AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dövlətlər yaranandan, araya sərhədlər düşəndən dünyanın gedişini dəyişən hadisələrə tarixi hadisələr deyilib. Tarixi hadisələr nizam da pozur, nizam da yaradır. Nizamı pozan da, nizama düzən də müharibədi. Yüz illərdi müharibələr torpağa görə başlayıb - müharibə bir dövlət başqa bir dövlətin ərazisini öz ərazisinə qatmaq niyyətinə düşəndə başlayır. Başlayır və işğalçılıq müharibəsi kimi tarixləşir. Bu tarixləşmənin sonunda zamanın gerçək ironiyası eşidilir. Həmişə belə olub...
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı tarixi Zəfər dünyaya nizam gətirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakıda Zəfər parkı açıldı. Tarixi Zəfərin ad daşıyıcısı olan Zəfər parkı tarixi parkdı. Bu park Azərbaycan əsgərinin şücaətinin parkıdı. Bu park qüdrətin parkıdı. Bu park İkinci Qarabağ müharibəsinə kimi niyyət idi, 2024-cü ilin 8 noyabrında ruhumuzun işığına döndü...
Tarixi gerçəkliyin gerçək muzeyində düşüncələr 44 rəqəminin müqəddəsliyinə sarılır; 44 rəqəmi müqəddəslik parkı bildiyimiz Zəfər parkının müqəddəsliyinin nişanəsidi...
"N" hərbi hissəsində "Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və unutmamalıdırlar" mövzusunda keçirilən disputda Azərbaycanın müstəqillik dövrünün müharibələri (Azərbaycana qarşı Ermənistanın apardığı işğalçılıq müharibəsi, işğalçılıq müharibəsinə qarşı Azərbaycanın ədalətli müharibəsi), döyüşlər, qələbələr xatırlanılır. Sözə qüvvət kimi əsgərlərə xitabən deyirəm ki, müharibədə qələbə həm hərbi, həm də mənəvi-psixoloji dəyərlə şərtlənir. Müharibədə ruhun müəyyənləşdirdiyi sərhəd silahın müəyyənləşdirdiyi sərhədlərdən geniş olur. Ruhumuzun 1994-cü ilin 4 yanvarında - Horadiz əməliyyatında, 2016-cı ilin aprelində - Aprel döyüşlərində, 2020-ci ilin 27 sentyabrında - İkinci Qarabağ müharibəsində, 2022-ci ilin avqust, sentyabr döyüşlərində arzuladığı 2023-cü il sentyabrın 19-da - antiterror əməliyyatında gerçəkləşdi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.
Zəfər parkının açılışındakı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tarixlərin, mahiyyəti, bu tarixlərlə səsləşən digər tarixlərin unudulmamasını tövsiyə edirdi. Bugünkü disput həmin tövsiyənin işığıdı...
Əsgərlərin mövzuya bələdliyini tarixə bələdlik bilirik. Bu bələdlik əsasında müharibə, deməli, qələbələr mərhələlərlə xatırlanılır, xatırlananlar disputun başlanğıcı olur:
Əsgər Cəfər Səbziyev Azərbaycan Ordusunun həmişə yüksək döyüş hazırlığına malik olduğunu deyir, fikrini döyüşlərdə qazanılmış qələbələri xatırlatmaqla tamamlayır:
- 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı birləşmələrinin irimiqyaslı təxribat törətmək niyyətinin - hücumunun qarşısını qətiyyətlə alan Azərbaycan Ordusunun hissələri döyüşləri davam etdirdi, dörd gün müddətində düşmənin neçə-neçə döyüş mövqeyi, komanda məntəqəsi, onlarla döyüş texnikası, canlı qüvvəsi məhv edildi, Lələtəpə, Bayraqtəpə kimi strateji yüksəkliklər də daxil olmaqla, 2000 hektar ərazi işğaldan azad olundu...
