Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2025 17:20

“XXI əsr texnoloji mübarizə əsridir”

Vətənin müdafiəsində dayanmaq, onu göz bəbəyi kimi qorumaq hər bir Azərbaycan gəncinin övladlıq borcu, vətəndaşlıq missiyasıdır. Bu borcu, mənimsədiyi peşə sayəsində vicdanla və ləyaqətlə yerinə yetirən minlərlə gəncimiz vardır. Nicat Məsimzadə də belə vətənpərvər gənclərimizdən biridir. Ömrünü hərb peşəsinə bağlayan Nicat Azərbaycan Texniki Universitetini bitirib. 2018-ci ildə "Ehtiyat zabit hazırlığı kursu"nu müvəffəqiyyətlə başa vurduqdan sonra "leytenant" hərbi rütbəsində xidmətə başlayıb.
O, öz üzərində daima çalışan, müasir hərbi texnologiyalara aid biliklərini inkişaf etdirən gənc zabitlərimizdəndir. Xidmətində olduqca məsuliyyətlidir. Qazandığı nəzəri və praktiki biliklər onun daha da inkişaf etməsində mühüm rol oynayır. Zabitin söylədiyinə görə, ixtisas üzrə öyrəndiklərini keçirilən təlimlərdə, məşğələlərdə tətbiq edir, hərbi texnologiyaların sirlərinə dərindən yiyələnir. "Təsadüfi deyildir ki, XXI əsri texnoloji mübarizə əsri adlandırırlar. Bununla bağlı Ali Baş Komandanımız öz çıxışlarının birində demişdir: "Bu gün dünyanın inkişafı müasir texnologiyaların imkanından asılıdır. O ölkələr ki, bu texnologiyaları icad edir, yaxud da ki, onları tətbiq edir, o ölkələr daim uğur qazanacaqlar. XXI əsr texnoloji mübarizə əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır". Bəli, hərbi sahəni də bura əlavə etsək, deməliyik ki, onda ölkəmizin müdafiə potensialı da müasirləşməli, yeniliklərlə möhkəmləndirilməlidir. Qürurverici haldır ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində Böyük Qələbə qazandı. 30 ilə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız öz azadlığına qovuşdu. Əməliyyatlar zamanı hərbi qulluqçularımız yüksək döyüş bacarığı və şücaət nümayiş etdirdilər. Vətənpərvər, peşəkar hərbçilərimizin sayəsində sıldırım qayalıqlar üzərindəki Şuşa şəhəri azad olundu. Bu gün rəşadətli ordumuzun döyüş təcrübəsi dünya ordularında da öyrənilir. Müasir texnika və silahlar ordumuzun peşəkar hərbçiləri tərəfindən yüksək səviyyədə idarə olunur. Bizə həvalə olunan döyüş texnikasının sirlərinə və taktiki-texniki xüsusiyyətlərinə dərindən yiyələnməyimiz, ilk növbədə, vəzifə borcumuzdur. Bu vəzifə borcumuzun öhdəsindən bacarıqla gəlməyə, verilən tapşırıqların yerinə yetirilməsində yüksək nəticələrə nail olmağa çalışırıq", - deyə zabit bildirdi.
Onu da qeyd edək ki, baş leytenant Nicat Məsimzadə 44 günlük Vətən müharibəsinin və antiterror əməliyyatının iştirakçısıdır. Gənc zabitin sinəsində "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları parlayır. Nicata müqəddəs Vətənə xidmətində uğurlar arzulayırıq.

Lalə HÜSEYNOVA

"Azərbaycan Ordusu"