Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2025 17:45

“Verilən tapşırıqları layiqincə yerinə yetirməyə hər zaman hazırıq”

Bu gün dövlət quruculuğunun əsas tərkib hissəsi olan Azərbaycan Ordusu ölkəmizin qüdrətinin nümunəsi, xalqımızın qürur və güvənc yeri, müstəqilliyimizin və təhlükəsizliyimizin qarantıdır.
Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu şanlı ordumuz  bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində döyüş qabiliyyətini durmadan artırır.
Ölkəmizdə ordu quruculuğu prosesi sürətlə davam etdirilir, arsenalımıza ən son və müasir hərbi texnikalar daxil edilir. Aparılan genişmiqyaslı islahatlar, görülən tədbirlər nəticəsində ordumuz müasir döyüş standartlarına uyğun modernləşdirilir.
Dünyanın ən güclü ordularının silahlanmasında olan artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, toplar, taktiki raket və zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, eləcə də digər döyüş texnikaları Azərbaycan Ordusunun qoşun növlərinin silahlanmasında da yer alır. Ordu quruculuğuna göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində yüksək döyüş hazırlığı və peşəkarlıq nümayiş etdirərək Qələbə qazandı. Bu Zəfər ordumuzun qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu gün tarixi Zəfəri qazanaraq xalqımıza qələbə sevincini yaşadan rəşadətli ordumuzun bütün bölmələrində döyüş hazırlığının artırılması istiqamətində işlər sürətlə davam etdirilir. Əsgəri xidmətə gələn gənclər plana uyğun olaraq təşkil edilən məşğələ və təlimlərdə bacarıqlı, yüksək döyüş qabiliyyətli əsgərlər kimi formalaşırlar.
Ezamiyyətdə olarkən artilleriya hərbi hissələrindən birində keçirilən dərs prosesi də ordumuzun hazırlıqlı kadrlarının, bacarıqlı əsgərlərinin yüksək döyüş hazırlığına malik olduğunu bir daha sübut etdi.  Bu, həm də onun göstəricisidir  ki, döyüş hazırlığı planına uyğun olaraq bütün bölmələrdə məşğələlər yüksək səviyyədə keçirilir, şəxsi heyətin döyüş qabiliyyəti və praktiki vərdişləri daim təkmilləşdirilir.
Polkovnik-leytenant Elşən Hüseynovla söhbət əsnasında öyrənirik ki, hərbi hissə 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında şərəfli döyüş yolu keçərək torpaqlarımızın işğaldan azad olunmasında və suverenliyimizin tam bərpa edilməsində əhəmiyyətli rol oynayıb. Əməliyyatlar zamanı qızğın döyüşlərin getdiyi dövrdə də bu hərbi hissənin şəxsi heyəti peşəkarlıq və fədakarlıq nümunəsi göstərib.
Döyüş hazırlığı ilə bağlı yazı hazırlayacağımı bildirəndə polkovnik-leytenant E.Hüseynov artilleriya divizionunun adını çəkdi. Zabitlə döyüş xatirələrindən danışa-danışa bölməyə yollandıq. Burada şəxsi heyət məşğələyə cəlb edilmişdi. Ənənəvi olaraq top komandiri tərəfindən heyət təlimatlandırılırdı. Sonra hər kəs vəzifəsinə uyğun olaraq üzərinə düşən tapşırığı icra edirdi. Zabit E.Hüseynov bildirdi ki, bölmələrdə plana uyğun olaraq keçirilən dərslər zamanı şəxsi heyətin döyüş qabiliyyəti və bacarığı durmadan təkmilləşdirilir. İzlədiyimiz dərs prosesi zabitin dediklərinin təsdiqi idi. Şəxsi heyətin verilən tapşırıqların öhdəsindən bacarıqla gəldiyinin şahidi olduq. Hiss olunurdu ki, artilleriya bölməsi gündəlik olaraq taktiki təlimləri davam etdirir, bu sahədə nəzəri və praktiki hazırlığını mütəmadi olaraq artırır.
Polkovnik-leytenant E.Hüseynov  qeyd etdi ki, artilleriya müharibədə qələbənin qazanılmasında mühüm rola malik olduğuna görə, bu hərbi ixtisasın sirləri şəxsi heyətə dərindən aşılanır. "Tarixi qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsi, eləcə də ondan sonrakı digər uğurlu əməliyyatlarda qazandığımız təcrübəyə əsaslanaraq demək istəyirəm ki, artilleriya müharibənin taleyində vacib sayılan qoşun növlərindən biridir. Düşmənin müdafiə səddinin və qüvvələrinin darmadağın edilməsində mühüm rola malikdir. Çalışırıq ki, qurğunun idarə edilməsinə cavabdeh olan heyət üzvləri öz vəzifələrinin öhdəsindən bacarıqla gəlmək üçün döyüş vərdişlərinə lazımınca yiyələnsinlər. Bundan əlavə, hər bir heyət nəfəri başqa döyüş vəzifəsində də öz silahdaşını əvəz etməyi bacarmalıdır. Çünki döyüşdə itkisiz keçinmək olmur. Bunu yaxşı dərk edən artilleriyaçılar da dərslər zamanı nəzəri bilikləri öyrənməyə, praktiki vərdişlərini təkmilləşdirməyə can atır, təlim və məşqlərdə əzmkarlıq göstərirlər. Onların hər biri Vətənimizə, xalqa və dövlətə layiqli əsgər kimi formalaşmağı qarşısına məqsəd qoyub".
