Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2025 17:20

Üç ordunun zabiti olan azərbaycanlı general - Tərlan bəy Əlyarbəyov

Tərlan bəy Abdulla bəy oğlu Əlyarbəyov 1892-ci il noyabrın 28-də o zaman Şamaxıya tabe olan Ağsu kəndində zadəgan ailəsində anadan olub. Tərlan bəy 1908-ci ildə Şamaxıdakı altıillik şəhər məktəbini bitirib və ordu sıralarına könüllü olaraq yollanıb. 1911-ci ildə 3-cü Qafqaz piyada alayının əlaçı əsgəri olan T.Əlyarbəyovu Tiflisdəki Mixaylovsk hərbi piyada məktəbinə təhsil almağa göndəriblər. 4 illik təhsili zamanı birincilər sırasında olan, bütün fənləri müvəffəqiyyətlə mənimsəyən Tərlan bəy hərbi məktəbi birinci dərəcəli diplomla bitirərək "podporuçik" rütbəsində Şamaxıdakı 205-ci piyada alayında xidmətə başlayıb.
1914-cü ildə Birinci Dünya müharibəsi başlayanda Tərlan bəyin xidmət etdiyi 205-ci alay Qərb cəbhəsinə göndərilib. Odlu-alovlu səngərlərdə gənc zabitin çətin sınaq günləri başlayıb. Komandirlərin verdiyi tapşırıqları uğurla yerinə yetirən, döyüşdən-döyüşə qələbə ilə çıxan Tərlan bəy əsgərlərin də sevimlisi olur.
Bacarığı və əzmkarlığı yüksək qiymətləndirilən bölük komandiri Tərlan bəyə "ştabs-kapitan" rütbəsi verilib və o, piyada batalyonunun komandiri kimi məsul vəzifəyə təyin edilib. Öz batalyonunu qələbədən-qələbəyə aparan ştabs-kapitan T.Əlyarbəyovun igidliyi bütün Qərb cəbhəsinə yayılmışdı. 1916-cı ilin mayında o, üçüncü dərəcəli "Müqəddəs Stanislav" (qılınc və bantla birgə) və üzərində "İgidliyə görə" yazısı olan dördüncü dərəcəli "Müqəddəs Anna", sonralar  "Müqəddəs Georgi" ordenlərinə layiq görülüb.
Tərlan bəyə Verden şəhəri ətrafında gedən qızğın döyüşlər zamanı 10-cu ordunun komandanı olan general Əlağa Şıxlinski ilə görüşüb söhbət etmək nəsib olub. O, bu şöhrətli generalla görüşünü uzun müddət unuda bilmir. Onlar bir də 1918-ci ildə Bakıda görüşüblər.
1916-cı ilin yayında general A.A.Brusilovun təşkil etdiyi məşhur hücumda iştirak edən T.Əlyarbəyov şiddətli döyüşlər zamanı sinəsindən ağır yaralanıb. Bu, müharibə başlanandan Tərlan bəyin aldığı dördüncü yara idi. Bir müddət Brest hərbi hospitalında müalicə olunduqdan sonra onu müalicəsini davam etdirmək üçün Bakıya göndəriblər.
Döyüşlərdə böyüyüb-bərkimiş T.Əlyarbəyov Azərbaycan Xalq Cümhuriyyəti Ordusu yaradılanda onun sıralarına qoşulub və 2-ci piyada alayının komandir köməkçisi vəzifəsinə təyin edilib. Onun xidmət etdiyi alay ölkədə sabitliyi bərpa etməklə və döyüş hazırlığını artırmaqla məşğul olub. 1919-cu ilin yayında Rusiyanın ağqvardiyaçı generalı A.Denikinin ordusunun Azərbaycana hücum təhlükəsi yarananda 2-ci piyada alayı sərhədlərimizin mühafizəsini gücləndirmək üçün Qusarda yerləşdirilib. Onlar gecə-gündüz vuruşaraq duşməni Azərbaycana buraxmayıblar.
