Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi Tibbi profilaktika kafedrasının baş müəllimi, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov və Müdafiə Nazirliyi Tibb İdarəsinin zabiti, tibb xidməti mayoru Fuad Zeynalov Almaniya Federativ Respublikasının Münhen şəhərində yerləşən "Bundesvehr Mikrobiologiya İnstitutu"nda (The Bundeswehr Institute of Microbiology) "Tibbi Biomüdafiə və Sintetik Biologiyada İnnovasiyalar" mövzusunda keçirilən "19-cu Tibbi Biomüdafiə Konfransı"nda (Medical Biodefense Conference MBDC2025) iştirak ediblər.
Almaniya Silahlı Qüvvələrinin Mikrobiologiya İnstitutu tərəfindən təşkil edilən və Münhendə hər iki ildən bir keçirilən beynəlxalq konfransda bu il ümumilikdə 58 dövlətdən 500-dən çox mütəxəssis iştirak edib.
Konfrans zamanı plenar sessiyalar, poster sərgiləri və seminarlar vasitəsilə pandemiyalara hazırlıq və əksepidemik cavab tədbirləri də daxil olmaqla tibbi biomüdafiə sahəsində ən aktual problemlər, onların həlli və ən son yeniliklərlə haqqında danışılıb.
Dünyanın hər yerindən elm, səhiyyə sektoru və tibbi biomühafizə sahəsi üzrə digər mütəxəssislərin də bir araya gəldiyi, hərbi, elmi tədqiqat və tibb sahələrini təmsil edən çoxlu sayda beynəlxalq ekspertlərin iştirak etdiyi konfransın panel bölmələrində müasir molekulyar biologiya, biokimya və virusologiya, biotexnologiya, mikrobiologiya və tibbi tədqiqatlar barədə ətraflı müzakirələr aparılıb.
Üç gün davam edən tədbirdə biotəhsil də diqqət mərkəzində olub. Gəmilərin dekontaminasiyası, biotoksin tədqiqatlarında innovativ bioinformatikanın inkişafı və yeni tapıntılardan tutmuş, klinik hallara və bakteriofaqların diaqnostika və müalicədə mümkün tətbiqi, eləcə də təhlükəli yoluxucu virusların səbəb olduğu xəstəliklərin aşkar edilməsi, qarşısının alınması və müalicəsi üzrə son tədqiqat nəticələrinə qədər geniş sahə əhatə olunub. Bioloji təhlükələrin qarşısının alınması sahəsində dünyanın aparıcı tibb forumu olan bu konfransın bölmələrində antimikrobial və bioforensika, narahatlığın ikili istifadəli tədqiqatları, epidemiyanın idarə edilməsi, zoonozlar və digər mövzulara yer verilib.
Tədbirin prezidenti çıxışında bu konfransın dünyada elmi dostluq və həyat elmlərinin sülh yolu ilə tətbiqinə bir töhfə olduğunu vurğulayıb.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu"