Son illərdə Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar hərbi qulluqçularımızın məişətində də özünü göstərir. Vətənimizin keşiyində dayanan hərbçilərimiz üçün bölmələrdə ən müasir səviyyədə sosial şərait yaradılır, onların nümunəvi xidmət etmələri üçün lazımi tədbirlər görülür.
"N" hərbi hissəsinin müasir şəraiti, şəxsi heyətin yüksək əhval-ruhiyyəsi onu deməyə əsas verir ki, hamı burada yaradılan şəraitdən məmnundur və onlar belə mühitdə xidmət etməkdən qürur duyurlar.
Nahar fasiləsində fürsətdən istifadə edib əsgər yeməkxanasına yollandıq. Geniş və işıqlı zalda əsgərlərin nahar etməsi üçün bütün şərait yaradılıb. Yeməkxanaya daxil olan Vətən müdafiəçilərimiz baş geyimini çıxarır sıra ilə aşpazlara yaxınlaşırdılar. Hər kəsə növbə ilə yeməklər çəkilirdi.
Yeməkxana növbətçisi gizir Hafiz İsmayılov günün menyusu və qida rasionu ilə bağlı bizi tanış etdi. "Təcrübəli aşpazlarımız tərəfindən müasir soyuducu avadanlıqlar vasitəsilə müxtəlif kameralarda və müvafiq temperaturlarda qorunub saxlanılan ərzaqlardan gündəlik normaya əsasən yeməklər hazırlanır. Hazırlanan yeməklərdə milli xörəklərə üstünlük verilir", - gizir dedi.
Yeməkxana rəisi, həmçinin qeyd etdi ki, mətbəxdə çalışan işçilər ixtisas tələblərinə cavab verməli, lazımi norma və qaydaları bilməlidirlər. "Bir əsgər üçün ərzaq payı norması əsas götürülərək gigiyena qaydalarına, yeməklərin hazırlanmasında istifadə olunan ərzaq və ədviyyatların miqdarına xüsusi önəm verilir".
İmkan tapıb əsgərlərimizlə həmsöhbət olduq, hazırlanan yeməklərin keyfiyyəti haqqında onların özlərindən maraqlandıq.
- Doğrudan da, xidmət şəraitimiz ürəkaçandır, - deyə əsgər Malik Abdullayev hər dəfə olduğu kimi, bu gün də iştahla nahar etdiyini bildirdi. "Burada bizə milli mətbəximizdən ləzzətli xörəklər, yüksək keyfiyyətli ərzaqlardan bişirilir, mövsümə uyğun verilən salatlar və şirələr lap ürəyimizcədir".
- Hər şey yaxşıdır, - deyə digər əsgər Fəqan Ələkbərli söhbətimizə qoşuldu. - Hər gün isti yeməklər hazırlanır, salatlar, meyvə şirələri verilir. Həvəslə, iştahla nahar etdiyimiz kimi, ürəklə də xidmət edirik.
Aşpazlarımızla da görüşdük. Onların hər biri tərtəmiz ağ xalatdadır, üz-gözlərindən əsgərlərimizə olan sevgilərini hiss edirik.
- İndi əsgərlərimizlə söhbətləşdik, hazırladığınız xörəklərdən, onların keyfiyyətindən dönə-dönə razılıq etdilər. Əllərinizə sağlıq...
- Onların hər birini doğma övladımız bilirik, - deyə Leyla Vəkilova əsgərlərə bir ana sevgisi ilə nahar hazırladıqlarını bildirdi. - Bayaqdan masalarda nahar edən əsgərlərə baxıram, iştahla nahar etdiklərini görəndə özüm də sevinirəm. Çalışırıq ki, dadlı, keyfiyyətli yeməklər hazırlayaq. Onlar sağlam, gümrah, möhkəm olmalıdırlar, çünki torpaqlarımızı, Vətənimizi düşməndən qoruyurlar.
Söhbət əsnasında öyrəndik ki, Leyla ananın övladı Akif Bəşirov 44 günlük Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. "Oğlum həmişə müharibə olarsa, mütləq gedəcəyini, ana Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edəcəyini deyirdi. Vətən uğrunda döyüşmək, şəhid olmaq onun üçün ən böyük şərəf idi. Tarixi zəfər qazanıldı, oğlum da o zəfəri qazananların sırasında oldu, arzusuna çatdı".
Aşpaz Elşən Bəşirov doğma el-obamızı düşməndən mətinliklə qoruyan gənclərimiz üçün yeməklərin hazırlanmasında əməyi olduğundan qürur duyduğunu dedi. "Gördüyünüz bu əsgərlər gecə-gündüz torpaqlarımızın keşiyində dayanırlar. Yəqin ki, nahar vaxtı onlara fikir verdiniz, görün nə qədər həvəslə nahar edirlər, çünki keyfiyyətli və yüksək kolorili ərzaqlardan hazırlanan yeməklərimiz dadlıdır. Dövlətimizin ordumuzun rəhbərliyi sağ olsunlar ki, əsgərlərə belə yüksək diqqət və qayğı göstərirlər".
Hərbi hissənin zabitlərindən olan Qafqaz Əsgərov da söhbətində yeməkxanada çalışan təcrübəli işçilərdən ağızdolusu razılıq etdi. Dedi ki, əsgərlərlə birgə o da burada nahar edir və hər dəfə xörəklərin keyfiyyətindən razı qalır.
Gördüklərimiz onu deməyə əsas verir ki, Azərbaycan Ordusunun bütün bölmələrində şəxsi heyət üçün ən müasir və ürəkaçan şərait yaradılıb. Belə mühitdə xidmət edən hərbi qulluqçular isə bütün tapşırıqların öhdəsindən bacarıqla gəlməyə can atır, göstərilən etimadı doğrultmağa çalışırlar.
Oruc MUSTAFAYEV
"Azərbaycan Ordusu",
fotolar
Coşqun CƏFƏROVUNDUR