Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2025 19:13

Səni xoş görürük, Azərbaycan əsgəri!..

Hərbi xidmətimin başlanğıcından səninlə sənin xidmət etdiyin hərbi hissədə görüşmək istəmişdim, Azərbaycan əsgəri. Əlim əlində isinsin deyə, sözün sözümə söykək olsun deyə, Vətənə sevgimiz qoşalaşsın deyə. Həmin gün Hərbi And içdiyim günü də xatırlayacaqdım, zabit rütbəsi aldığım günü də, xidmətimin ilk gününü də. Səninlə görüşəndə bu duyğuları yenidən yaşayacağıma əminliklə həmin günün işığına tələsirdim. O gün gəldi, Azərbaycan əsgəri! Səninlə üz-üzə, göz-gözə dayanacağım anlara tələsirdim...
Hərbi jurnalist olaraq ilk ezamiyyətin duyğularını belə yaşayırdım: həyəcan, məsuliyyət, əsgərlərlə xidmət yerində söhbətləşməyin qüruru. Bunlar yaddaşımda ömürlük qalacaqdı...
Uğura dan yeri sökülməmiş çıxmışdıq. Saat dörd olmamışdı. Bakı hələ yuxuda idi. Küçələr boş, yollar səssiz, hava sərin idi. Duman yolun görümünü çətinləşdirmişdi; sanki təbiət bizim istəyimizi sınağa çəkirdi.
Saatlar keçdikcə şəfəqin ilk işıqları görünməyə başladı. Günəşin qızılı rəngləri dumanı yavaş-yavaş dağıdır, qaranlıq çəkilib gedirdi. Yol boyu təbiət mənzərələri gözümüzü oxşayırdı. Uca dağlar, dərələr, meşələr, yol kənarında qoyun-quzu otaran çobanlar. Sevgimizin gerçək dünyasına düşmüşdük...
Xidmət yoldaşlarım söhbət edirdi.
Mən pəncərədən gördüklərimi yaddaşıma həkk edirdim, onları təkcə gözlərimlə deyil, həm də ruhumla da hiss edirdim...
Mən saatlardan sonra görüşəcəyim əsgərlərdən soruşacaqlarım haqqında düşünürdüm. Bu, müsahibə olmayacaqdı, söhbətə başlanğıc olacaqdı. Vətəndən danışacaqdıq, Vətən müharibəsindən danışacaqdıq, qəhrəmanlıqlardan danışacaqdıq. Soruşacaqdım ki, tarixi Zəfər qazanmış əsgərlərin davamçısı kimi nə düşünürsünüz? Nə deyəcəklərini təxmin də edirdim: Onlar Qələbənin əsgəri oldular, Zəfər qazandılar, biz Zəfərin əsgəri kimi Azərbaycanın ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyacağıq, bir daha sərhədlərimizin bu üzünə yad ayağı dəyməyəcək! Bu təxminimin gerçəklik olacağına zərrəcə şübhəm yoxdu. Sözarası baş leytenant Elçin İmanov nə düşündüyümü soruşdu. Dedim. Gülümsündü. Bu gözəl təbəssüm mənim düşüncələrimə şərikliyin təbəssümü imiş, bu duyğuların eynini bir neçə il əvvəl o da yaşayıbmış.
Hərbi hissədəydik. Bizi qarşılayan polkovnik-leytenant Anar Əliyev hərbi hissə-hərbi mətbuat münasibətlərinin səmimiliyindən söz açdı, əsgərlərin hərbi mətbuata maraqlı olduqlarını bildirdi, qəhrəmanlıqlardan, qəhrəmanlardan yazılan məqalələri daha həssaslıqla oxuduqlarını dedi. Kursant olanda biz də belə məqalələrə daha çox maraq göstərirdik. Əsgərlərdən biri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu xatırlatdı, digəri Çingiz Qurbanovu. Onların qəhrəmanlığının oxşarlığının ruhun eyniliyindən irəli gəldiyini dedilər. Onu da dedilər ki, Hərbi Anda, dövlətə, dövlətçiliyə sədaqətlə xidmət edən Azərbaycan əsgəri Vətənin müqəddəsliyinin sipəridir...
Zabit A.Əliyev bizə hərbi hissənin tarixindən, təlimlərdən, əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığından danışdı. Zabitin qürurunu qürurumuz bildik...
Azərbaycan əsgərinin döyüş növbətçiliyi apardığı posta gedirdik. Kənd yolları getdikcə çətinləşirdi - dağlıq ərazilərə yaxınlaşırdıq...
Yolmu uzanırdı, bizmi çatmağa tələsirdik, bilmirdim. Vaxt ötüşmürdü elə bil...
Əsgərlərin əhatəsindəydik. Yol boyu düşüncələrimi silkələyən fikirlərin cazibəsində xoş ovqat yaşanılırdı...
Əsgər Zahid Əliyev dedi ki, Vətən mənim üçün də sadəcə bir coğrafi ərazi deyil. Torpağın hər zərrəsi, ağacların hər budağı, axan suların hər damcısı Vətəndir. Mən də bu torpağı, ağacları, axar suları, ... qorumaq üçün and içmişəm. Ruhumuz bu torpağa bağlıdı, ağacları ağac edən, axar sulara sinəsində yer verən torpağımız hər birimizin müqəddəslik ünvanımızdır...
Əsgər Faiq Sadiqov əsgər yoldaşının sözünə qüvvət kimi dedi ki, Vətən nəfəsimizdi, ruhumuzdu, canımızdı! Biz kimliyimizi Vətənin keşiyində durmaqla, bu torpaqları qorumaqla  yaşadırıq. Himnimizdə deyildiyi kimi, Səndən ötrü can verməyə cümlə hazırız...
Əsgərin düşüncələri ürəyimizi dağa döndərir. Azərbaycan əsgərinin Vətən sevgisinin nəhayətsizliyi döyüş növbətçiliyinin göylərinə yayılır...
Hərbi hissəyə çatınca xəyalən kəlmələşdiyim əsgərlərin düşüncələrini onun mənəvi-psixoloji hazırlığının manifesti bilirəm!..

 

Əli ABIYEV "Azərbaycan Ordusu"