Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2025 17:45

Şərəfli Azərbaycan əsgəri adını qürurla daşıyıram

Vətənin müdafiəsində dayanmaq, onu qorumaq nə qədər şərəflidirsə, bir o qədər də müqəddəsdir. İgid Azərbaycan əsgəri bu şərəfi, bu müqəddəsliyi 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazaraq qorudu. Torpaqlarımızın azadlığı uğrunda şərəfli döyüş yolu keçənlər illərə, əsrlərə söykənən xalqımızın milli-mənəvi dəyərlərində əsas yer alan qəhrəmanlıq ənənələrini əməlləri ilə davam etdirib yaşatdılar. Onların Vətən uğrunda atdıqları cəsarətli addımlar bu günün, sabahın əsgərlərinin xidmət yoluna işıq salan bir mayaka çevrildi.
Vətənə xidmətimizdə igid hərbçilərimizin, döyüş yolu hər zaman bizə örnək olub. Həmişə dostlarımla Şəhidlər xiyabanına gedir, Vətən uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət edir, əziz xatirələrini anırıq. Sovet ordusunun Bakı şəhərində törətdiyi 20 Yanvar qırğınları, erməni hərbi birləşmələri tərəfindən törədilmiş Xocalı faciəsi, eləcə də Birinci Qarabağ müharibəsinin dəhşətləri bizim qan yaddaşımızdır. Tariximizin qanlı yaddaşını heç bir zaman unutmamalıyıq. Şəhidlərimizin xatirəsi anım tədbirləri ilə daim yad olunur. Bir ildir mən də hərbi forma geyinərək güclü ordumuzun əsgəri olaraq hərbi xidmətdəyəm. Bu, mənim üçün qürürvericidir. Hər zaman arzulamışam ki, Vətənin keşiyində dayananlardan biri olum. Hər bir Azərbaycan oğlu Vətən darda olarsa, canını ona sipər etməli, lazım gələrsə, canından keçməlidir. Bu hər birimizin şərəf, vicdan borcumuzdur. Necə ki, igid oğullarımız canları, qanları bahasına xalqımıza böyük Zəfərin sevincini yaşatdılar. Elindən, obasından köçkün düşmüş soydaşlarımızı doğma torpaqlarına, yurd yerlərinə qovuşdurdular.
Xidmətə başladığım gündən bacarıqlı, intizamlı və nümunəvi əsgər kimi xidmət edərək, komandirlərimin və əsgər yoldaşlarımın hörmətini qazanmağa söz vermişəm. Verilən bütün tapşırıqlara məsuliyyətlə yanaşıb, vəzifə borcumu şərəflə yerinə yetirirəm. Vətənə, dövlətə, xalqa xidməti həyatımın mənası hesab edir və şərəfli Azərbaycan əsgəri adını qürurla daşıyıram.

Əsgər
Murad QƏDİMOV
"N" hərbi hissəsi