Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2025 16:09

Tarix xatırladıqca yaşadılır...

Azərbaycan qadını hər zaman cəsarəti, fədakarlığı və dözümlülüyü ilə seçilib. Tariximizdə və müasir dövrdə qadınlarımız həm öz ailəsinin, ocağının qoruyucusu, həm də Vətən üçün fədakarlıq göstərən vətəndaşdır. Tibb sahəsində xidmət edən xanımlarımız Vətən müharibəsində döyüşlərdə yaralanan oğullarımızın həyatı üçün əllərindən gələni ediblər. Bəzən döyüşlər gedə-gedə həyatını riskə atan bu xanımlar yaralı əsgərlərə ilkin tibbi yardım göstərir, bəzən bu missiyanı ağır şəraitdə, mərmilər altında da yerinə yetiriblər.
Onlar yalnız tibbi səriştələri ilə deyil, həm də ruh yüksəkliyi ilə döyüşçülərə dəstək olurdu, onlara ürək-dirək verirdilər. Yaralı hərbçilərin gözlərinə baxıb "Sən sağalacaqsan, Vətən səni gözləyir" deyərdilər, təkcə yaralarına deyil, ruhlarına da məlhəm olardılar. Onların əlləri yaraları sarıyırdı, sözləri isə qorxunu və ümidsizliyi götürürdü.
Tibb bacıları şəfqətin, səbrin, fədakarlığın canlı təcəssümüdür. Onlar hər gün həyat və ölüm arasında mübarizə aparan, xəstələrin ağrılarını yüngülləşdirən, yaralarını sarıyaraq onlara yeni bir gün bəxş edən cəsurlardır. Onların əlləri yalnız məlhəm verir, kəlmələri - ümid, inam. Bəzən bir təbəssümlə, bir təsəlli ilə xəstələrə güc verir, onları həyata bağlayırlar.
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Yetər Mustafayeva 1982-ci ildə Gəncə şəhərində anadan olub. 2000-2002-ci illərdə Gəncə Tibb Texnikumunda təhsil alıb. 2002-2004-cü illərdə tibb bacısı kimi Gəncə hospitalında 2004-cü ildən isə Baş Klinik Hospitalında xidmət edir. 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əməliyyat blokunun əməliyyat tibb bacısı kimi xidmətdədir.
Aprel döyüşləri zamanı Naftalana ezam olunan Yetər xanım dedi ki, Aprel döyüşləri Böyük Zəfərin başlanğıcı kimi tariximizə yazılıb. "2016-cı ilin aprelində Azərbaycan Ordusu tariximizə şanlı bir səhifə  yazdı. Bu döyüşlər Azərbaycan Ordusunun qalib ordu olacağına, torpaqlarımızı işğaldan azad edəcəyinə əminlik döyüşləri idi. Aprel döyüşləri Azərbaycan Ordusunun peşəkarlığını və yüksək döyüş hazırlığını da təsdiqlədi".
Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. Bu müharibədə yalnız hərbi qulluqçular deyil, arxa cəbhədə çalışan tibb işçiləri də böyük fədakarlıqlar göstərdilər. Tibb işçiləri yaralı əsgərlərin həyatını xilas etmək, onlara ilk tibbi yardım göstərmək üçün gecə-gündüz çalışdılar.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vətən müharibəsində sentyabrın 29-dan oktyabrın 7-nə kimi döyüş bölgəsinə yaxın ərazidə fəaliyyət göstərən hospitalında böyük cəsarət və fədakarlıq nümayiş etdirib. Yetər xanım dedi ki, müharibənin getdiyi o günlərdə tibb bacıları döyüş meydanlarında, səyyar hospitallarda, hospitallarda və xəstəxanalarda yorulmadan çalışırdılar. Onların bu fədakarlığı unudulmazdır”.
Yetər xanım danışdıqca gözləri dolur, nəfəsi sinəsinə sığmırdı. Sözləri titrəyir, yaddaşının dərinliyindən qopan hər xatirə onu bir anlıq müharibənin getdiyi günlərə qaytarırdı.
