəti ilə bağlı şikayətlərini dinləyib müayinə edirlər. Ehtiyac yarandıqda isə həmin hərbi qulluqçu hospitala göndərilir. Zabit onu da əlavə etdi ki, Sürəyya Məmmədova öz işində məsuliyyətli həkimlərdəndir. Məntəqəyə gələn əsgərləri ətraflı müayinə edir, onların tezliklə müalicə olunub sağlam şəkildə sıraya qayıtmalarını təmin edir.
Tibb məntəqəsində Sürəyya həkimlə görüşdük. O, məntəqəyə gələn əsgərləri diqqətlə müayinə edib, onların səhhətində hər hansı bir dəyişikliyin olub-olmadığını müəyyən edirdi. Həkim dedi: “Yeddi ildən artıqdır ki, bu hərbi hissədə çalışıram. Vətən müdafiəçilərinin sağlamlığının keşiyində dayanmaq mənim üçün qürurvericidir. Məntəqəyə gələn və səhhəti ilə bağlı müraciət edən hər bir hərbi qulluqçunu dinləyirəm, sonra onun tənəffüs yollarına xüsusi cihaz vasitəsilə qulaq asıram. Hərarəti olan xəstələr ciddi həkim nəzarətinə götürülür, bəziləri isə hospitala gödərilir. İndi havanın tez-tez dəyişən vaxtıdır. Məntəqəyə müraciət edənlərin də sayı bir qədər artıb. Bu, təbii haldır. Boğaz ağrıları, öskürək halları daha çox olur. Buna qarşı qabaqlayıcı tədbirlər görürük. Əsgərlər təlim-məşğələlərdə olurlar. Onlar çöl şəraitində daha çox olduqları üçün bəzən də soyuq hava onlara təsir edir. Belə hava şəraitində xəstəliklərin baş qaldırması gözləniləndir. Hansı aylarda nə cür hava şəraitində baş qaldıra biləcək xəstəliklərə qarşı əvvəlcədən profilaktik tədbirlər görürük.
Həkim Sürəyya Heydər qızı Məmmədova Beyləqan rayonunda anadan olub. Azərbaycan Tibb Universitetini "Müalicə işi" ixtisası üzrə bitirib. Tibb məntəqəsində çalışıb və hərbi hissədə həkimə ehtiyac olduğunu biləndə müraciət edib, müsbət cavab alıb. Elə həmin vaxtdan da burada həkim kimi çalışır. Hərbi hissənin tibb məntəqəsində yaradılan şəraitə görə və komandanlığın ona göstərdiyi etimadı doğrulduğu üçün özünü rahat hiss edir.
Sürəyya həkim dedi ki, tibb məntəqəsində ona daha yaxından kömək edən tibb xidməti giziri Təvəkkül İsayevdir. Təvəkkül Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin nəzdində fəaliyyət göstərən tibb kollecini bitirib. 2018-ci ildən burada xidmət etdiyini deyən feldşer Təvəkkül İsayev xidmətindən, burada çalışan həkimlərdən razı qaldığını bildirdi. Onun başlıca vəzifəsi həkimlərin verdiyi tapşırıqları, yəni, xəstələri nəzarətdə saxlamaq və onların müalicəsinin gedişini təmin etməkdir.
Həkim Sürəyya Məmmədova tibb məntəqəsində işini elə təşkil edib ki, həm kollektivin, həm də müraciət edən hərbi qulluqçuların hörmətini qazanıb. Həkim əsgərlərə bir də xəstələnməməyi arzulasa da, bəzən bunun qaçılmaz olduğunu dedi.
Vətənimizin müdafiəsində dayanan cəsur oğulların sağlamlığının keşiyində dayanmaq onun üçün ikiqat məsuliyyətdir.

 

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"