Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2025 16:08

Məsuliyyətli sürücü

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Orxan İmanov on ilə yaxındır ki, sürücü kimi xidmət edir. O, hərbi xidmət dövründə müxtəlif avtomobilləri; minik, yük, döyüş maşınlarını idarə edib. Ona təhkim edilən maşına şəxsi avtomobili kimi sevgi ilə baxıb və qulluq göstərib. Orxanın idarə etdiyi avtomobil həmişə çıxışa hazır vəziyyətdə olub. Çavuş Orxan İmanov deyir ki, hər dəfə çıxışdan qayıdandan sonra avtomobilin texniki vəziyyətini yoxlayır. Çavuş Orxan İmanova təhkim edilmiş avtomobil döyüş vaxtı komanda məntəqəsini rabitə vasitəsilə idarə edən zirehli texnikadır. Dağlıq-meşəlik, düzən ərazilərdə döyüşü idarə etmək üçün müasir rabitə avadanlıqları ilə təchiz edilmiş bu maşının sürücüsü də  məsuliyyətli olmalıdır.
Orxanla söhbətimiz səhər avtomobil parkında baş tutdu. Sürücü deyir ki, ona təhkim edilmiş komanda  idarəetmə avtomobilini idarə etməyin də özünəməxsus tələbləri var. Bu maşını sürmək həm də məsuliyyət tələb edir. İkinci Qarabağ müharibəsi zamanı bölmələr döyüş xəttinə açılaraq geniş bir ərazini əhatə edirdi. Bölmələrə döyüş tapşırıqları idarəetmə məntəqəsindən, yəni, idarə etdiyim avtomobildən verilirdi. Düşmənin  ən çox məhv etmək  üçün seçdiyi hədəf  bu maşın idi. Çünki döyüş vaxtı düşmən istəyir ki, idarəetmə  itsin və döyüş uğursuz olsun. Rabitə vasitələrimizi susdurmaq üçün bütün vasitələrdən istifadə edirdilər ki, dəqiq idarəetmə baş tutmasın. Bunun üçün sürücü də məsuliyyət daşıyır. Düşmənin bütün cəhdlərinə baxmayaraq, avtomobili əraziyə uyğun maskalayıb, təhlükəsiz ərazilərdə idarə edib. Bu səbəbdən də bölmələrin həyata keçirdiyi bütün tapşırıqlar uğurla icra edilib. Orxan Lənkəran rayonunun Liman şəhərində anadan olub. Atası Kərim İmanov Birinci Qarabağ  müharibəsi iştirakçısıdır. Onlar iki qardaşdırlar. Elvin də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Qardaşlar kiçik yaşlarından atalarının keçdiyi döyüş yolu ilə bağlı xatirələri çox eşidiblər. Kərim kişi övladlarında da hərbi xidmətə maraq oyadıb. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısıdır.
Çavuş Orxan İmanov döyüşlərdəki xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən "Füzulinin azad olunmasına  görə", "Cəbrayılın azad olunmasına  görə"  və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif  olunub. 


Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"