Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçular daşıdıqları hərbi mundirin məsuliyyətini hiss edərək, torpaqlarımızın ərazi bütövlüyünü və suverenliyini qorumaq, üçrəngli bayrağımızı hər zaman zirvələrdə dalğalandırmaq məqsədilə əllərindən gələni əsirgəmirlər.
Yenə də yolumuz hərbi hissələrdən birinədir. Nəzarət-buraxılış məntəqəsindən hərbi hissənin ərazisinə keçər-keçməz qürur və fəxarət hissi keçiririk.
Məqsədim hərbi hissədə hərbi qulluqçularımızın mənəvi-psixoloji vəziyyətini öyrənməkdir. Hərbi hissənin psixoloqu kapitan Bəhruz Məmmədov ilə görüşdük. Zabit hərbi qulluqçularımızın həm nəzəri, həm də praktiki bacarıqlarını artırmağa xüsusi diqqət yetirdiyini, şəxsi heyətin nümunəvi xidmət etdiyini vurğuladı. "Hərbçilərimiz seçdikləri peşənin məsuliyyətini dərk edir və Vətənə xidmət etməyin qürurunu yaşayırlar. Belə hərbçilərimizlə hər zaman qürur duyuruq".
Bəhruz Məmmədov bu gün müstəqil dövlətimizin qüdrətli ordusunun bir zabiti olmasından böyük qürur hissi keçirdiyini bildirdi. O, 44 günlük Vətən müharibəsi və ondan sonrakı əməliyyatlarda ordumuzun gücünün düşmənə və dünyaya bəlli olduğunu vurğuladı. Yuxarı komandanlığın şəxsi heyətin qayğı və problemləri ilə maraqlandığını, xidmətin yüksək səviyyədə təşkil olunması üçün bütün şəraitin yaradıldığını qeyd etdi: "Hərbi hissələrimiz müasir standartlara uyğun olaraq yenidən tikilib istifadəyə verilib. Hərbi qulluqçularımızı yalnız bir şey narahat edirdi - tarixi torpaqlarımızın düşmən işğalı altında olması. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Artıq azad edilmiş ərazilərimizdə həyat yenidən canlanır. Öz dədə-baba yurdundan didərgin düşmüş soydaşlarımız el-obalarına qayıdırlar. Bu sevinci xalqımıza yaşadan Azərbaycan əsgəri bu gün əzəli və əbədi olan torpaqlarımızın ərazi bütövlüyünü qorumaq üçün əlindən gələni əsirgəmir, Vətənə olan övladlıq borcunu layiqincə yerinə yetirir".
Zabit Bəhruz Məmmədov hərbi hissələrdəki psixoloji mühitə də toxunaraq bildirdi ki, şəxsi heyətin ruh yüksəkliyi və mənəvi-psixoloji hazırlığı onun döyüş qabiliyyətinə birbaşa təsir göstərir: "Hərbi qulluqçuların psixoloji dayanıqlığı bizim üçün çox vacibdir. Komandirlər yalnız əmrlərin icrasını deyil, şəxsi heyətin mənəvi-psixoloji durumunu da diqqətdə saxlamalıdırlar. Biz çalışırıq ki, şəxsi heyət bir ailə kimi bir-birinə bağlı olsun. Bu, həm gündəlik xidmətdə, həm də döyüş meydanında özünü göstərir. 44 günlük Vətən müharibəsində də bunun əyani şahidi olduq. Ruh yüksəkliyi olan yerdə intizam da olur, nəticə də".
Zabit qeyd etdi ki, hərbi hissədə şəxsi heyətlə mütəmadi psixoloji söhbətlər aparılır, müxtəlif təlimlər zamanı komanda ruhunun gücləndirilməsinə xüsusi diqqət yetirilir.
Tabeliyindəki şəxsi heyətə qarşı son dərəcə tələbkar və qayğıkeş olan kapitan Bəhruz Məmmədov bildirdi ki, komandir əvvəlcə kollektivdə şəxsi nümunə olmağı bacarmalıdır. "Bunun üçün insan gərək özünə qarşı ikiqat tələbkar olsun. Mütəmadi olaraq mütaliə etməli, zahiri görünüşünə diqqət yetirməli və şəxsi heyətinin təlim-tərbiyəsi, nizam-intizamı ilə yaxından maraqlanmalıdır", - deyə B.Məmmədov vurğuladı. Zabitlə söhbətimizi xoş təəssüratlarla tamamlandı. Bu müqəddəs və şərəfli yolda ona uğurlar arzulayaraq yolumuza davam etdik.
Şəlalə DÜNYAMALIYEVA
"Azərbaycan Ordusu"