Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2025 17:19

Xidmətimiz dövlətə, dövlətçiliyə, Hərbi Anda sədaqətimizdir

Ermənistanın ərazi iddiasına görə başladığı ədalətsiz, işğalçılıq müharibəsi genişlənsə də, beynəlxalq təşkilatlar buna ciddi münasibət bildirmirdi. BMT-nin Təhlükəsizlik Şurası da, ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər də bu müharibənin dayandırılması istiqamətində təsirli tədbirlər görmürdü, bəlkə də görmək istəmirdi. Havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələnən işğalçı dövlət Azərbaycanın ərazilərini işğal edirdi. Ərazi iddiası olan bu müharibə təkcə Azərbaycanın deyil, dünyanın da nizamını pozmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli bəyanatı Ermənistanı da, onun havadarlarını da ciddi düşündürməli idi: "Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazilərimizdə ikinci qondarma erməni dövləti yaradılsın!"
Bunları siz də bilirdiniz, Azərbaycan əsgəri. Bilirdiniz ki, ordu hissələrimiz 2016-cı ilin Aprel döyüşlərində mühüm qələbələr qazandı, bu qələbələr Böyük Qələbənin ilkin işığı idi. O işıq tarixin düyününü açan işıq olacaqdı. O işıq sizdən əvvəl xidmət edənlərin də döyüş əzminin, qələbə ruhunun işığı idi. Bu əzm döyüş hazırlığının əzmi kimi bu ruh döyüş qabiliyyətinin ruhu idi. Günnüt zəfəri də bu əzmlə qazanılmışdı, Tovuz döyüşlərində də bu əzm, bu ruh əsgərlərimizin döyüş bayrağı idi. Düşmən "Qisas" əməliyyatında da Azərbaycan əsgərinin qarşısında dayana bilmədi, geri çəkildi. Ancaq erməniliyindən əl çəkmirdi.
2020-ci il sentyabrın 27-də də yeni ərazilər işğal etmək niyyəti ilə hücum etdi. Hücumun qarşısı qətiyyətlə alındı, Ali Baş Komandan əks-hücum əmri verdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıc əmri kimi tarixləşdi. Siz onda məktəbli idiniz. Yuxarı sinif şagirdləri yaşlarının azlığına görə təəssüflənirdilər. Siz də hamı kimi hər axşam Ali Baş Komandanın xalqa müraciətini düşüncələrinizə hopdururdunuz: "...Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz... Biz haqq yolundayıq, biz qalib gəlirik, biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!"
Sən onda əsgər adı alacağın günə yol gəlirdin. Səndən əvvəl xidmət etmiş əsgərlərin davamçısı kimi, tarixi Zəfər qazanmış qəhrəmanların davamçısı kimi, şəhidlərimizin döyüş yolunun davamçısı kimi. Bu gün azərbaycançılığın qazandığı Zəfərin hüdudlarında xidmət edirsiniz. Müharibə vaxtı yaralanmış torpaqların qaysaqladığını da görürsən, dağda-daşda güllə, qəlpə izlərini də.
Əks-hücum əməliyyatı kimi başlayan müharibəni əsgərlərimizin qələbə ilə başa çatdıracağını xalqımız da bilirdi. Sizin evinizdə də bu haqda söhbətlər olurdu. Bu söhbətləri uşaq marağı ilə dinləyirdiniz, yeniyetmə istəyi ilə qürurlanırdınız, cavan niyyəti ilə döyüşlərə can atırdınız. Düşmən döyüşlərdə ağır itkilərə məruz qalanda, döyüşçü qardaşların düşmənə ağır məğlubiyyətlər yaşadanda, Qələbənin döyüşçülərinə ruhən deyirdiniz ki, qoluna qüvvət, əsgər qardaşım! Siz düşmənin bütün hərbi qulluqçularını məhv edəcəksiniz, qələbənin əsgəri olacaqsınız!
Döyüşlər başlayanda bir qədər müqavimət göstərən düşmənin istehkamları dağıdıldı. Bu, onun məğlubiyyətinin başlanğıcıydı. Sonrakı döyüşlərlə geri çəkilməyə məcbur edilən düşmən neçə-neçə strateji əhəmiyyətli yüksəklikdən, kəndlərdən, qəsəbələrdən, şəhərlərdən uzaqlaşdırıldı. İşğaldan azad edilmiş torpaqlarımızda bayrağımız dalğalandı. Bunlar qələbə ruhunun kükrəyişiydi. Bunlar ordumuzu, xalqımızı, dövlətimizi Qələbəyə yaxınlaşdırırdı, sizi - hərbi xidmətə.
Müəlliminiz "Ordumuz əks-hücum əməliyyatını ədalətli müharibə kimi davam etdirir, bu müharibə Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək!" deyəndə nələr düşündüyünüzü hərbi xidmətin ilk günlərində əsgər yoldaşlarınıza danışmışdınız. Onda bilmişdiniz ki, həmin günlərdə - Vətən müharibəsində hamınız  eyni duyğuları yaşayırmışsınız. İndi eyni istəklərlə, Vətənə eyni sevgilərlə xidmət edirsiniz. Siz Vətənə Vətən boyda sevginizlə xidmət edirsiniz...
Vətən müharibəsi ordu-xalq münasibətlərini daha da mətinləşdirmişdi. Şagird olsanız da, bunu görürdünüz. Siz bu dərklə çağırışçı yaşına yaxınlaşırdınız. Döyüş bölgəsində siz yaşda uşaqlar da döyüşçülərlə görüşə can atırdılar, "Əlim döyüşçü əlinə dəysin, döyüşçüdən üç-dörd kəlmə eşidim, bəsimdi, elə bilərəm mən də döyüşlərdəyəm..." - deyirdilər. Siz yaşda uşaqlar döyüş bölgəsində döyüşə gedən maşınları uğurlayırdı, yollarda şanlı bayrağımız dalğalanırdı. Siz də eşidirdiniz ki, analar bütün döyüşçüləri öz oğlu bilirlər. Onda siz döyüşənlərin hamısına qardaş deyirdiniz. İndi hərbi xidmətdəsiniz. İndi məktəblilər sizə qardaş deyirlər. Qaliblərin davamçısısınız axı!..
Sizin səsinizi hamı eşidir, Azərbaycan əsgəri: Vətənə Vətən boyda bir sevgi ilə xidmət edirik. Xidmətimiz dövlətə, dövlətçiliyə, Hərbi Anda sədaqətimizdir.

"Azərbaycan Ordusu"