Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2025 17:45

Döyüş hazırlığı, mənəvi-psixoloji hazırlıq və Qələbə

İkinci Qarabağ müharibəsinə kimi ön xətdə ezamiyyətlərdə əsgərlərin düşüncələrində həmişə bir istək sezilirdi, bəzən sezilən istək bu və ya digər formada sözlə ifadə də olunurdu: "Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırıq!" Əsgərlərdən birinin dedikləri səngərli söhbətimizi kükrətmişdi: "Bu əmri qələbə ilə tamamlamağa da hazırıq!" Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan döyüş mövqeyində bu söhbəti mayor Ruslan Novruzov əsgərlərə xitabən demişdi ki, siz yüksək döyüş hazırlığına malik olmaqla bərabər, yüksək döyüş əzminə, yüksək döyüş əzminə görə yüksək qələbə ruhuna da maliksiniz. Hər dəfə döyüş növbətçiliyinə gedəndə mübarizləşib gedirsiniz. Bilirsiniz ki, sizi döyüş növbətçiliyinə qəhrəmanın ruhu uğurlayır. Əsgərlərdən biri Mübariz İbrahimovun qəhrəmanlığının başqa formada, başqa məkanda, başqa şəraitdə təkrar olunduğunu da xatırlatdı: "Çingiz Qurbanov Tovuzda düşmənlə təkbətək döyüşə getmişdi, şəhid olmuşdu. Azərbaycan əsgərinin bu qəhrəmanlığı, cəsarəti, Vətən sevgisi müqabilində öz əsgərlərinin cılızlığını duyan Ermənistan ordusunun rəsmiləri Çingizin nəşini vermək istəmirdilər. Azərbaycan əsgərinin cəsədindən də qisas almaq istəyirdilər. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan dövlətçiliyinin qüdrəti düşməni bu niyyətdən də çəkindirdi...
Hərbi xidmətə çağırışçı olanda tərxis edilmiş əsgərlərlə söhbətləşirdik. Bizə hərbi xidmətdən, təmas xəttindən, səngərdən, döyüş növbətçiliyindən danışırdılar. Tərxis edilmiş əsgərin dediklərini o da unutmamışdı, indiyəcən biz də unutmamışıq: "Hər dəfə döyüş növbətçiliyinə gedəndə hamımız oradan birbaşa döyüşə getməyi arzulayırdıq". Bu, Azərbaycan əsgərinin döyüş əzmi idi. Bu döyüş əzmi torpaqlarımızın işğaldan azad edilməsinin niyyəti idi, bu niyyəti Vətənə sevgi yaradırdı; döyüş hazırlığı yüksələn əsgərlər də tərxis edilmiş həmin əsgərin niyyətini yaşayırdı, yaşadırdı.
"Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm", - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu kəlamları bu günün əsgərləri üçün hərbi xidmət fəlsəfəsidir, çağırışçılar üçün hərbi xidmətə hazırlığın ideoloji tezislərindən biri. İkinci Qarabağ müharibəsində döyüşən gənclər də, döyüşlərə cəlb edilməyən gənclər də bu kəlamları dövlətimizin başçısının Azərbaycan gəncliyinə müraciəti bilib, indi də belə bilirlər.
Hərbi xidmətin başlıca qayəsi və mahiyyəti əsgərin döyüş hazırlığıdır. Nəzəri biliklərin aşılanması da, müxtəlif miqyaslı və təyinatlı təlimlər də bu hazırlıq üçün hərbi, hərbi-elmi əsaslarla aparılır. Tarix təsdiqləyib ki, yüksək mənəvi-psixoloji hazırlığa malik olmayan ordu döyüş hazırlığının səviyyəsindən asılı olmayaraq qüdrətli ordu ola bilməz. Ermənistan işğal etdiyi ərazilərdə yaratdığı möhkəmləndirilmiş mühəndis-istehkam sədləri ilə qürrələnirdi, ordusunu onun keçilməzliyinə inandırmışdı. Düşmənin ordusu elə güman edirdi ki, bu sədlər Azərbaycan Ordusunun məğlubiyyət manifesti olacaq. Müharibənin ilk günü düşmənin  sədləri yerlə-yeksan edildi, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olundu. Bu, Azərbaycan əsgərinin qələbə ruhunun təntənəsi, Ermənistan əsgərinin isə ruhunun daşlara çırpılması oldu. Düşmən gördü ki, ordusunun döyüş hazırlığı Azərbaycan Ordusunun döyüş hazırlığından qat-qat zəifdir, əsgərinin mənəvi-psixoloji hazırlığı Azərbaycan əsgərinin mənəvi hazırlığının ayaqları altında sürünür!..
Azərbaycan əsgərinin dövlətə, Hərbi Anda sədaqəti, mənəvi-psixoloji hazırlığı müharibədə Qələbəni şərtləndirir...

Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu