Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Mart 2025 14:33

Novruz bayramınız mübarək olsun, əziz xalqımız!

Əsrlərlə yaşadılan adət-ənənələr xalqın mədəniyyətinin tərkib hissələrindən biridir. Xalqımızın ən qədim bayramlarından olan Novruz baharın gəlişini, təbiətin oyanmasını və yeni ilin başlanğıcını bildirir. Novruz bayramının tarixi, onun qeyd olunma ənənələri və xalqımız üçün əhəmiyyəti dərin köklərə malikdir. Novruz hər zaman xalqımız üçün birlik, əzmkarlıq və yenilməzlik rəmzi olub. Tarix boyu çətinliklərə sinə gərən xalqımız bu bayramı həmişə  inam hissi ilə qeyd edib. Artıq 5 ildir ki, xalqımız Novruz bayramı işğaldan azad olunmuş, üçrəngli bayrağımızın dalğalandığı tarixi torpaqlarımızda Böyük Qələbə hissi ilə qeyd edilir. Əməkdaşlarımız hərbi qulluqçularımızla görüşərək onların Novruz bayramı ilə əlaqədar təəssüratlarını öyrəniblər. Onların təəssüratlarını oxucularımıza təqdim edirik.

"Azərbaycan Ordusu"


Əsgər Əliağa Aslanov:
- Xalqımız əsrlər boyu Novruzu qoruyub saxlamış, hətta çətin tarixi dövrlərdə belə onun ənənələrinə sadiq qalmışdır. Müstəqillik qazandıqdan sonra Novruz ölkəmizdə dövlət səviyyəsində böyük təntənə ilə keçirilən milli bayrama çevrilib.
İllərdir həsrətində olduğumuz doğma Vətənimizin azad edilmiş torpaqlarında xidmət etmək və bu bayramı burada qeyd etmək qürurvericidir.
Mən bu gün işğaldan azad edilmiş ərazilərimizdə xidmət edirəm. Orta məktəbdə aşağı sinifdə oxuyanda hələ İkinci Qarabağ müharibəsi olmamışdı. Ancaq arzu edirdim ki, erməni işğalı tezliklə sona yetsin, elindən, obasından didərgin düşmüş soydaşlarımız doğma yurdlarına qayıtsınlar. Arzularım çin oldu. Azad edilmiş ərazilərimizə artıq həyat yenidən qayıdır. Uzun müddət elindən, obasından ayrı düşmüş soydaşlarımızın doğma evlərinə qayıtdıqlarını, onların orada yeni həyata başladıqlarını görüncə ürəyim dağa dönür. Güclü, qüdrətli ordumuzun əsgəri olmaqdan necə qürur duymayım? Axı atalarımız, qardaşlarımız bu torpağın hər qarışı uğrunda döyüşüb, qanlarından, canlarından keçiblər. Onların qəhrəmanlıqları sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Artıq 5 ildir ki, xalqımız bayramlarını hər yerdə olduğu kimi, azad edilmiş ərazilərimizdə də təntənə ilə qeyd edir. Novruzun ruhu birlik və həmrəylikdir. O, bizi bir-birimizə daha da yaxınlaşdırır, mehribanlıq və xeyirxahlıq hisslərimizi gücləndirir. Novruz bayramı münasibətilə bütün xalqımı, millətimi təbrik edir, hər evə Novruz işığı, bahar təravəti, bol ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!

