Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2025 17:45

Hazırlıqlı ordu - sarsılmaz dövlətin əsas zəmanəti

Güclü ordu - güclü dövlətin başlıca təminatıdır. Zəmanəmizdə geosiyasi risklər və regional təhdidlər fonunda hər bir ölkənin təhlükəsizlik strategiyasında hərbi qüdrətin artırılması ön sıralardadır. Xüsusilə də müharibədən yeni çıxmış və qələbə qazanmış ölkəmiz üçün bu, böyük əhəmiyyət kəsb edir. Məhz bu səbəbdəndir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, o cümlədən müasir döyüş texnologiyalarının ordumuzda tətbiqi və şəxsi heyətin hazırlıq səviyyəsinin artırılması prioritet məsələlərdəndir. Bu istiqamətdə mühüm vasitələrdən biri də ehtiyatda olan hərbi vəzifəlilərin cəlb olunduğu təlim toplanışlarıdır.
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həyata keçirilən növbəti təlim toplanışı ordumuzun peşəkarlığını artırmaq, hərbi qulluqçuların döyüş qabiliyyətini və ruh yüksəkliyini daha da gücləndirmək məqsədi daşıyır.
Təlimdə iştirak edən hərbi vəzifəlilər ilkin olaraq qeydiyyat prosedurlarından keçdi, tibbi müayinə olunduqdan sonra hərbi geyim və təchizat vasitələri ilə təmin edildilər. Toplanışın planına uyğun olaraq daha sonra təhlükəsizlik qaydaları və silahların texniki imkanları barədə maarifləndirici söhbətlər aparıldı. Ehtiyatda olan hərbi vəzifəlilər sonra sıra, atəş və digər hazırlıq məşğələlərinə cəlb olundular. Bu təlimlər təkcə hərbi biliklərin yenilənməsi deyil, həm də vətənpərvərlik tərbiyəsinin aşılanması baxımından əhəmiyyətlidir.
2020-ci ilin payızında ölkəmizin taleyini dəyişən 44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsi olduğu qədər, döyüş əməliyyatlarında iştirak edən hər kəsin həyatında dərin izlər buraxan bir mərhələdir. Həmin müharibədə Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə şücaətlə vuruşmuş və medallarla təltif olunmuş baş leytenant Nicat Abbasov bu gün də öz vəzifə borcuna eyni ruh, eyni məsuliyyətlə yanaşır.
O, ehtiyatdan çağırıldığı bu təlim toplanışında həm keçmiş döyüş təcrübəsini bölüşür, həm də yenidən döyüş meydanına dönəcəkmiş kimi hazırlıqlarını təkmilləşdirir. Baş leytenant Nicat Abbasovla təlim meydanında görüşüb suallarımızı ünvanladıq: "Torpaqlarımızı təkcə azad etmək deyil, qorumaq da böyük məsuliyyətdir. Biz müharibədə canımızla, qanımızla torpaqlarımızı düşməndən azad etdik. İndi isə bu qələbənin məsuliyyətini daşıyırıq. Təlimlər göstərir ki, biz də özümüzü Vətənin müdafiəsinə daima hazır saxlamalıyıq. Mən də Vətən müharibəsi iştirakçısıyam. Hər bir döyüşçü kimi yaddaşımda igidlik, sədaqət və qələbə hissi yaşayır. Bu gün burada təlimdə gənclərin gözlərində eyni ruhu görürəm. Müharibə zamanı öyrəndiyim bir şey var - düşmənə qarşı qalib gəlmək üçün təkcə güc yox, həm də ağıl və çeviklik lazımdır. Bu təlimlər isə bizdə məhz o cəhətləri inkişaf etdirir. Biz bu gün burada hər bir tapşırığı yerinə yetirəndə bilirik ki, bu məşq deyil, gələcəkdə lazım ola biləcək həyat təcrübəsidir", - deyə cavab verdi.
Kiçik çavuş Kərim Hacıyev: "Müharibədə iştirak etmiş biri kimi deyə bilərəm ki, sülh dövründə belə hazırlıqların keçirilməsi gələcək təhlükələrin qarşısının alınmasında əvəzolunmazdır. Hərbi təcrübə zamanla unudula bilər, amma bu cür təlimlər onu daim təzələyir. Burada gənclərlə təcrübəmizi bölüşmək, onlara örnək olmaq bizim üçün də məsuliyyətli və qürurvericidir".
Elçin Vəliyev: "Burada öyrəndiklərimiz bizə təkcə keçmişi xatırlatmır, eyni zamanda, bizi gələcək mümkün təhdidlərə qarşı daha çevik və hazır vəziyyətə gətirir. Təlimdə nizam-intizam, çeviklik və döyüş texnikası baxımından real təcrübə qazanırıq. Dövlətimizin bizə olan bu etimadını doğrultmaq üçün var gücümüzlə çalışırıq".
Sənan Eyvazov: "Əldə etdiyimiz biliklər və praktiki vərdişlər sayəsində istənilən anda ana Vətənimizin müdafiəsinə qalxmağa hazırıq. Ordumuzun arsenalında olan müasir silahları tətbiq etmək bacarığımız, döyüş mövqelərinin qurulması, gizlənmə və kəşfiyyat təcrübələri burada xüsusi diqqət mərkəzindədir. Ən əsası isə komanda ruhu, həmrəylik və milli birliyin real nümunəsini yaşayırıq".
Bəhram Tağıyev: "Biz zəfəri şəhidlərimizin qanı, canı, şücaəti hesabına qazandıq. İndi isə onu qorumaq üçün qəlbimizlə və əzmkarlığımızla çalışırıq. Təlimlər bizə həm fiziki, həm də mənəvi möhkəmlik qazandırır. Gənclərlə bir sırada durmaq, onlara ruh vermək, bir daha sübut edir ki, xalq-ordu birliyi sarsılmazdır".
Plana uyğun olaraq mütəmadi şəkildə keçirilən təlim toplanışları göstərir ki, ehtiyatda olan hərbi vəzifəlilərin hazırlıq səviyyəsinin daim yüksək vəziyyətdə saxlanılması, onların döyüş qabiliyyətlərinin artırılması müasir müharibə reallıqlarına tam uyğunlaşdırılmış siyasətdir.
Güclü ordu müstəqil Azərbaycanımızın gələcəyinin möhkəm sipəridir!

Eltun MƏMMƏDOV
"Azərbaycan Ordusu"