Məşğələ başa çatdıqdan sonra heyət üzvləri ilə söhbətləşirəm.
 Bölmənin komandiri kapitan Əvəz Səlimov hərbi təhsilini artilleriya ixtisası üzrə alıb. Uğurlu xidmət yolu keçən zabit işğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə medallara layiq görülüb.
Zabitdən öyrənirəm ki, hal-hazırda bölmə mövzuya uyğun tapşırıqları icra edir. O, şəxsi heyətin artilleriya qurğusunu "döyüşə" və "səfərə" vəziyyətinə gətirmə, hədəfləri tuşlama normativlərini yerinə yetirdiyini bildirdi: "Bölmənin zabiti rabitə vasitəsilə tapşırığı alaraq, hesabatlar aparır və top komandirlərinə məlumatları ötürür, top heyəti hədəfi tuşladıqdan sonra bölmənin döyüşə hazır olması barədə məruzələr olunur. Həmçinin onu da dedi ki, tapşırıqların icrası zamanı heyətlər yüksək hazırlıq nümayiş etdirirlər.
Kapitan Ə.Səlimov, həmçinin qeyd etdi ki, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması uğrunda gedən döyüşlərdə Vətənimizin mərd oğulları düşmənə sözlərini döyüş meydanında qətiyyətlə deyiblər. "İgid oğullarımız vətənpərvərliklərini, dövlətimizə və xalqımıza bağlılıqlarını qazandıqları qələbələr ilə sübut etdilər. Düşmən hədəflərinin dəqiq və sərrast atəşlə məhv edilməsində yüksək döyüş hazırlığı nümayiş etdirərək keçirilən dərslərdə, təlimlərdə silahların və hərbi texnikaların sirlərinə dərindən yiyələndiklərini nümayiş etdirdilər".
Top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İsax Cəmilli əldə etdikləri bilik və bacarıqları bu gün heyət üzvlərinə aşıladığını vurğuladı: "Mütəmadi tədris olunan nəzəri və praktiki dərslərlə yanaşı, müntəzəm keçirilən təlimlərdə əsgərlərimiz bacarıqlı artilleriyaçılar kimi formalaşırlar. Bölməmizin şəxsi heyətinin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Döyüş meydanında qazanılan təcrübələrdən istifadə edərək hazırlığımızı artırırıq. İstənilən döyüş əməliyyatlarında iştirak etməyə və verilən tapşırıqları layiqincə yerinə yetirməyə hər zaman hazırıq".
Məşğələ zamanı çeviklik və bacarıqla tapşırıqları icra edən topçularla da söhbətləşdim.
Əsgərlər Amil Balaşov, Abdulla Şıxıyev, Elgün Süleymanov, Malik Əhmədov, Alişan Həsənov və Yusif Məmmədov qalib Azərbaycan Ordusunun sıralarında xidmət etməkdən qürur duyduqlarını bildirdilər: "Hərbi xidmətə gəldiyimiz ilk gündən bizə diqqət və qayğı göstərilir. Bütün təminatlarımız yüksək səviyyədədir. Komandirlərimizdən bilmədiklərimizi öyrənir, təlimlərdə həvəslə iştirak edirik. Təlim və dərslərdə topun bütün xüsusiyyətlərini, verilən hədəfi dəqiq nişan almağı, eləcə də digər nəzəri və praktiki bilikləri mənimsəyirik. Yaxşı bilirik ki, hər təlim döyüş hazırlığımızı daha da möhkəmləndirir. Hər birimiz yüksək döyüş hazırlığına malik olan bacarıqlı artilleriyaçılar kimi formalaşırıq. Biz şanslı gənclərik ki, tarixi torpaqlarımızı  işğaldan azad etmiş və xalqımıza qələbə sevincini yaşatmış şanlı ordumuzun əsgərləriyik. Ordu sıralarından bacarıqlı əsgərlər kimi tərxis olunacaq, ailəmizin yanına qalib ordunun əsgərləri kimi başıuca qayıdacağıq".
Onlar qətiyyətlə dedilər ki, istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə, yeni qəhrəmanlıq salnamələri yazmağa hər an hazırdırlar.
Müxtəlif qoşun növlərində və bölmələrdə keçirilən intensiv təlimlər onun göstəricisidir ki, ordu quruculuğunda həyata keçirilən islahatlar döyüş qabiliyyətinin artırılmasına istiqamətlənib. Məhz bunun nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı azad etmək və işğalı sonlandırmaq missiyasını layiqincə icra etdi. Bu gün hər bir Azərbaycan vətəndaşı qürurla və inamla deyir ki, ölkəmizin sərhədlərini, ərazi bütövlüyünü bütün təhdidlərdən qətiyyətlə qoruya bilən qüdrətli, yenilməz və döyüşlərdən hər zaman qalibiyyətlə çıxan ordumuz var.

Elçin İMANOV
"Azərbaycan Ordusu"