Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2025 17:45

Məsuliyyət, nizam-intizam və əxlaq

Müasir ordu yalnız silah gücü ilə deyil, mənəvi dəyərləri ilə də seçilməlidir. Bu baxımdan hərbi etiket ordunun döyüş hazırlığı qədər vacib olan, düzgün təşkil edilmiş davranış normaları sistemidir. O, sadəcə qayda-qanunlar toplusu deyil, birbaşa döyüş meydanında qələbə ilə nəticələnə biləcək nizamın, intizamın, hörmətin və məsuliyyətin canlı təcəssümüdür. Əsgərin bir sözə və bir işarəyə dərhal reaksiya verməsi, əmrə tabe olması və komandirinə hörmətlə yanaşması onun fiziki deyil, həm də mənəvi hazırlığının göstəricisidir. Bu hazırlığın formalaşmasında isə hərbi etiketin rolu misilsizdir.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi: "Hərbi xidmətdə məsuliyyət, nizam-intizam və əxlaq hər bir zabit və əsgərin ayrılmaz xüsusiyyətləri olmalıdır". Bu sitatda etik davranışların konkret tələbləri - məsuliyyət, dürüstlük və intizam önə çəkilir. Yəni, əsgər yalnız fiziki hazırlığı ilə deyil, davranışı və əxlaqı ilə də nümunə olmalıdır.
Hərbi etiket ordunun daxili münasibətlər sistemində sabitliyi qoruyur, tabelik və rəhbərlik arasında sağlam körpü yaradır, hərbi kollektivlərdə qarşılıqlı anlaşmanı təmin edir.
İntizam hərbi qulluqçuların şəxsiyyətində və xidmətində əsas daşıyıcı sütundur. Onun sayəsində əmr və tapşırıqlar mübahisəsiz, vaxtında və düzgün icra olunur. Bu, həm təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsində, həm də döyüş hazırlığı səviyyəsinin artırılmasında mühüm amildir. Hərbi intizam, eyni zamanda, şəxsi məsuliyyət və kollektivin rifahı arasındakı balansı qoruyur, rütbə və vəzifəsindən asılı olmayaraq hər kəsin bir-birinə qarşı hörmətlə davranması, ordu daxilində düzgün münasibətlərin formalaşması üçün zəruridir. Komandirlərə ehtiram, tabeliyində olanlara qarşı isə qayğıkeş və ədalətli münasibət - hərbi etik davranışın ayrılmaz tərkib hissəsidir. Hörmətli münasibət kollektiv ruhunun qorunmasına və xidmətin daha səmərəli təşkilinə təkan verir.
Hər bir hərbi qulluqçu verilən tapşırığa məsuliyyətlə yanaşmalı, onu vaxtında, dəqiq və vicdanla yerinə yetirməlidir. Məsuliyyət yalnız bir tapşırığın icrası deyil, həm də özünə, xidmətinə, komandirinə və Vətənə qarşı daşıdığı borcun şüurlu dərkidir. Məsuliyyətli hərbi qulluqçu hər zaman dəqiq, dürüst və öz fəaliyyətinə cavabdeh olmağı bacaran şəxsdir. Səliqəli və nizamlı geyim forması, şəxsi gigiyena qaydalarına riayət hərbçinin peşəsinə olan münasibətinin göstəricisidir. Bu zahiri görünüş orduya olan ictimai münasibəti də müəyyən edir.
Nizamlı görünüş yüksək daxili məsuliyyətin və şəxsi mədəniyyətin nəticəsidir. Hərbi qulluqçular rəsmi və qeyri-rəsmi şəraitdə öz statuslarına uyğun davranmalıdırlar. Nitq mədəniyyəti, müraciət formaları, təqdimat və salamlaşma qaydaları qarşılıqlı hörmətin, nizam-intizamın təzahürüdür. Sözlərin və davranışların arxasında güclü mənəvi baza dayanmalıdır. Hərbi etiket əsgərin təkcə davranışını deyil, onun dünyagörüşünü də formalaşdırır. Dövlət rəmzlərinə hörmətlə yanaşmaq hərbi qulluqçunun milli mənsubiyyətinə və vətəndaşlıq məsuliyyətinə sadiqliyini ifadə edir. Bu rəmzlər qarşısında göstərilən ehtiram dövlətçiliyə və müstəqilliyə verilən yüksək dəyərin bariz nümunəsidir.
Ordunun nüfuzu onun cəmiyyətlə necə əlaqə qurmasından da asılıdır. Hərbi qulluqçular ictimai yerlərdə davranış qaydalarına əməl etməli, etik davranışları ilə örnək olmalıdırlar. Sakitlik, təmkin, mübahisədən yayınmaq, səhvləri etiraf etmək və öz qüsurlarını qəbul etmək bacarığı hərbi etiketin tələblərindəndir. Cəmiyyətdə ordunun örnək və sarsılmaz nüfuz sahibi kimi tanınması bu nüanslardan başlayır.
Hərbi qulluqçu xidmətə başladığı andan etibarən hərbi etiketlə tanış olur. Təlimlərdə, məşqlərdə, gündəlik fəaliyyətlərdə bu prinsiplərin tətbiqi vərdiş halına çevrilir. Bu qaydalar əzbərlənmir, yaşanır, mənimsənilir və davranışa çevrilir. Hərbi etiket ordu daxilində tabelik sisteminin düzgün qurulmasına, qarşılıqlı münasibətlərin tənzimlənməsinə, mənəvi keyfiyyətlərin inkişafına və ümumi nizamın qorunmasına yardımçı olur. O, eyni zamanda, ordunun cəmiyyət qarşısında nümunəvi görünüşünü təmin edir və hərbi kollektivdə sağlam münasibətlərin formalaşmasına zəmin yaradır.
Hərbi etiket yalnız davranış qaydası deyil, hərbi xidmətin fəlsəfəsidir. O, intizamlı bir ordu quruculuğunun, komandir və əsgər münasibətlərinin, kollektiv birliyin və vətənpərvərlik ruhunun əsasını təşkil edir. Hərbi etiket orduda daxili nizamı qorumaqla yanaşı, cəmiyyətə də ordu haqqında düzgün və müsbət təəssürat yaradır.
Azərbaycan Ordusu bu gün təkcə Silahlı Qüvvə deyil, həm də milli ruhun daşıyıcısı, dövlətimizin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinin qarantıdır. Belə bir orduda xidmət edən hərbi qulluqçu sadəcə əsgər deyil, həm də Vətəninə sədaqətin, hərbi nizam-intizamın, hörmətin və məsuliyyətin canlı simvoludur. Hərbi etiket isə bu kimliyi formalaşdıran və möhkəmləndirən mədəni kod kimi çıxış edir.
Zaman dəyişə bilər, texnologiyalar inkişaf edə bilər, amma hərbi etiketin təməl prinsipləri - hörmət, intizam və məsuliyyət əbədi olaraq qalacaq. Bu prinsiplərə əməl etmək təkcə hərbi borc deyil, həm də milli və mənəvi məsuliyyətdir. Çünki bu prinsiplər üzərində ucalan ordu, yalnız döyüş meydanında deyil, sülh dövründə də dövlətin etibar etdiyi ən böyük qüvvədir.

Əli ABIYEV
"Azərbaycan Ordusu"