Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2025 17:45

Azərbaycan gənci - vətənpərvərlik nümunəsi

Vətənpərvərlik - öz Vətəninə, doğma torpağına və xalqına olan dərin məhəbbətdir. Bu məfhum Vətənin rifahı, xalqın firavanlığı uğrunda gecə-gündüz çalışmaq, onu göz bəbəyi kimi qorumaq, milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq qalmaq, ən başlıcası bayrağının daim yüksəklərdə dalğalanmasında pay sahibi olmaq və digər sadalamadığım ümdə vəzifələri özündə birləşdirir. Vətən sevgisi bir duyğu və keyfiyyət olmaqla yanaşı, həm də davranış tərzidir. Çalışdığın hər bir peşədə, düşdüyün hər bir mühitdə, ölkə daxilində və ya xaricində, bir sözlə, olduğun hər bir yerdə öz milli-mənəvi dəyərlərini qorumaq, bayrağını yüksəkdə dalğalandırmaq, hər an Vətən üçün mübarizəyə qalxmağa hazır olmaq Vətən sevgisinin təcəssümüdür.
Hələ ötən əsrin sonlarında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və onun rəhbərliyi altında ölkəmizdə aparılan gənclər siyasətinin ən vacib istiqamətlərindən biri gələcəyimizin memarı olan gənc nəslin vətənpərvər ruhda böyüməsi və tərbiyə edilməsi idi. Məhz uzaqgörən Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyəti dönəmində Azərbaycan gəncliyinin vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyi tez-tez qeyd olunub, vətənpərvərlik işinin aparılması məqsədilə aidiyyəti qurumlar qarşısında mühüm tapşırıqlar qoyulub. Azərbaycan xalqının Ümummilli Lideri, gənclərin sevimlisi olan Dahi Rəhbər Heydər Əliyev onlarla görüş əsnasında Vətənə məhəbbəti, xalqa sevgini, milli- mənəvi dəyərlərə sədaqəti gələcəyin memarları üçün xüsusi vurğulayırdı. Ulu Öndərin öyüd və nəsihətlərini öz həyat yollarına mayak edən gənclər son 10 ildə misli görünməmiş döyüş salnamələri yazaraq əsl vətənpərvərlik nümunəsini bütün dünyaya göstərdilər.
Ali Baş Komandanına sadiq, Vətəninə və xalqına bağlı  olan gənclərimiz 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt zəfəri, 2020-ci ilin Tovuz döyüşləri və həmin ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi (və ondan sonrakı tarix), 2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə vətənpərvərliyin təkcə sözdə deyil, əməldə olduğunu da öz qəhrəmanlıqları ilə sübut etdilər. Döyüşlər vaxtı gənc Vətən müdafiəçisi olan övladlarımızın gözündə qisas, üzündə məğrurluq ifadəsi var idi. Onların hər biri bu müqəddəs amala çatmaq - Vətən torpaqlarını işğaldan azad etmək üçün başlanan mübarizənin bir parçası olmaq istəyirdi.  Azadlıq mübarizəmiz üçün ölkəmizin hər bir yerindən olan, yaşından, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq hər bir Vətən övladı tarixi  torpaqlarımız düşməndən təmizləmək üçün bir yumruqtək birləşərək Böyük Qələbə uğrunda döyüşlərdə iştirak etdilər.
Xalqının və rəhbərinin ona olan etimadını layiqincə doğruldan gənclərimizin bu gün ruh yüksəkliyi pik həddədir. Şəhid qardaşlarımızın qanı ilə yazdığı tarix hər bir gəncimiz üçün Vətən sevgisinin möhürüdür. Azərbaycan gəncliyi əziz şəhidlərinin qisasını döyüş meydanında aldı, bu gün işğaldan azad olunan ata-baba yurdumuzda dalğalanan üçrəngli bayrağımız bu qisasın əsas göstəricisidir. Şəhid qanı ilə vətənləşən torpaqlarımız gələcək nəsil üçün ən böyük mirasdır. Bu mirası göz bəbəyi kimi qoruyacaq gənclərimiz öz sələflərinin qəhrəmanlıq nümunələrini bir ömür yaşadacaqlar.  
Bu gün sevindirici haldır ki, qalib Azərbaycan Ordusunun sıralarında olmaq, güclü ordunun mundirini daşımaq üçün gənclərimiz həqiqi hərbi xidmətə başlayacağı günü səbirsizliklə gözləyirlər. Hətta ömür yolunu hərb peşəsi ilə bağlayanların sayında da gün keçdikcə artım müşahidə edilir. Bunun əsas səbəbi isə gənclərimizin Vətən sevgisi, fədakarlıq, dözümlülük, cəsurluq, intizam və digər keyfiyyətlərin cəmləşdiyi hərb peşəsinin özünəməxsus müqəddəsliyidir. Vətən torpağını özünə səcdəgah bilən, toxunulmazlığı üçün yeri gələrsə, canından keçməyə hazır olan gənc hərbçilərimiz bu gün ordu sıralarında xidmətdədir və daha minlərlə qəhrəman gənclərimiz də yetişir. Belə olan təqdirdə tam əminliklə deyə bilərik ki, Vətənimiz etibarlı əllərdədir. Çünki Azərbaycan gənci vətənpərvərdir, vətənpərvər olan isə məğlubedilməzdir.

Fuad CƏFƏROV
"Azərbaycan Ordusu"