Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2025 16:06

Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olundu

Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin yarandığı gündən 33 il keçir. Arxada qalmış bu illər ərzində çətin və şərəfli xidmət yolu keçən Hərbi Polis İdarəsi müdafiə nazirinin 1992-ci il tarixli müvafiq əmrinə əsasən yaradılmışdır. Əlamətdar gün münasibətilə Hərbi Polis İdarəsində tədbir keçirildi.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyularaq xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirildi.
Daha sonra Ulu Öndərin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxundu.
Tədbirdə çıxış edən Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimov hərbi polis bölmələrinin xüsusilə işğaldan azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müsbət qiymətləndirildiyini qeyd etdi. Baş İdarə rəisi hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzuladı.
Hərbi Polis İdarəsinin zabiti polkovnik Mirhəmid Nağıyev çıxış edərək, hərbi polisin fəaliyyətə başladığı gündən çətin, şərəfli xidmət və döyüş yolu keçməsindən söz açdı. "Hərbi Polis İdarəsi və tabeliyində olan hərbi polis bölmələrinin fəaliyyətinin əsasını sülh və müharibə dövründə Azərbaycan Ordusunda, qarnizonlarda hərbi intizamın səviyyəsinin qorunub saxlanılması, hərbi geyim formasının daşınması qaydalarına riayət edilməsi, komendant xidmətlərinin, patrul xidmətinin təşkili, qoşun xidməti, hərbi avtomobil texnikalarının müşayiəti, axtarış fəaliyyəti təşkil edir. İşğaldan azad olunmuş torpaqlarımızda Hərbi Polisin əməkdaşları mətinliklə xidmət edirlər. Onlar Vətən müharibəsində də qələbənin təmin edilməsində üzərlərinə düşən tapşırıqları uğurla yerinə yetiriblər. Torpaqlarımız işğaldan azad olunduqca mühüm əhəmiyyətli obyektlər dərhal mühafizəyə götürülüb, komendant postları qurulub, mənfur düşmənin qoyub qaçdığı silah və texnikalar ərazilərdən yığılaraq aidiyyəti üzrə təhvil verilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və yaralıların təxliyə edilməsində də iştirak etmişlər. Vətən müharibəsindən sonra da Müzəffər Ali Baş Komandanın diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunda xidmətin yüksək səviyyədə təşkili məqsədilə müxtəlif bölgələrdə yerləşən Hərbi Polis bölmələrinin inzibati binaları müasir standartlara uyğun olan yenidən tikilib. Hərbi Avtomobil Müfəttişliyi xidmətinin səmərəli fəaliyyətinin təşkili üçün yeni avtomobillər alınaraq xidməti istifadəyə verilib. Şəxsi heyətin fiziki hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə müasir idman zalı yaradılıb. Hərbi Polisin şəxsi heyəti Azərbaycan Ordusunun bir hissəsi kimi ərazi bütövlüyümüzün qorunmasında, hərbi intizamın gücləndirilməsində daim mətinliklə xidmət edəcəkdir", - M.Nağıyev dedi.
Çıxışlardan sonra tədbir iştirakçılarına hərbi polisin yaranma tarixi və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
Sonda komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu təltif olundu.


Şəlalə DÜNYAMALIYEVA

"Azərbaycan Ordusu"