Əsgər Cavid Quliyev əsgər yoldaşının fikrini bədiiləşdirməklə tamamlayır:
- Bir əsərdə oxumuşdum ki, onda "Lələtəpədən Şuşaya aparan yollar görünürmüş".
Hər xatırlama bir tarixdi. Bu tarix həm ehtiram kimi yaşanılır, həm də ehtiram kimi yaşa-dılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər parkının açılışında dediyi həmin yaşarı kəlam bu gənclərin dünyaduyumunun yol göstərənidi, onlar sabahlara böyük sədaqətlə dünənin tarixinin işığından baxırlar.
Leytenant Orxan Hüseynquliyev əsgərlərin dediklərini ümumiləşdirərək bildirir ki, Aprel döyüşləri həm də böyük mənəvi-psixoloji əhəmiyyətə malik oldu. Azərbaycan Ordusunun şəxsi heyəti öz gücünə daha qətiyyətlə inandı, sərkərdəsinə daha sədaqətlə güvəndi, onun mənəvi-psixoloji hazırlığını bu inam, bu güvənc tamamladı. Ordu quruculuğu prosesinə həmişə dövlətin diqqət və qayğısı yüksək olduğuna görə irimiqyaslı islahatlar şəxsi heyətin döyüş hazırlığını yüksəltmişdi. Ordu Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə hazır idi.
Leytenant Orxan Hüseynquliyevin dedikləri əsgərlərin yaddaşını tərpədir. Bu yaddaşı tarixlərin unudulmadığının təsdiqi bilirik. Günnüt əməliyyatı da xatırlanır. Bu əməliyyat vaxtı 12 yaşlı məktəbli olan bugünkü əsgərlər 6 il əvvəlin döyüşlərini, qazanılan qələbəni, bu qələbə ilə tarixləşənləri çağırışçı yaşına çatanda müəllimlərindən eşitdiklərinə əsaslanıb xatırlayırlar:
- 2018-ci ilin mayında Bulaq yüksəkliyi, Qızılqaya dağı da daxil olmaqla, 11000 hektar ərazi düşmənin nəzarətindən çıxarıldı.
- Buna ərazilərin azad edilməsi də demək mümkündür, - əsgər Cavid Quliyev əsgər yoldaşı Endi Muradovun fikirlərini belə tamamlayır. Əsgər Endi Muradov onu da bildirir ki, Günnüt əməliyyatı nəticəsində Dərələyəz mahalının Arpa kəndi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Əsgərlərin baxışlarında işıqlı bir ovqat görünür.
Əsgər yoldaşının fikrinin davamı kimi əsgər Cəfər Səbziyev deyir ki, Ermənistan 2020-ci il sentyabrın 27-də yeni ərazilər işğal etmək niyyətilə işğal etdiyi ərazilərdən hücum etməyə başladı. Azərbaycan Ordusunun hissələri bu hücumun da qarşısını qətiyyətlə aldı, ordu hissələrimiz Ali Baş Komandanın döyüş əmri ilə əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı...
- Bu əmr Ermənistanın ədalətsiz müharibəsini sona çatdıracaq ədalətli müharibəmizin başlanğıcı oldu, - deyirəm. Əsgərlər məmnunluqla razılaşırlar.
- Qəbul imtahanlarına hazırlaşanda da oxumuşdum, komandirimizdən də eşitmişdim, Azərbaycan Ordusu düşmənin mühəndis-istehkam sədlərini dağıtdı, qələbələr qazana-qazana döyüşdü, - əsgər Endi Muradov İkinci Qarabağ müharibəsinin ilk gününü xatırladır. - Döyüşlərdə 20 kənd, Murovdağ istiqamətində strateji yüksəkliklər işğaldan azad edildi.
Əsgər Oruc Bəkirli əsgər yoldaşının dediklərinə qüvvət kimi deyir ki, bu qələbələr sonrakı qələbələrin başlanğıcı oldu. Ordumuz döyüşə-döyüşə Şuşaya yaxınlaşırdı. Qələbəni tezləşdirmək - işğalı sonlandırmaq üçün Topxana meşəsindən yol çəkilməsinə qərar verildi. Döyüşçülərimiz qısa müddətdə çəkilən bu yolla Şuşanın hüdudlarına çatdılar.
