Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2025 16:07

“Təlimlər, məşğələlər şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsini təmin edir”

Yaz fəslidi. Həzin-həzin yel əsir. Elə bil əsən yellər ağacların yarpaqlarının titrəyişini nizamlayır - baxırsan, düşünürsən: Yarpaqların titrəyişi nizama düşür, dünya da nizama düşməlidi. Ermənistan Cənubi Qafqazda nizamı pozmuşdu, tarixi ədaləti Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu bərpa etdi.
Yüksək döyüş hazırlıqlı ordumuzun bütün bölmələri kimi, artilleriyaçılarımız da İkinci Qarabağ müharibəsində xüsusi şücaətlər göstərdilər. Bu şücaət mövqe qələbələri idi, strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsi idi, legitim hədəflərin məhv edilməsi idi.
Hərbi hissəyə bu düşüncələrlə çatmışıq. Bayaqdan bəri əsən yellər dayanıb... Zabit Rüstəm Nəbiyevlə təbiətin gözlənilməzliklərini də xatırlamışıq, gerçəkliklərini də. Belə havalarda təlimlərin daha rəvan keçirildiyini xatırladan zabit deyir ki, hərbi qulluqçu üçün ən gözəl fəsil hərbi xidmət fəslidi - hərbi xidmətdə bütün fəsillər gözəldi.
Bu gözəlliyi hərbi xidmətə münasibət daha da gözəlləşdirir. Bir azdan taktiki raket sisteminin döyüş hazırlığı məşğələsi başlayacaq. Belə məşğələlər təlimdir, təlim-tədris prosesidir. Məşğələdə öyrənilmişlər bir daha xatırladılır, təkrar olunur, mərhələlər arasında əlaqələr ardıcıllıqla yerinə yetirilir; heyət dərs-tədris prosesində olur...
Baş leytenant Məhəmməd Qaraşov təlimlə bağlı gərəkli olan bilgiləri bir daha heyətə xatırladır. Xatırlatma mahiyyəti baxımından öyrətmədi... Məşğələ başlayır. Nəzəri biliklərin mənimsənildiyinə əminlik heyət üzvlərinin vəzifə borclarını əvvəl ayrılıqda, sonra vəhdətdə - məşğələ formatında tamlıqla icrası ilə davam etdirilir.
Gizir Arzu Camıyev bildirir ki, heyəti olduğu taktiki raket sistemi İkinci Qarabağ müharibəsində döyüşən ordunun qələbə qazanmasında, nəticə etibarilə tarixi zəfərdə əhəmiyyətli olub. “Azərbaycanın ədalətli müharibəsində - İkinci Qarabağ müharibəsində bütün qoşun növləri qətiyyətlə döyüşdü, qoşunlar arasında hərb elminin tələbləri səviyyəsində koordinasiya vardı. Artilleriyaçılarımız da döyüşlərin gedişində bu baxımdan yüksək döyüş hazırlığı ilə fərqləndilər”. Heyət üzvləri giziri qürurla dinləyirlər. Artilleriyaçı, bu raket sisteminin heyəti olmalarıyla qürurlanırlar.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Cəbiyev deyir ki, biz hər məşğələdə gerçək döyüş ovqatı ilə iştirak edirik. “Buna yüksək döyüş hazırlığımız imkan verir. Baş leytenant Məhəmməd Qaraşov Vətən müharibəsi iştirakçısıdı. Ərazi bütövlüyümüzün tam bərpa olunması ilə nəticələnmiş Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatında da iştirak edib. Onun döyüş təəssüratları hər birimiz üçün döyüş dərsliyidir”.
Onun fikirlərini zabit Rüstəm Nəbiyev tamamlayır: "Vəzifə borclarını məsuliyyətlə yerinə yetirən hərbi qulluqçu bunu böyük sevgilərlə icra etməlidir. Döyüş hazırlığı məhz bu amildən asılıdır. Təlimlər, məşğələlər şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsini təmin edir. Belə xatırlatmalar onların döyüş hazırlığını tamamlayan mənəvi hazırlığını yüksəldir. Məşğələlər bu baxımdan mənəvi hazırlıqda vasitə hesab olunur. Füzuli istiqamətində düşmənin mühəndis-istehkam səddinin yarılmasında bu sistemdən dəqiq atışlar qələbələr qazandırdı, nəticə etibarilə torpaqlarımız işğaldan azad olundu....", - mayor Rüstəm Nəbiyev belə deyir.
Bu fikirləri həm artilleriyaya ehtiram bilirik, həm bu raket sisteminə, həm də şəxsi heyətin yüksək döyüş hazırlığına...
Əsən yellərin çılğınlığı azalıb...
Məşğələ başa çatır.
Şəxsi heyətin gözlərində qüruru, duruşlarında mətinliyi görməmək çətin deyil. Bu baxışlardan "Biz artilleriyaçıyıq!" - qürur ilə bir sırada "Sabah nəfəsimizlə yenə isinəcəksən...", - kəlmələrini oxumaq çətin deyil...


Rəşid HÜSEYNOV

"Azərbaycan Ordusu"