Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2025 17:20

“Milli Müdafiə Universiteti təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlığını təmin edir”

Güclü ordunun formalaşmasında hərbi elm və təhsil sisteminin xüsusi rolu var. Hərbi təhsil Azərbaycan Ordusunun qarşısında qoyulan vəzifələri yüksək peşəkarlıqla yerinə yetirən kadrların hazırlanması fəaliyyətidir. Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut, Hərbi Tibb Fakültəsi, Hərbi Kolleclər, Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Liseylərdə tədris olunan tədris prosesindən məlumat almaq üçün Milli Müdafiə Universitetinin nümayəndəsi Orxan Qarayev ilə həmsöhbət olduq.
- Orxan müəllim, əvvəlcə Milli Müdafiə Universitetinin xüsusi təyinatlı təhsil müəssisələri haqqında ümumi məlumat verərdiniz. Universitetin tabeliyində təhsilin hansı pillələri tədris olunur?
- Əvvəlcə bildirmək istəyirəm ki, Milli Müdafiə Universiteti 5 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən qabaqcıl xarici orduların təcrübəsinə əsaslanaraq yaradılıb. Bu gün Milli Müdafiə Universiteti təhsilin bütün səviyyələri üzrə mütəxəssis hazırlığını təmin edir. Burada tam orta, orta ixtisas əlavə təhsil və ali təhsil proqramları həyata keçirilir, eləcə də hərbi sahədə fundamental və tətbiqi tədqiqatlar aparılır. Orta təhsil dediyimiz zaman Milli Müdafiə Universitetinin tabeliyində olan Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Liseylər nəzərdə tutulur. Subbakalavr təhsili dediyimiz zaman hərbi kolleclər, ali təhsil dediyimiz zaman isə Heydər Əliyev adına Hərbi İnstitut nəzərdə tutulur. Bundan əlavə olaraq, Milli Müdafiə Universitetinin tabeliyində olan Hərbi İdarəetmə İnstitutu və Hərbi Elmi Tədqiqat İnstitutunda müvafiq olaraq ali təhsilin magistratura və adyunktura pillələri tədris edilir".
- Orxan müəllim, kimlər xüsusi təyinatlı təhsil müəssisələrində oxuya bilərlər?
- Xüsusi təyinatlı təhsil müəssisələrində tələblərə uyğun olaraq 15-17 yaş aralığında hərbi liseylərdə, 17-23 yaş aralığında hərbi kolleclərdə və Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları təhsil ala bilərlər. Magistratura və adyunktura təhsili müəyyən rütbədə və vəzifədə xidmət edən hərbi qulluqçulara şamil olunur. Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrində təhsil alan kursantlar bir çox imtiyazlara sahibdirlər. Gənclərin hərbi sahədə təhsil almağa təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, Milli Müdafiə Universitetinin tabeliyində olan hərbi liseylər, hərbi kolleclər və Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan kursantlar üçün aylıq və birdəfəlik ödəmələr təsis olunmuşdur. Hansı təhsil müəssisəsinə qəbul olmasından asılı olaraq hər bir kursanta birdəfəlik ödəmə həyata keçirilir. Bundan başqa, kursantın özünə aylıq təqaüd, onun ailə üzvlərinə aylıq maddi yardım və onun bank hesabında yığılan aylıq ödənişi həyata keçirilir, hansı ki, həmin təhsil müəssisəsindən məzun olduqdan sonra həmin yığılan məbləği əldə edə bilər".
- Qeyd etmək yerinə düşər ki, hərbi təhsil sahəsindəki əməkdaşlıq planı çərçivəsində azərbaycanlı kursantlar dünyanın bir çox dövlətlərinin ali hərbi məktəblərində təhsil alırlar. Orxan müəllim, kimlər hərbi təhsil üçün xarici dövlətlərə göndərilir?
- Milli Müdafiə Universitetinin tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan hər bir kursantın xarici dövlətdə təhsil alması üçün bir şansı vardır. Bu proses kursantların təhsil göstəricilərinə əsasən müəyyən bir kvota daxilində aparılır. Qeyd etmək istəyirəm ki, hərbi təhsil sahəsindəki əməkdaşlıq planı çərçivəsində azərbaycanlı kursantlar Türkiyə, İtaliya, Cənubi Koreya respublikalarında və Rusiya Federasiyasının hərbi təhsil müəssisələrində təhsilini davam etdirə bilərlər. Eyni zamanda, vurğulamaq yerinə düşər ki, Cənubi Koreya Respublikasında təhsil alan kursantlarımızdan biri bu yaxınlarda təhsildə fərqlənib və xarici kursantlar arasında təhsilini birinciliklə başa vurub.
- Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul prosesi necə aparılır?
- Əvvəlcə onu qeyd etmək istəyirəm ki, ölkə üzrə əhatəliliyi özündə əks etdirən bu yenilik əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə ilk dəfə olaraq Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən Milli Müdafiə Universitetinin internet səhifəsinin təhsil müəssisələrinə qəbul bölməsindən müvafiq təhsil müəssisəsinə müraciət edə bilərlər. Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrinə qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanların nəticəsinə uyğun olaraq aparılır.
- Heydər Əliyev adına Hərbi İnstituta hansı ixtisas qrupları üzrə sənəd qəbulu həyata keçirilir?
- Heydər Əliyev adına Hərbi İnstituta sənəd qəbulu birinci, ikinci və üçüncü ixtisas qrupları üzərindən aparılır. Eyni zamanda, hərbi institutda və hərbi kolleclərdə təhsil alan kursantlar hərbi ixtisasla yanaşı, müvafiq olaraq orta ixtisas təhsili pilləsi üzrə subbakalavr, peşə ixtisas dərəcəsi və ya ali peşə ixtisas dərəcəsi əldə edirlər.
- Orxan müəllim, Milli Müdafiə Universiteti və onun nəzdində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verdiyiniz üçün təşəkkür edirəm, sizə fəaliyyətinizdə uğurlar arzulayıram.
- Çox sağ olun.

Müsahibəni apardı:

Tamilla HÜSEYNLİ

"Azərbaycan Ordusu"