Əsgər Sabir İmanzadə:
- Əziz valideynlərim, doğmalarım və Azərbaycan xalqı. Sizi xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu bayram min illərdir ki, xalqımızın ən gözəl adət-ənənələri ilə yaşadılır, birlik və bərabərlik rəmzinə çevrilir. Qoy, tonqalların alovu bütün çətinlikləri yandırıb külə döndərsin, sular təravət və təmizlik gətirsin, yurdumuzda bolluq, bərəkət və xoşbəxtlik hökm sürsün. Qoy, bu Novruz xalqımıza yeni uğurlar, ölkəmizə isə daha da möhkəmlənən birlik və tərəqqi gətirsin!
Hazırda Vətənin keşiyində dayanan bir əsgər olaraq, bu əziz gündə hər birimizə sülh, əmin-amanlıq, bol ruzi-bərəkət və sevinc dolu günlər arzulayıram. Novruzun gətirdiyi yenilik və bahar ruhu hər bir evə sevinc, hər bir ailəyə firavanlıq, hər bir ürəyə sevgi və ümid bəxş etsin!
Bu bayram günlərində biz əsgərlər Vətənimizin müdafiəsi uğrunda ayıq-sayıq dayanır, müqəddəs torpaqlarımızın keşiyini çəkirik. Ən böyük arzumuz xalqımızın daim müstəqil və firavan yaşamasıdır. Bayramınız mübarək!

Əsgər Zakir Hüseynov:
- Fəxr edirəm ki, mən qalib Azərbaycan Ordusunun əsgəriyəm. İşğaldan azad olunmuş ərazilərimizdə yerləşən bölmələrimizdə xidmət edir, doğma Vətənimizin keşiyində əzmlə dayanaraq, torpaqlarımızın azadlığının qürurunu yaşayırıq. 30 ilə yaxın düşmən işğalında qalmış əzəli, tarixi torpaqlarımız rəşadətli Azərbaycan Ordusunun cəsur, fədakar hərbi qulluqçularının, şəhidlərimizin sayəsində azad olundu. Xalqımız haqlı olduğu savaşda Zəfər qazandı. İndi işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri çox sürətlə aparılır. Erməni vandalları tərəfindən dağıdılmış tarixi abidələrimiz bərpa olunur, öz əvvəlki vəziyyətinə qaytarılır. Üçrəngli bayrağımızın dalğalandığı azad olunmuş ərazilərimizdə təzə yollar çəkilir, yaşıllıqlar salınır, viran qalmış yerlərimizə yenidən həyat qayıdır. Torpaq həsrəti çəkən soydaşlarımız ata-baba yurdlarına dönürlər. İllərlə  arzulayırdıq ki, torpaqlarımız işğaldan azad olunsun və orada Novruz tonqalları alovlansın. Şükür olsun, 5 ildir ki, azad olunmuş ərazilərimizdə Novruz tonqalları ətrafında xalqımızın oğul və qızları toplanaraq əziz bayramını təntənə ilə qeyd edirlər. Arzu edirəm ki, üçrəngli bayrağımız daima ucalarda dalğalansın. Bayramımız mübarək, qəhrəman Azərbaycan xalqı!

Əsgər Əmrah Əmirahov:
- Milli-mənəvi dəyərləri özündə birləşdirən Novruz bayramı xalqımız üçün ruzili-bərəkətli olsun. Tarixi qədim olan Novruz bayramı saflığı, birliyi ilə seçilib. Xalqımıza hər zaman bir olmağı arzu edirəm. Biz bu birliyi 44 günlük Qarabağ savaşında da gördük və elə bu birliklə də torpaqlarımızın ərazi bütövlüyünü və suverenliyini bərpa edə bildik, tarixi qələbə qazandıq. Arzu edirəm ki, hər zaman yurd-yerlərimizdə bayram şamları, bayram tonqalları yandıraq, bütövlükdə hər kəs öz dədə-baba yurdunda firavan yaşasın.
Vətənə layiqli xidmət etmək hər kəsin borcudur. Biz əsgərlər də çalışırıq ki, bu borcu layiqincə yerinə yetirə bilək. Azərbaycan Ordusu ana Vətənimizin keşiyində dayanaraq öz müqəddəs missiyasını uğurla yerinə yetirir. Xoşbəxtik ki, bu gün üçrəngli bayrağımız dədə-baba yurdlarımızda, işğaldan azad olunmuş torpaqlarımızda dalğalanır.
Novruz bayramı hər birinizin evinə sevinc, süfrələrinizə bolluq gətirsin. Bayramınız mübarək olsun!

Əsgər Elgün Qocayev:
- Bu gün Azərbaycan Ordusunda xidmət edən bir əsgər kimi hər kəsi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz qədimdən xalqımızın birlik və həmrəylik rəmzi olmuşdur. Bu bayram təbiətin yenidən oyanması, baharın gəlişi və yeni ümidlərin başlanğıcıdır.Uşaqlıqdan Novruzu böyük sevinclə qarşılayırdıq. Səməni yetişdirmək, tonqaldan tullanmaq, yumurta döyüşdürmək, Novruz xonçalarını bəzəmək - bütün bunlar bizim dəyərli adət-ənənələrimizdir. Hər il bu bayramda evlərimizə sevinc dolur, insanlar bir-birini təbrik edir, küsülülər barışır, böyüklərimizə ehtiram göstərilir.Bu gün mən Vətənimin keşiyində dayanaraq, Novruzu doğmalarımın yanında deyil, silahdaşlarımla birgə qeyd edirəm. Ancaq bu, mənim üçün böyük qürurdur. Çünki biz Azərbaycan Ordusunun bir parçası olaraq Vətənimizin ərazi bütövlüyünü və suverenliyini qoruyuruq.Bu bayram günündə Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik arzulayıram. Qoy, Novruz ocağı hər evə sevinc, bərəkət və xoş günlər gətirsin. Ailəmə və bütün yaxınlarıma salamlarımı göndərir, onlara möhkəm cansağlığı və xoşbəxt günlər arzulayıram. Novruz bayramınız mübarək!

Əsgər Elnur Hüseynov:
- Uşaqlığımızdan bəri hər il Novruz bayramını böyük sevinc hissi ilə gözləyərdik. Çərşənbə axşamlarında xonça tutar, papaq atar, tonqal qalayardıq. Ağırlığım, uğurluğum odlara deyib, gələcəyə daha şad, xürrəm çıxmağı arzu edərdik. Təbiətin oyanışı, baharın gəlişi insanlarda ruh yüksəlişinə səbəb olur. Əvvəlki illərdə biz həmişə tonqal qalayanda böyüklərimizdən bir dua eşidərdik: "O gün olsun, bu bayram tonqalları Qarabağda qalansın". Bu gün bu niyyətlər öz əskini tapıb, illərin həsrətinə son qoyulub. İndi ancaq bir duamız var ki, bərpa-quruculuq işləri işğaldan azad olunmuş torpaqlarımızda başa çatsın və hər kəs öz tonqalını ata-baba yurdunda yandıra bilsin. Xidmət etdiyim bölmənin şəxsi heyəti adından, şəxsən öz adımdan Azərbaycan Ordusunda xidmət edən hər bir hərbi qulluqçumuzu, o cümlədən xalqımızı bu əziz bayram münasibətilə təbrik edir, hamıya cansağlığı, uzun ömür arzulayıram.

Əsgər Tacir Məmmədov:
- Novruz bayramı əsrlər boyu Azərbaycan xalqının milli kimliyini, mədəni dəyərlərini və birliyini özündə əks etdirən ən qədim və ən əziz bayramlardan biridir. Artıq Azərbaycan xalqı 5 ildir ki, Novruz bayramını təkcə təbiətin oyanışı kimi deyil, həm də Böyük Qələbənin ruhu ilə qeyd edir. Biz bu bayramı qalib xalq, qalib dövlət, qalib ordunun əsgərləri olaraq qarşılayırıq.
Bu gün biz - Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətənimizin keşiyində dayanaraq, xalqımızın firavanlığı, dövlətimizin təhlükəsizliyi üçün xidmət edirik. Hər bir azərbaycanlının Novruz tonqalı ətrafında rahatlıqla bayram sevincini yaşaması üçün daim ayıq-sayıq xidmət aparırıq. Hər zaman olduğu kimi, bu gün də qalib ordunun əsgərləri olaraq şanlı zəfər yolumuzu davam etdiririk. Ölkəmizin ərazi bütövlüyünü və suverenliyini qorumaq ən ali borcumuzdur.