Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2025 16:06

“Tarixi zəfərdə kiçik də olsa əməyimin olduğunu bilmək qürurverici hissdir”

Azərbaycan Ordusunun düşmənin genişmiqyaslı təxribatının qarşısını alaraq əks-hücum əməliyyatına keçməsi ilə başlayan və şanlı qələbə ilə yekunlaşan Vətən müharibəsindən artıq bir neçə il ötüb. Əlbəttə, bu tarixi qələbəni xalqımıza yaşadan igid döyüşçülərimiz olub. Yüksək döyüş hazırlığına malik peşəkar hərbçilərimiz qorxu bilmədən irəliləyərək torpaqlarımızı işğaldan azad ediblər. Döyüşlərin qələbə ilə nəticələnməsində digər qoşun növləri kimi artilleriya bölmələrinin fəaliyyətinin də əvəzsiz təsiri oldu. Döyüş əməliyyatları zamanı onların dəqiq artilleriya atəşləri nəticəsində düşmənin illərlə möhkəmlətdiyi istehkam sədləri darmadağın edildi. Xeyli sayda döyüş maşınları və texnikaları, komanda məntəqələri artilleriyaçılarımızın dəqiq atışları ilə məhv edildi. Bir sözlə, İkinci Qarabağ müharibəsində düşmən qüvvələrinin məhv edilməsində, eləcə də qarşı tərəfin əks-həmlə tətbiq edə bilməməsində hərbi bilik və bacarıqları ilə artilleriyaçılarımızın böyük rolu oldu.
Şücaətilə Vətən müharibəsində fərqlənən artilleriyaçı-hərbçilərimizdən biri olan "Qarabağ" ordenli baş leytenant Məhəmməd Qaraşov ilə tanış olduq. Mingəçevir şəhərində dünyaya göz açan gənc zabit 2011-ci ildən hərbçi olmaq arzusu ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin qəbul imtahanında iştirak edib. Müvəffəqiyyətlə liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Artileriya ixtisası üzrə hərbi təhsil alan M.Qaraşov 2018-ci ildən şərəfli peşənin sahibi olaraq xidmətə başlayıb. Xidmətə başladığı ilk gündən zabit olaraq tabeliyində olan hərbi qulluqçuları bütün gücü və iradəsi ilə peşəkar bir döyüşçü kimi yetişdirməyə çalışıb. O, əsgərlərin döyüş qabiliyyətini və ruhunu, fiziki, atəş, eləcə də, mənəvi-psixoloji hazırlıqlarını artırmaları üçün əlindən gələni əsirgəmir. Şəxsi heyətə həm qardaş, həm də komandir olur. Gənc zabitin peşəkarlığı sayəsində əsgərlərimiz artilleriyanın sirlərinə yiyələnirlər.
"Bizim əsas vəzifəmiz əsgərlərimizi istənilən döyüş tapşırığının öhdəsindən gələ biləcək peşəkar döyüşçülər kimi hazırlamaqdır. Onların fiziki, mənəvi-psixoloji, praktiki hazırlıqlı olmalarını daim diqqət mərkəzində saxlayırıq. Komandir və müəllimlərimizdən öyrəndiklərimizi biz də onlara öyrədirik. Çünki, bügün hərbin sirlərini öyrətdiyimiz hər bir əsgər lazım gələrsə döyüş meydanında çiyin-çiyinə döyüşəcəyimiz igidlər olacaqlar. Belə ki, həm Vətən müharibəsində, həm də müharibədən sonrakı əməliyyatlarda əsgərlərərimiz verilən tapşırıqları yüksək peşəkarlıqla icra etdilər", - dedi M.Qaraşov.
"Hər bir hərbçinin arzusu olduğu kimi mən də torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsinin, eləcə də Qarabağ İqtisadi zonasında keçirilən antiterror əməliyyatlarının iştirakçısı olduğum üçün sevinirəm", - deyə zabit sözünə davam etdi. "Keçirdiyim hissi adi sözlərlə ifadə etmək mümkün deyil. Döyüşlərin başladığı ilk gündən ard-arda bölmələrimizin uğurlarını eşitmək bizdə böyük ruh yüksəkliyi yaradırdı. İgid oğullarımızın əzmkarlığı ilə qısa zamanda otuz ilə yaxın həsrətini çəkdiyimiz torpaqlarda şanlı bayrağımız dalğalandırıldı. Bu gün illərdir səngərlərdən həsrətlə baxdığımız torpaqlarımızda xidmət edirik.
Döyüşlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə layiq görüldüyüm "Qarabağ" ordeninə, "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına baxdıqca keçdiyimiz döyüş yolu gözümdə canlanır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun qazandığı tarixi zəfərdə kiçik də olsa əməyimin olduğunu bilmək qürurverici hissdir".


Oruc MUSTAFAYEV

"Azərbaycan Ordusu"