Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2025 13:22

“Bu bayrağı oğlum Türkaya çatdırın”

Azərbaycan Ordusunun igid kapitanı, Xüsusi Təyinatlılarda qrup komandiri olmuş Kamil Əliş oğlu Şirinov Vətən müharibəsi zamanı həyatını xalqına və torpağına fəda etmiş mərd Azərbaycan oğludur. O, döyüş yoldaşının həyatını xilas edərkən düşmən snayperinin gülləsinə tuş gəlmiş, sinəsində daşıdığı Azərbaycan Bayrağını döyüş yoldaşına verərək "Bunu oğlum Türkaya çatdırın" demişdir. Bu sözlər onun Vətənə olan sevgisinin, ata qürurunun və şəhidliyə hazır bir ruh daşıdığının ifadəsi idi.
Kapitan Kamil Şirinov 1991-ci il aprelin 9-da Salyan rayonunun Çuxanlı kəndində hərbçi ailəsində dünyaya gəlib. Atası Əliş Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Kamil və qardaşı atalarının yolunu davam etdirmək üçün hərbçi olmağa qərar vermişdilər. Kamil uşaq yaşlarından hərb sənətinə maraq göstərmiş, məqsədini və yolunu dəqiq müəyyənləşdirmişdi.
İbtidai və orta təhsilini doğma kəndində, şəhid Ziyad Həmidovun adını daşıyan Çuxanlı kənd tam orta məktəbində başa vuran Kamil 2006-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur. Liseyi uğurla bitirdikdən sonra 2009-2013-cü illərdə indiki Heydər Əliyev adına Hərbi İnstitutu "leytenant" hərbi rütbəsi ilə bitirərək Azərbaycan Ordusunun xüsusi təyinatlı bölmələrində xidmətə başlayır və qısa zaman ərzində peşəkarlığı, fiziki hazırlığı, dəqiqliyi və iradəsi ilə seçilir.
Aprel döyüşlərində onun fədakarlığı və igidliyi ön plana çıxır. O, düşmənə qarşı amansız mübarizə aparır. Bu şücaətinə görə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilir. Prezident  İlham Əliyev həmin medalı ona şəxsən özü təqdim edir. Həmin döyüşlərdə qazanılan uğurlar Kamilin həyat yolunu daha da möhkəmləndirir. Dostları onu "Sarı komutan" kimi çağırırdılar. Bu ləqəb həm rəğbət, həm ehtiram, həm də inam rəmzi idi. Xidmət illərində Kamil Türkiyə, Pakistan və digər ölkələrdə keçirilən hərbi təlimlərdə iştirak etmiş, bilik və bacarıqlarını artırmışdır.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Kamil ilk günlərdən ön cəbhəyə atılmışdı. Onun döyüş yolu Füzuli istiqamətindən başlamış, komandiri olduğu bölük ilə birlikdə düşmənin möhkəmləndirdiyi mühəndis-istehkam səddinin darmadağın edilməsində  iştirak etmişdi. Düşmənin mühəndis-istehkam xəttini keçmək böyük fədakarlıq və hazırlıq tələb edirdi. Bu döyüşdə Kamil düşmən snayperinin gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəldi.
Kapitan Kamil Şirinov döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Kamil ailəsinə çox bağlı idi. Cəmi üç il ailəli olsa da, bu illər onun həyatında dərin izlər buraxmışdı. İki övladı onun ən böyük yadigarıdır. Kamil həm də futbolu çox sevirdi. "Qalatasaray" azarkeşi olan Kamil kapitanı olduğu futbol komandası ilə tez-tez yarışlarda iştirak edir, onları daim qələbəyə aparırdı.
Kamil Şirinovun adı Azərbaycan tarixində əbədi yaşayacaq. Onun qəhrəmanlığı yalnız döyüş meydanında deyil, eyni zamanda, şəxsi həyatında və xalqına olan bağlılığında da təzahür edirdi.
Kamil Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunəsi və şəhidlik zirvəsinə ucalması ilə daim yaddaşlarda qalacaq.
Vətən uğrunda döyüşlərdə canını fəda edən hər bir şəhidimiz, o cümlədən Kamil Şirinov Azərbaycan tarixinin ən parlaq səhifələrində dərin izlər buraxıb. Onlar gələcək nəsillərə Vətənə olan sevginin, mərdliyin və fədakarlığın nümunəsidirlər.

Əli ABIYEV

"Azərbaycan Ordusu"