Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2025 16:07

Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan azərbaycanlı - general-leytenant Balakişi bəy Ərəblinski

Balakişi bəy Ərəblinski 1828-ci ildə Zaqatala mahalının Tala kəndində Mahal naibi Əli bəyin ailəsində anadan olub. Hərbi təhsilini Peterburqdakı birinci dərəcəli kadet korpusunda alan Balakişi bəy 1848-ci ildə buranı müvəffəqiyyətlə bitirərək "kornet" rütbəsi alıb. O, Qafqazın müsəlman əhalisindən Rusiyada ilk ali hərbi təhsil alan azərbaycanlı olub.
Xidmət illərində müxtəlif hərbi hissələrdə qüsursuz xidmət edən B.Ərəblinski gənc yaşlarında podpolkovnik rütbəsində briqada komandiri kimi məsul vəzifəyə təyin olunub. Sonralar diviziya komandiri olan general-leytenant Balakişi Ərəblinski 50 illik xidməti dövründə o vaxt Rusiyada baş verən bütün yürüş və döyüşlərdə iştirak edib.
1848-49-cu illərdə Vilaqoş qalası uğrunda gedən şiddətli döyüşlərdə kapitan rütbəsində olan B.Ərəblinski cəsarətlə vuruşduğuna və göstərdiyi igidliklərə görə birinci dərəcəli "Müqəddəs Stanislav" ordeninə layiq görülüb.
1853-56-cı illərdə Krım müharibəsində döyüşən minlərlə azərbaycanlılardan biri də Balakişi Ərəblinski olub. Bu döyüşlərdə podpolkovnik B.Ərəblinski xüsusilə fərqləndiyinə görə üstü yazılı qılınc və "Müqəddəs Anna" ordeni ilə təltif olunub.
Balakişi Ərəblinskinin iştirak etdiyi daha bir müharibə 1877-1878-ci illərdə baş verən Rusiya-Osmanlı müharibəsi olub. Qısamüddətli döyüşdə göstərdiyi qeyri-adi igidliyə və çox yüksək komandirlik bacarıqlarına görə Balakişi Ərəblinski "general-mayor" rütbəsinə yüksəlib.
B.Ərəblinski xidməti müddətində qüsursuz xidmətlərinə və döyüşlərdə göstərdiyi rəşadətlərə görə Çar İmperiyasının müxtəlif orden və medalları ilə, qızıl silahla, həmçinin Buxara əmiri tərəfindən birinci dərəcəli "Ucalan Ulduz" qızıl ordeni ilə mükafatlandırılıb.  
1896-cı ildə istefaya çıxan general-leytenant Balakişi Ərəblinski Dərbəndə qayıdıb, ömrünün sonunadək orada yaşayıb. İmperator tərəfindən ona hədiyyə olunan torpaq sahəsinə və təsərrüfata başçılıq edib. Yüksək insani keyfiyyətləri ilə yerli əhali arasındakı hədsiz hörmət və nüfuza sahib olub. Dərbənd yaxınlığındakı kənd və stansiya general-leytenant Balakişi Ərəblinskinin  adını daşıyır.
Balakişi bəy Ərəblinskinin iki qızı olub - Nurcahan xanım və Sona xanım. Kiçik qızı Sona xanım məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoldaşı olub.
Ərəblinskilər nəslindən bir neçə hərbçi yetişib - podpolkovnik Həmzalov Ərəblinski, onun oğlu podpolkovnik Əli bəy Ərəblinski, hal-hazırda Azərbaycan Ordusunda xidmətdə olan polkovnik Şərif Ərəblinski.
General-leytenant Balakişi Ərəblinski 1902-ci ilin yanvarında vəfat edib və Dərbəndin qədim müsəlman qəbiristanlığında əsgəri şərəflə dəfn olunub.

"Azərbaycan Ordusu"