Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: "Aprel döyüşləri, - mən bunu əvvəllər də qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır".
1994-cü il yanvarın 5-dən 6-na keçən gecə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu uğurlu Horadiz əməliyyatını həyata keçirdi.
Bu əməliyyatın davamı olaraq 22 il sonra həyata keçirilən 2016-cı ilin Aprel döyüşləri 44 günlük Vətən müharibəsində qazanılmış qələbəmizin başlanğıcı, eyni zamanda, xalqımızın zəfər salnaməsinə yazılan şanlı tarixdir.
Ulu Öndərin ideyaları və qoyduğu siyasi-hərbi strategiya bu qələbənin əsasını təşkil edir. Dahi Lider öz çıxışlarında daim Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin vacibliyini qeyd edirdi: "Qarabağ münaqişəsi Azərbaycanın ən əsas problemidir və bu məsələ yalnız güclü ordu vasitəsilə həll edilə bilər". Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatlar Aprel döyüşlərində öz bəhrəsini verdi.
Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən icra olunan uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin məkrli niyyətinin qarşısı qətiyyətlə alındı. Ordumuz qısa müddət ərzində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Bundan başqa, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarəti altına keçdi.
Döyüşlərdə Ermənistan silahlı qüvvələri ağır itki verdi. Onların xeyli sayda canlı qüvvəsi, hərbi texnikası ordumuz tərəfindən məhv olundu. İllərdir Ermənistanın öz ordusu haqqında uydurduğu miflər ordumuzun bölmələri tərəfindən darmadağın edildi. Azərbaycan Ordusu döyüş meydanında gücü və qətiyyətini dünyaya nümayiş etdirdi. Ordumuz qarşısında tab gətirə bilməyən düşmən məğlubiyyətlə barışmalı oldu.
Azərbaycan Ordusu bu döyüşlərdən sonra da öz hərbi gücünü durmadan artırdı. Dövlətimizin başçısının bir qrup hərbçilərlə Aprel döyüşlərinin ildönümü ilə əlaqədar keçirdiyi görüşdə səsləndirdiyi "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir" fikirləri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyurdu.
2016-cı ilin Aprel döyüşləri 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsinə qədər olan dövrdə mühüm hərbi və siyasi dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatlarına cavab olaraq həyata keçirilən Dəmir Yumruq əməliyyatı tarixi qələbəmizlə nəticələndi. 30 ilə yaxın düşmən işğalında qalmış torpaqlarımız cəsur hərbçilərimizin şücaəti və igidliyi sayəsində azad edildi. Tarixi ata-baba torpaqlarımızda üçrəngli bayrağımız qaldırıldı. 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt zəfərində, 2020-ci ilin Tovuz döyüşlərində olduğu kimi, 2020-ci ilin 44 günlük Vətən müharibəsində də Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyib məğlub olan düşmən yeganə çıxış yolunu kapitulyasiya aktını imzalamaqda gördü.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan 2023-cü il sentyabrın 19-dək Ermənistan tərəfi nəinki həmin Bəyanatda müəyyən edilmiş öhdəlikləri yerinə yetirmir, hətta öz məkrli niyyətindən yenə də əl çəkmir, müxtəlif miqyaslı təxribatlar törətməyə davam edirdi.
Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin qalıqları tərəfindən ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə intensiv atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının çoxalması və gərginliyin artması Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatının görülməsini labüd edirdi.
Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı birləşmələrinin separatçılara xidmət edən qeyri-qanuni silahlı dəstələrin mövcudluğu regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi idi.
Həmin Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin qalıqlarının tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə antiterror əməliyyatına başlanıldı. Bir gündən də az vaxt ərzində həyata keçirilən bu əməliyyatda Ermənistan silahlı birləşmələrinin qalıqlarının ön xətt və dərinlikdə olan mövqeləri, uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.
Əməliyyat nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu. 2016-cı ildə Lələtəpədə, 2018-ci ildə Günnütdə dalğalanan üçrəngli Azərbaycan bayrağı bu gün ölkəmizin bütün ərazilərində fəxarətlə dalğalanır. Döyüş meydanında hər zaman qələbələr qazanaraq xalqımızın güvənc yeri olan ordumuz bu gün işğaldan azad edilmiş ərazilərimizdə Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmaqla bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələr verir.
Əminliklə deyə bilərik ki, dövlətimizin qüdrətinin nümunəsi, ərazi bütövlüyü və suverenliyimizin təminatçısı olan rəşadətli Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbə Böyük Zəfərin başlanğıcı oldu...
"Azərbaycan Ordusu"