Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2025 16:08

“Zəfər təəssüratlarım unudulmazdır”

Kapitan Mansur Sədrəddinov ordumuzun vətənpərvər, peşəkar zabitlərindən biridir. Hərb peşəsini ürəyindən gələn arzu ilə seçdiyini söyləyən Mansur zabit olmağı, Vətənin keşiyində dayanmağı özünün müqəddəs və şərəfli borcu bilib. Hərbi təhsilini indiki Heydər Əliyev adına Hərbi İnstitutda alıb. Təcrübəli zabitlərdən, savadlı müəllimlərdən aldığı zəngin hərbi biliklər onu seçdiyi müqəddəs və şərəfli peşəyə daha da dərindən bağlayıb. Hərbi təhsilini rabitə ixtisası üzrə bitirib. İxtisası barədə geniş bilgilər alan və bu sahədə təcrübəsini daim artıran Mansur Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində qoşunların rabitə təminatı zamanı döyüş tapşırığını layiqincə yerinə yetirib.
İkinci Qarabağ müharibəsində ordumuzun qazandığı qələbələrdən danışan kapitan M.Sədrəddinov torpaqlarımızın azadlığı uğrunda onların xatirəsinin həmişə əziz tutulacağını, onların qanı bahasına azad edilmiş şəhər, rayon, kəndlərimizdə adlarının əbədiləşdiriləcəyini dedi: "Müharibənin Qələbə ilə başa çatması xəbəri heç vaxt yaddaşımdan silinməyəcək. Böyük Zəfərin qürurunu yaşadığımız anlar heç unudularmı? Torpaqlarımız kənd-kənd azad olunurdu. Düşmənin illərlə qurduğu istehkam sədləri, işğal etdiyi ərazilərimizdə yerləşdirilmiş hərbi birləşmələri ordumuzun gücü, qəhrəman, igid döyüşçülərimizin sayəsində darmadağın edildi. Ordumuzun gənc zabiti olaraq, bu şanlı tarixi dönəmi yaşamaq, qəhrəmanlıqlara şahid olmaq, azad olunmuş ərazilərimizdə üçrəngli bayrağımızın sancıldığını görmək, əlbəttə, qürurvericidir.  
Hərbi təhsilimi 2013-2017-ci illərdə almışam. Kursant yoldaşlarımla birlikdə Ali Baş Komandanın döyüş əmri ilə torpaqlarımızın azadlığı uğrunda şərəfli missiyanı yerinə yetirmək üçün Hərbi And içmişdik. Erməni hərbi birləşmələri cəbhə xəttində genişmiqyaslı təxribatlar törədirdi. Azərbaycan Ordusu düşmənin bu təxribatlarına qarşı 27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı. Ordumuzun vətənpərvər, peşəkar zabitləri sırasında biz də Hərbi Anda sadiq qalaraq, Müzəffər Ali Baş Komandanın müqəddəs döyüş əmrini Vətən müharibəsində şərəflə yerinə yetirdik. Müasir döyüş bacarığına malik Azərbaycan Ordusunun vətənsevər hərbi qulluqçuları ölümün gözünə dik baxdılar, düşmənin üzərinə qartaltək şığıdılar. Beş il öncə qəhrəman Azərbaycan oğulları Vətənin şanlı tarixinə  qürur dolu səhifələr yazdılar. Erməni vandalları tərəfindən dağıdılmış, viran qoyulmuş ərazilərimizdə yeni binalar ucalır, infrastruktur qurulur. Qədim Şuşamız, yanmış, külə dönmüş Xocalımız da artıq dirçəlib".
"Zəfərdən təəssüratlarım unudulmazdır", - deyən kapitan M.Sədrəddinov onu da bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzda aparılan islahatlar nəticəsində ölkəmizin müdafiə qabiliyyəti daha da güclənib. "Qalibiyyət bayrağını başı üzərində əzəmətlə dalğalandıran, respublikamızın müdafiəsinin təminatçısı olan Azərbaycan Ordusunun zabiti adını daşımaq şərəfdir. Döyüşlərdə qələbə qazanmış, uğurlu əməliyyatlar həyata keçirmiş ordumuzun bölmələri indi işğaldan azad olunmuş ərazilərimizdə - çətin coğrafi relyefli mövqelərimizdə Vətənimizin keşiyini çəkir".
Mansurun sinəsini "Füzulinin azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalları bəzəyir. Əminik ki, bu medallar onun xidmət yoluna işıq salacaq və o şərəfli zabit adını daim uca tutacaq.


Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"