Yaralı əsgərlərin qayğısına qalmaq, yeni həyat mübarizələri və yeni ağrılarla qarşılaşmaq bir tibb bacısı üçün həm fiziki, həm də mənəvi baxımdan çox ağır bir dövr idi.
Bəzən yaşadıqlarından çox sarsılırdı da. Belə günlərin birində ona zəng vurub hal-əhval tutan həyat yoldaşı ilə aralarında gedən söhbəti bizimlə kövrəkliklə bölüşdü. “Həmən gün düşmən hospitalı bombalamışdı. Çox həyəcanlı anlar yaşamışdıq. O anda düşünmüşdüm ki, hər an hər şey baş verə bilər. Və mən halallıq almalıyam. Sözsüz ki, baş verənlər haqqında həyat yoldaşıma heç nə demədim. Sadəcə əgər geri dönməsəm, səndən hər şey üçün halallıq istəyirəm dedim”.
Tibb bacısı dedi ki, telefonun digər tərəfinə bir anlıq sükut çökdü. Bir neçə saniyəlik sükutdan sonra səmimi bir səs gəldi:
- Yetər, hər şey yaxşı olacaq. Biz qalib gələcəyik. Başqa heç nə düşünmə. Nə olursa-olsun, həmişə yanında olacağam.
Yetər xanımın danışdığı bu hadisə təkcə tibb bacısının deyil, bütün döyüşənlərin həyatında mühüm bir anı göz önünə sərir.
Boya-başa çatdığı Gəncəyə düşmənin raket zərbələri vurması, dinc əhalinin başına gələn müsibətləri bu vətənpərvər xanım ürəyinin dərinliklərində hiss edib. Hər raket zərbəsi, hər uçan bina, hər şəhid xəbəri onun ruhunda sağalmaz izlər buraxıb.
- Biz müharibəni təkcə cəbhədə deyil, şəhərimizin küçələrində də yaşadıq. Uşaqların, qadınların, yaşlıların qana boyandığını gördük… - baş çavuş Yetər Mustafayeva qəhərlə belə dedi.
Yetər xanım göz yaşlarını saxlaya bilmədi. O anları xatırlamaq ağır olsa da, unutmaq da mümkün deyil...
O günlərdə Yetər xanımın qardaşı həyat yoldaşı ilə Gəncədən Bakıya gəlir, iki azyaşlı övladını onlara tapşıraraq doğma şəhərlərini tərk etməyəcəklərini bildirib geri qayıdıblar.
Yetər xanımın baxışları uzaqlara zillənmişdi. Həmin günlərin acısı onun xatirələrindədi: Vətən müharibəsi bitsə də, Gəncənin yaraları hələ də qanayırdı. O, ömrü boyu bu izləri qəlbində daşıyacaqdı…
Vətən müharibəsi başa çatdı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Yetər kimi yüzlərlə tibb bacısı qələbənin sevincini göz yaşları içində qarşıladı. Onlar hərbi formalarını geyindikləri ilk gündən bunun adi bir paltar olmadığını, həm də böyük bir məsuliyyətin, fədakarlığın və Vətənə xidmətin rəmzini daşıdıqlarını hiss edirdilər.
Bu gün Yetər xanım iki övladını Vətənə layiqli vətəndaş kimi formalaşdırır. O, yay məzuniyyətində ailəsi ilə birlikdə Füzuli, Hadrut, Xankəndi və Şuşaya gedib. Şəhidlərimizi Şuşada Gövhərağa məscidində də xatırlayıb, döyüşlərdə yaralananlara cansağlığı arzulayıb.
Yetər xanım, həmçinin antiterror əməliyyatlarında da öz vəzifə borcunu ləyaqətlə yerinə yetirib.
Döyüş əməliyyatlarında tibb işçilərinin xidməti xalqımızın yaddaşında da, tarixdə də əbədi olaraq qalacaq. Onların fədakarlığı, cəsarəti və insanlığı hər zaman hörmətlə xatırlanacaq. Elə igidlikləri də...

 

Günay TAĞIYEVA

"Azərbaycan Ordusu",

fotolar

Namiq PƏNAHOVUNDUR