Nümunəvi xidmətlərinə görə T.Əlyarbəyova "rotmistr" rütbəsi verilib və Bakı şəhəri və onun rayonlarının hərbi rəisi təyin edilib. Bu vəzifədə o, Bakı şəhəri və onun ətraf rayonlarının əhalisi arasında hərbi çağırış işinin təşkilinə başçılıq edib. Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Naziri Səməd bəy Mehmandarovun təşəbbüsü ilə təsis edilmiş yeddi hərbi rəislikdən biri olan həmin vəzifənin yaradılmasında məqsəd hərbi çağırış və səfərbərlik işində mövcud çatışmazlıqları aradan qaldırmaq, bu sahədə yol verilən nöqsanların qarşısını almaq idi. Cümhuriyyətin süqutuna qədər Bakı və onun rayonlarının hərbi rəisi vəzifəsini icra edib.
1920-ci ildə Sovet hakimiyyəti qurulduqdan sonra çağırış və səfərbərlik sahəsində kifayət qədər təcrübəyə malik olduğu üçün Tərlan bəy Əlyarbəyov yüksək hərbi vəzifələrdə işləyib, 1923-1929-cu illərdə Azərbaycan Sovet Sosialist Respublikası hərbi komissarının köməkçisi və ərazi idarəsinin rəisi vəzifəsində çalışıb. Tərlan bəy 1925-1931-ci illərdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizəd seçilib, Azərbaycan SSR Ali Sovetinin 2-ci çağırış deputatı olub. 1927-ci ildə o, Moskvada M.V.Frunze adına Hərbi Akademiya yanında Ali komanda heyəti kursunu bitirib, 1930-1938-ci illərdə Cənubi Qafqazın müxtəlif hərbi məktəblərində işləyib. 1937-1941-ci illərdə M.V.Frunze adına Ali Hərbi Akademiyada oxuyub.
Tərlan bəy akademiyanı bitirəndə artıq Böyük Vətən müharibəsi başlamışdı. 1942-ci ildə Şimali Qafqazda yaranan ağır hərbi vəziyyəti nəzərə alan SSRİ rəhbərliyi azərbaycanlılardan ibarət milli diviziyaların sayını artırır. Milli zabitlərə olan ehtiyacı ödəmək üçün azərbaycanlı zabitlər bu hissələrə təyinat alıblar.
Təcrübəli hərbçi olduğu üçün Tərlan bəy Əlyarbəyova 416-cı atıcı diviziyaya zabitlərin yığılması, onların hərbi hazırlığına nəzarət etmək tapşırılıb. Artıq "polkovnik" rütbəsində olan T.Əlyarbəyov azərbaycanlılardan ibarət 416-cı milli atıcı diviziyanın (sonradan "Taqanroq" diviziyası adlanıb) komandir müavini, üç ay sonra isə komandiri təyin edilib. Diviziya 1942-ci il noyabrın 30-da səhər Terek çayı sahilində düşmənlə ilk dəfə döyüşə girib. İki günlük döyüşdən sonra bir neçə yaşayış məntəqəsi faşistlərdən azad edilib. Xalqımızın igid oğullarından ibarət olan bu diviziya dəfələrlə ordu komandanlığının təşəkkürünə layiq görülüb.
Həmçinin T.Əlyarbəyov 79-cu, 88-ci alaya və 402-ci atıcı diviziyaya komandir, 58-ci korpusun komandir müavini kimi məsul vəzifəyə təyin edilib. Bu illər ərzində Tərlan bəy Əlyarbəyov özünün komandirlik xüsusiyyətlərini və döyüş bacarığını parlaq şəkildə göstərib.  O, xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub.
Tərlan bəy Abdulla bəy oğlu Əlyarbəyova 1944-cü il fevralın 9-da "general-mayor" rütbəsi verilib.
O, 1946-1948-ci illərdə Azərbaycan SSR Maarif nazirinin müdafiə işləri üzrə müavini vəzifəsində çalışıb və 1948-ci ildə istefaya çıxıb. Sovet ordusunda xidmətlərinə görə Sovet İttifaqının "Lenin", "Qırmızı Bayraq", "Qırmızı Ulduz" ordenləri və müxtəlif medallarla təltif olunub.
1956-cı il fevralın 15-də general-mayor Tərlan bəy Əlyarbəyov Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Tərlan bəy Əlyarbəyovun adına doğulduğu Şamaxı və Bakı şəhərlərində küçə də var.

"Azərbaycan Ordusu"