Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2025 13:23

Vətənə sədaqəti ilə əbədi ünvan qazandı

Şanlı tariximiz saysız-hesabsız qəhrəman övladlarımızın fədakarlığı ilə yazılıb. Bu igidlər Vətənimizin qədrini bilən, onun uğrunda canını fəda etməyə and içmiş əqidə sahibləridirlər. Hər biri müstəqil dövlətimizin, məğrur xalqımızın sarsılmaz iradəsinin canlı təcəssümüdür.
44 günlük Vətən müharibəsi zamanı öz həyatını torpaqlarımızın bütövlüyünə sipər edən bu igidlərdən biri də şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovdur. O, təkcə peşəkar hərbçi deyil, həm də ruhən əsgər, qəlbən vətənpərvər, əməli ilə zabitlik şərəfini daşıyan, sonda isə şəhidlik zirvəsinə ucalaraq adını xalqımızın yaddaşına əbədi həkk edən bir şəxsiyyətdir.
Xeyrulla İbrahimov 19 aprel 1971-ci ildə Bakı şəhərində anadan olub. Hərb sahəsinə olan marağı onu 1988-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirir. Bu seçim onun ömürlük peşəsini, həm də taleyini müəyyənləşdirir. 1992-ci ildə Xmelnitski adına Ali Artilleriya Komandanlıq Məktəbini bitirən gənc zabit 2000-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasını uğurla başa vuraraq hərbi sahədə yüksək ixtisasa yiyələnir.
Azərbaycan Ordusunda keçdiyi xidmət yolu özündə böyük peşəkarlıq və fədakarlıq nümunələri daşıyır. O, müxtəlif vəzifələrdə xidmət edərək etimadı doğruldub. 27 oktyabr 2011-ci ildə ehtiyata buraxıldıqdan sonra belə hərbi həyatla bağlarını qırmayıb və Vətənin çağırışı gəldikdə, bir an belə tərəddüd etmədən ön cəbhəyə yollanıb.
Vətən müharibəsinin başlandığı ilk günlərdən Xeyrulla İbrahimov yenidən silaha sarılır. Hərbi hissənin artilleriya rəisi kimi üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə onun taktiki biliyi və komandirlik bacarığı hərbi qulluqçularımızın həyatını qoruyur, Vətənimizin isə hər qarış torpağının azad edilməsinə töhfə olur.
2020-ci il oktyabrın 26-da Xocavənd rayonunun Zoğalbulaq kəndi istiqamətində gedən ağır döyüşlər zamanı polkovnik-leytenant Xeyrulla İbrahimov qəhrəmancasına şəhid olur. Onun qanı ilə suladığı torpaqlarımız bu gün müstəqilliyimizin, suverenliyimizin və qürurumuzun rəmzidir.
Hələ sağ ikən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə", müdafiə nazirinin əmrinə əsasən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)", "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" medalları ilə təltif olunub. Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun həyatı sarsılmaz iradənin, ali Vətən sevgisinin və zabitlik əzminin təntənəsidir. İndi onun ruhu işğaldan azad olunan tarixi torpaqlarımızda, Azərbaycan bayrağının dalğalandığı ərazilərimizdə dolaşır.
Vətən müharibəsi zamanı üzərinə düşən vəzifələrin öhdəsindən yüksək məsuliyyət və peşəkarlıqla gələn, döyüş meydanında igidliyi və fədakarlığı ilə fərqlənən, düşmənə ciddi zərbələr endirərək onun canlı qüvvəsini və texnikasını sıradan çıxaran zabitimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"