Orduda vacib məişət sahələrindən biri də camaşırxana xidmətidir. Burada şəxsi heyətin yataq dəsti, bütün növ geyimləri, gündəlik istifadə etdiyi dəsmallar yuyulur və ütülənir. Yay və ya qış geyimlərinə keçid zamanı isə üst geyimlər yuyulub bölmələrin anbarına təhvil verilir. Polkovnik-leytenant Elşən Hüseynov dedi ki, camaşırxana istifadəyə verilən gündən burada çalışan xanımlar öz işlərinin öhdəsindən bacarıqla gəlirlər.
Quruducu maşının operatorları Lətafət Süleymanova və Zenfira Məmmədova artıq 5 ildən çoxdur ki, burada çalışırlar. Lətafət xanım Beyləqan rayonundandır. O dedi ki, hərbi hissədə çalışmaq ona olduqca xoş təsir bağışlayır. Çünki burada Vətənimizi qoruyan, onun uğrunda hər an döyüşə hazır igid oğullarımızın xidmətindədir. Həmyerlisi Zenfira xanım da onunla eyni fikirdədir. O, əvvəllər bir neçə yerdə işləyib, ancaq burada çalışdığı qədər heç bir yerdə işindən bu qədər məmnun qalmayıb. Həm hərbi hissənin komandir heyətindən, həm də camaşırxanada çalışan kollektivin mehribançılığı onu işindən zövq almağa sövq edir.
Yuyucu-sıxıcı maşının operatorları Tükəzban Cəfərova, Rayilə Əliyeva, Yaqut Bəşirova da camaşırxanada çalışan ən fəal işçilərdəndirlər. Onlar qəbul edilən yataq dəstləri, alt geyimləri, dəsmalları çeşidləyib ardıcıllıqla irihəcmli paltaryuyan maşına doldurur və nəzərdə tutulan yuyucu vasitələri maşına əlavə edib işə salmaqla camaşırların yuyulub başa çatma vaxtını gözləyirlər.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Təyyar Tapdıqov camaşırxanada çalışan işçilərin fəaliyyətinə, avadanlıqların sazlığına, əşyaların vaxtında qəbuluna və təhvil verilməsinə cavabdehlik daşıyır. Təyyar bir neçə ildir ki, burada xidmət edir və ona həvalə olunan bu vəzifənin öhdəsindən layiqincə gəlir.
Camaşırxana binasındakı səliqə-sahman, təmizlik göz oxşayır. Yataq dəstləri, dəsmallar, geyimlər yuyulub ütüləndikdən sonra anbarda rəflərə səliqə ilə yığılır. Əşyaların təhvilinin hesabını aparan Zenfira Məmmədova bölmələrdən gələn hərbi qulluqçuların təhvil alacaqları təmiz əşyaları xüsusi kitabda qeydlər aparmaqla gələn cavabdeh şəxsə verir. Bu cür dəqiq hesabların aparılması həm camaşırxana işçilərində, həm də əşya-əmlakı qəbul edən hərbi qulluqçularda məsuliyyət hissi yaradır.
Rəflərdəki çeşidlənərək ütülənmiş dəstlər diqqətimizdən yayınmadı. Həmin dəstləri Zenfira xanım qəbul edən hərbi qulluqçuya saya uyğun təhvil verirdi. O, camaşırxanada işləyən ən təcrübəli işçilərdən biridir. Dəqiq və məsuliyyətli işçi kimi çalışdığı üçün hər kəsin sevimlisi olub. Zenfira xanım dedi: “İkinci Qarabağ müharibəsində çalışdığı hərbi hissədən əlavə digər hərbi hissələrdən də yumaq üçün geyimlər qəbul edirdik. Onları vaxtında yuyaraq ütüləyib təhvil verirdik. Müharibə zamanı daha da çox işləyib döyüşçülərin geyimlərini yuyub vaxtında onlara göndərirdik. Arxa cəbhədə bir ana kimi əsgərlərə qayğımı gecə-gündüz demədən, yorulmaq bilmədən göstərməyə çalışırdım. Ordumuz qələbə qazandı, 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımız azad edildi".
Camaşırxanada işləyən hər bir işçi üzərinə düşən məsuliyyəti dərk edir, qarşılarına qoyulan tapşırığı vicdanla yerinə yetirir. Onların bu cür fədakarlıqları sayəsində əsgərlər təmiz yataqla və alt geyimlə təmin olunurlar.
Bəxtiyar ƏLİYEV
"Azərbaycan Ordusu"