Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2025 19:13

“Hərbi xidmətin müqəddəsliyinin məsuliyyətini yaxşı dərk edirik”

Günün nizam qaydalarına uyğun olaraq, Azərbaycan Ordusunun hissə və bölmələrində keçirilən ictimai-siyasi hazırlıq dərslərində ordumuzun yaranma tarixi və keçdiyi inkişaf yolu, ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüş əməliyyatları zamanı igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələri, eləcə də digər mövzularda söhbətlər aparılır. Keçirilən məşğələlər əsgərlərimizin döyüş ruhuna və Vətən sevgisinə müsbət təsir göstərir.
Görülən məqsədyönlü işlərin nəticəsidir ki, qalib ordumuzun sıralarında xidmət edən Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanına, xalqına, mənəvi dəyərlərinə sadiq, qorxmaz və cəsur əsgər olaraq Vətənə övladlıq borcunu layiqincə yerinə yetirir. "N" hərbi hissəsində yüksək tərtibatla hazırlanmış və müasir avadanlıqlarla təmin olunmuş sinif otağı Azərbaycan Ordusunun inkişaf tarixinin mərhələlərini, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əsgərlərlə görüşlərini, 44 günlük Vətən müharibəsi və digər döyüş əməliyyatlarında qazanılan tarixi qələbəni, Hərbi Andı və Dövlət Himnini əks etdirən maraqlı eksponatlar əsgərlərin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun artırılmasında, vətənpərvərlik hissinin yüksəldilməsində mühüm rol oynayır.
Vətən qoruyucularımız sinif otağında ictimai-siyasi hazırlıq məşğələsində idilər. Məşğələnin rəhbəri leytenant Qiyas Alıyev dedi ki, ictimai-siyasi hazırlıq dərsləri şəxsi heyətə vaxtlı-vaxtında keçirilir. "Ordumuzun gücü döyüş hazırlığı ilə mənəvi-psixoloji hazırlığın vəhdətidir. İctimai-siyasi hazırlıq məşğələlərinin səmərəli təşkili və keçirilməsi rəhbərlik tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan, müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıqlar yerinə yetirilir, təsdiq edilmiş mövzular üzrə dərslər keçirilir, əsgərlərə milli-mənəvi dəyərlərimizə daha sıx bağlılıq aşılanır. Hərbi qulluqçularımızın möhkəm nizam-intizama, komandirlərinə inam və digər müsbət keyfiyyətlərə malik olmasında ictimai-siyasi hazırlıq dərslərinin rolu böyükdür", - deyə zabit bildirdi.
Əsgərlərimizə mövzu ilə bağlı bir neçə sual ünvanlayıb, onların fikirlərini öyrəndik. Bakı şəhərindən hərbi xidmətə çağırılan əsgər Elvin Yaradanquluyev suallarımıza səlis və dəqiq cavab verdi: "Hərbi xidmət bizə bir çox müsbət keyfiyyətlər aşılayır. Komandirlərimizin təcrübələrindən yararlanır, onlardan lazımi biliklər öyrənir, həmçinin, ictimai-siyasi hazırlıq dərslərində hərbi biliklərimizi, dünyagörüşümüzü də artırırıq. Digər məşğələlər kimi, bu dərsdə də həvəslə iştirak edir, qrup rəhbərimizin danışdıqlarını diqqətlə dinləyir, fərqli mövzularda yeni-yeni məlumatlar əldə edirik".
Əsgər Məhəmməd Şirbağırov əslən Yardımlı rayonundandır. Hərbi qulluqçumuz dedi ki, hər dəfə məşğələyə başlamazdan əvvəl qrup rəhbəri vəzifə borcumuzu soruşur. "Dərsin sonunda keçirilən mövzu haqqında sual-cavab edərək qiymətləndirmə aparır. Keçirilən bütün dərsləri yaxşı mənimsəməyə səy göstəririk. Hərbi xidmətin müqəddəsliyinin məsuliyyətini yaxşı dərk edir, vəzifələrimizin öhdəsindən layiqincə gəlməyə və komandirlərimizin bizə olan etimadını doğrultmağa çalışırıq".
Əsgər Murad Əliyev Vətən sevgisinin mənəvi zənginlik olduğunu qeyd etdi. "Ana Vətənimizin müdafiəsində dayanan hərbi qulluqçular olaraq hər birimizin üzərinə düşən əsas vəzifə şəhidlərimizin canı, qanı bahasına təmin olunan ərazi bütövlüyümüzü qorumaq, onu gələcək nəsillərə ötürməkdir. Bu gün ordu sıralarında xidmət edən əsgər olaraq, komandirlərimizə minnətdaram ki, bizim doğma Vətənimizə layiqli əsgər, əsl vətəndaş kimi formalaşmağımızda əllərindən gələni əsirgəmirlər".

 

Elçin İMANOV "Azərbaycan Ordusu"