Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Aprel 2025 16:06

“Murad Mirzəyev Salnaməsi”

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr edilmiş kitabın təqdimatı keçirildi. Liseyin müəllimi, qızıl qələm mükafatı laureatı, yazıçı-publisist Mətanət İmamquliyevanın "Murad Mirzəyev Salnaməsi" adlı kitabın təqdimatına Milli Müdafiə Universitet rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov, Hərbi Liseyin rəhbərliyi, zabit-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, döyüşçü yoldaşları, şəhid ailələri və başqa qonaqlar iştirak etdilər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş xalqımızın qəhrəman oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Çıxış edən general-mayor Arif Həsənov qəhrəmanın valideynlərini, qonaqları və tədbir iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamladı. Azərbaycanın sadə bir kəndində, Muğan-Gəncəlidə anadan olan, qırx ildən sonra isə doğma kəndini respublikamızda tanıdan Murad Mirzəyev haqqında hələ çox salnamələrin yazılacağını qeyd etdi. "Aprel döyüşləri İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin döyüşlərdə göstərdiyi şücaət haqqında döyüşçü yoldaşlardan tez-tez eşitmişik. Onun bu qəhrəmanlığı gənc nəsil üçün böyük örnəkdi", - dedi general-mayor A.Həsənov.
Milli Müdafiə Universitet rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru daha sonra şəhidimizin əziz xatirəsinə həsr olunan "Murad Mirzəyev Salnaməsi" kitabının müəllifi Mətanət İmamquliyevaya vətənpərvərliyin təbliğindəki fəaliyyətinə görə Milli Müdafiə Universitet rektoru general-mayor Gündüz Əbdülovun adından təşəkkür etdi.
Milli Qəhrəmanın atası Telman Mirzəyev çıxış edərək oğlu ilə fəxr etdiyini bidirdi: "Zala daxil olduqda oğlum gözümdə canlandı. O, burada təhsil alıb. Hər zaman Vətəninə, xalqına bağlı biri olub. Bu kitab şəhid Murad Mirzəyev haqqında yazılan 14-cü kitabdır. Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulduğuna, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığımı, kitabın ərsəyə gəlməsində əməyi keçən hər bir kəsə təşəkkürümü bildirirəm".
Digər çıxış edənlər də, şəhidin həyat və xidmət yolundan, onun vətənpərvərliyindən, 2016-cı ilin Aprel döyüşləri, eləcə də 2020-ci ilin Vətən müharibəsi zamanı erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan danışdılar.
 Qeyd olundu ki, şəhid polkovnik-leytenant Murad Telman oğlu Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonun Muğan-Gəncəli kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra qardaş Türkiyə Respublikasının Quru Qoşunları Ali Hərbi Məktəbində oxuyub. Murad Mirzəyev 2016-cı ildə hərb tariximizə Aprel döyüşləri kimi daxil olmuş 4 günlük müharibənin şəhid qəhrəmanlarından biridir. O, komandiri olduğu qrupla birlikdə yüzlərlə düşmən hərbçisini Talış kəndi ətrafında məhv edib, cəsur komandir qeyri-bərabər döyüşdə tutduğu mövqedən bir addım belə geri çəkilməyib.
Şəhidin döyüş yoldaşı, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov Aprel döyüşləri zamanı M.Mirzəyevlə çiyin-çiyinə döyüşdüyünü, onun döyüş zamanı bir addım belə geriyə çəkilmədiyini bildirdi. "O, döyüşçü kimi hər birimizə örnək olub. İkinci Qarabağ müharibəsi başlayanda ilk atılan mərmi, güllə səsini eşidəndə elə bilirdim Aprel döyüşləri hələ davam edir. Sanki, bir vaxtlar komandirim olan Murad Mirzəyev hələ də bizimlə idi. 44 gün davam edən və Ordumuzun Zəfəri ilə başa çatan müharibədə Murad Mirzəyevin timsalında bütün şəhidlərimizin qisası alındı", - dedi Zaur Hüseynov.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev, Qarabağ Ordenli polkovnik Rəşad Aslanov, Şəhid ailələri və qadınlarla iş üzrə sektor müdiri Zümrüd Səmədova, Muğan-Gəncəli kənd orta məktəbin direktoru Afiq Quliyev və başqaları çıxış edərək Milli Qəhrəman Murad Mirzəyev haqqında xatirələrini bölüşdülər.
Çıxışlardan sonra Milli Qəhrəman Murad Mirzəyevin foto şəkilləri əsasında hazırlanmış qısa metrajlı film nümayiş olundu.
Sonra general-mayor Arif Həsənov "Murad Mirzəyev Salnaməsi" kitabı Şəhidin valideynlərinə təqdim etdi.
Sonda tədbir iştirakçıları Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərin ifasında vətənpərvərlik mahnıları dinlədilər.


Bəxtiyar ƏLİYEV

"Azərbaycan Ordusu"