Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2025 13:21

Dəmir iradəli qəhrəman

Tarixin yaddaşına həkk olunan elə insanlar var ki, onların həyat yolu bir xalqın mübarizə ruhunu yaşadır, gələcək nəsillərə örnək olurlar. Bu adlar təkcə tərcümeyi- hallarda deyil, həm də yaddaşlarda yaşayırlar.
Belə şəxsiyyətlərdən biri olan İsgəndər Aznaurovun adı səngərlərin səssizliyində də səslənir, dağların gur səsində də eşidilir. İsgəndər yalnız bir topçu deyildi, o, həm də iradənin poladdan heykəli, Vətən eşqinin od tutub alışan simvolu idi.
İsgəndər Söhrab oğlu Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1974-cü ildə hərbi xidmətə çağırılıb və artilleriya qoşunlarında qulluq edib. Hərbi biliklərini mükəmməl şəkildə mənimsəyən İsgəndər Özbəkistanın Daxili İşlər Nazirliyində çalışıb, sonra isə Azərbaycana köçüb. Onun Azərbaycanın Gədəbəy rayonuna gəlişi sadə bir köç deyildi - bu, Vətən sevgisinin dağlar qoynuna köçü idi.
Birinci Qarabağ müharibəsi zamanı İsgəndər Aznaurov könüllü olaraq cəbhəyə yollanıb. Artilleriya sahəsindəki təcrübəsi onu cəbhə bölgəsində seçilən bir döyüşçüyə çevirib. Gədəbəyin müdafiəsində müstəsna xidmətlər göstərib. Onun dəqiq nişangahlı topları düşmən mövqelərini darmadağın edirdi, hər döyüşü bir qəhrəmanlıq dastanına çevrilirdi. Elə bu səbəbdən də döyüş yoldaşları ona ehtiramla "Topçu İsgəndər" deyirdilər.
İsgəndər Aznaurov yalnız silahla deyil, həm də ruhla döyüşürdü. O, əsgərlərin əhval-ruhiyyələrini yüksəldən, onlara əsl vətənpərvərlik dərsi keçən, qorxu bilməyən bir komandir idi. Onun olduğu səngərdə qorxu yerini qürurla dəyişirdi.
1993-cü ilin 18 aprelində Gədəbəydə "Örükdaş"da düşmənin 13 texnikasına qarşı 3 növ texnika ilə vuruşur. Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edir. Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə - döyüşlərin ən qızğın hissəsinə yollanır. Orada Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və o, Qəhrəmancasına həlak olur. Onun həyatı mərd və qətiyyətli mübarizənin parlaq nümunəsinə çevrilib. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 24 fevral 1994-cü il tarixli Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
O, Bakı şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Hər il minlərlə insan onun məzarını ziyarət edir, ruhuna dualar oxuyur.
İsgəndər Aznaurovun ömür yolu onu tanıyan hər kəsin qəlbində dərin iz buraxıb. Onun şəxsiyyəti yalnız cəbhədə göstərdiyi igidliklə deyil, həm də sadəliyi, səmimiliyi və əqidəsinə sadiqliyi ilə seçilib. Vətənin dar günündə əsl vətənpərvər övlad kimi sinəsini qabağa verərək, nəinki düşmənin hücumunu dəf edib, həm də gələcək nəsillərə əsl qəhrəmanlığın nə olduğunu nümayiş etdirib.
İsgəndər Aznaurovun həyat yolu bizə bir daha sübut edir ki, Vətəni sevmək sözlə deyil, əməllə ölçülür. Onun keçdiyi bu şərəfli yol Axıskadan Azərbaycana, oradan isə şəhidlik zirvəsinə qədər uzanan mənəvi iradənin təcəssümüdür.
Bu gün onun adı məktəblərə, küçələrə verilir, haqqında sənədli filmlər hazırlanır, xatirəsi dövlət səviyyəsində əziz tutulur. Ancaq ən böyük xatirə onun qəhrəmanlığını yaddaşında daşıyan bir millətin sevgisidir.

Eltun MƏMMƏDOV

"Azərbaycan Ordusu"