Əsgər Mürvət Söydümov - Sərbəst güləş üzrə Azərbaycan çempionu:
- Fiziki hazırlıq hərbi qulluqçunun xidmət keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdən biridir. Yüksək fiziki göstəricilərə malik olan əsgər verilən tapşırıqları daha çevik, sürətli və dəqiq yerinə yetirir. Hərbi hissəmizdə hər bir əsgərin fiziki hazırlığını inkişaf etdirməsi üçün hər bir şərait yaradılıb. Mülki həyatda idmanla məşğul olan biri kimi deyə bilərəm ki, burada yaradılan şəraitdən səmərəli şəkildə istifadə edirik. Qarşıma qoyduğum əsas məqsəd - sağlam, intizamlı və yüksək döyüş hazırlığına malik əsgər kimi formalaşmaq, Vətənim Azərbaycana layiqli xidmət etməkdir.
Əsgər Kənan Şükürov - Karate üzrə Azərbaycan çempionu:
- Hərbi xidmətə başlamamışdan öncə idmanın karate növü ilə məşğul olmuşam. Hədəfim hər zaman şanlı bayrağımızı digər dövlətlərin bayraqları arasında birinciliyə qaldırmaq olub. İnanıram ki, müddətli həqiqi hərbi xidmətimi başa vurduqdan sonra məqsədimə nail olacağam. Bunun üçün hərbi hissəmizdə hər cür şərait yaradılıb. Komandanlıq tərəfindən hərbi hissəmizdə yaradılan şəraiti gördükdə çox sevindim. Xidmət yoldaşlarımla birlikdə günün nizam qaydalarına uyğun olaraq fiziki hazırlıqla məşğul olur, idman bacarıqlarımızı artırırıq. Anlayırıq ki, fiziki hazırlığı yüksək olan əsgər təlimdə və döyüş meydanında qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən rahatlıqla gələ bilər.
"Azərbaycan Ordusu"