Şuşa döyüşləri haqqında əsgərlərin hamısı danışmaq istəyir. Bu istək də tariximizə bələdliyin, sevginin, tarixi yaşatmanın əminliyidi. Leytenant Orxan Hüseynquliyev Şuşa döyüşləri haqqında "Nezavisimaya qazeta"da dərc olunmuş bir məqaləni, məqalənin mahiyyətini ifadə edən bir fikri xatırladır: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar"...
Əsgərlərimizin İkinci Qarabağ müharibəsinin döyüşləri haqqında məlumatları vardı. Hərbi xidmətdə bu məlumatlar söhbətlərlə, ictimai-siyasi dərslərlə genişləndi. Onlar Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindən sonra Ali Baş Komandanın əmri ilə yerinə yetirdiyi əməliyyatların səbəblərini də bilirlər, necə keçirildiyini də. Bilirlər ki, Ermənistan silahlı birləşmələrinin qalıqları, Ermənistanın siyasi və hərbi nəzarətində olan silahlı birləşmələr Azərbaycan ərazilərində yenə təxribatlar törədirmiş. 2022-ci il avqustun 3-də Kəlbəcər və Laçında Qırxqız yüksəkliyini tutmaq, orda döyüş mövqeləri yaratmaq istəmişdi. Azərbaycan Ordusunun hissələri düşmənin bu istəyinin qarşısını almışdı. Döyüşdə əsgər Anar Kazımov şəhid olmuşdu. Azərbaycan Ordusu əməliyyatı davam etdirmişdi, Qırxqız yüksəkliyi, Sarıbaba və daha bir neçə əhəmiyyətli yüksəklik nəzarətə götürülmüşdü. Hava zərbələri ilə düşmənin Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsində yerləşən hərbi hissəsi böyük dağıntılara, xeyli itkiyə məruz qaldı. Bu əməliyyat da təsdiqlədi ki, Azərbaycan Ordusu yüksək döyüş hazırlığına malikdir.
Əsgərlərin yaddaşından dikələn faktları da müharibə tariximizə ehtiram kimi dinləyirik:
- 2022-ci il 12-15 sentyabr döyüşləri də müharibə tariximizdir. Ordumuzun hərbi qulluqçularının şəhid olduğu bu döyüşdə düşmən də böyük itkilər vermişdi, - əsgər Cavid Quliyev belə deyir...
- 2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmri ilə antiterror əməliyyatına başladı. Düşmən təslim oldu, Əsgəran, Xocalı, Xankəndi işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Həmin vaxtlarda mətbuatda oxumuşdum ki, bu döyüşlərdə Ordumuzun onlarla hərbi qulluqçusu şəhid olub, - əsgər Endi Muradov deyir.
Leytenant Orxan Hüseynquliyev qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bakıda yaradılan Zəfər parkının açılışında dediyi digər fikirlər kimi "Bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və unutmamalıdırlar" fikri də Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının tənzimləyici amillərindən biri olacaq...
Leytenant Orxan Hüseynquliyev disput iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər parkının açılışında xalqa müraciətindəki fikirləri xatırlatdı: “Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir”.
"N" hərbi hissəsində keçirilən disput bir əminliklə başa çatır: "Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunmasını təmin edən döyüşlərin Azərbaycanın ədalətli müharibəsinin döyüşlərində tarixi, qazanılan Zəfər heç zaman unudulmayacaq. Bu əminlik ruhumuzun dövlətçilik bayrağıdır", həmişə belə də olacaq - bizdən sonra gələn nəsillərin əminliyi də bayrağımıza sevginin zərrəsi kimi yaşadılacaq" - əsgərlərin baxışları belə deyirdi. Nə gözəl deyirdi...
Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu"